İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
Digər xəbərlər

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Azərbaycanla İtaliya arasında əlaqələr yüz ildən artıq tarixi köklərə malikdir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında iqtisadi-siyasi əlaqələr daha da inkişaf etmişdir. Azərbaycanın istər ticarət dövriyyəsində, istərsə də ixrac əməliyyatlarında İtaliyanın özünəməxsus rolu var. İki ölkə arasındakı münasibətlərin son dövrdə strateji tərəfdaşlıq və dostluq səviyyəsinə qədər yüksəlməsi isə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Çünki Azərbaycan və İtaliya əlaqələrinin yüksək tərəfdaşlıq mərhələsinə keçməsi üçün münbit şəraitin formalaşması istiqamətində davamlı fəaliyyət lazım idi. Bu baxımdan hər iki ölkənin ümumi maraqlar çərçivəsində əməkdaşlığının inkişaf etdirilməsi üçün uğurlu diplomatik əlaqələrin inkişafına səy göstərilməlidir. İtaliya ilə qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çoxdur ki, bu da İtaliyanı ölkəmizin əsas ticarət tərəfdaşlarından birinə çevirir. İtaliyanı ölkəmizin iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində sərmayə yatırması uğurlu investisiya əməkdaşlığına nümunədir. Ölkələrimiz arasında iqtisadi əlaqələr daha çox neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulmuşdur. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. Sözügedən şirkətlər ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 milyard dollarlıq 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 milyon ABŞ dolları olan 37 layihədə podratçı kimi çıxış edirlər. Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı söylədiyi nitq ölkələrin etibarlı ticarət tərəfdaşlığını əks etdirir: “Azərbaycan İtaliya üçün bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir və bu müddət ərzində heç bir problem, heç bir forsmajor hadisəsi olmamışdır. Yəni Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib”.

 İtaliyanın Avropa İttifaqının, NATO-nun üzv dövləti, eyni zamanda Fransa, Avstriya, İsveçrə və Sloveniya kimi dövlətlərlə qonşu olması ölkəmizdə bir çox sahələrə öz müsbət təsirini göstərmişdir. Bütün bunlar isə Azərbaycanın yaxın gələcəkdə maraqlarının təminatına dəstək mexanizmi kimi qiymətləndirilə bilər. İtaliya da Azərbaycanla strateji tərəfdaşlığını sübut etmək üçün müvafiq addımlar atıb. Vətən müharibəsi dövründə İtaliyanın Azərbaycanla həmrəylik nümayiş etdirməsi bunun göstəricisidir. Həmçinin İtaliya mediası Azərbaycanla bağlı məsələlərdə obyektiv yanaşması ilə digər dövlətlərin mediasından seçilir. İtaliyada 2020-ci ilin “Azərbaycan ili” elan olunması da ölkənin Azərbaycana və Prezident İlham Əliyevə qarşı xüsusi etimadının təzahürüdür. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin uğurlu şəkildə həyata keçirilməsi üçün bir sıra italyan şirkətləri də Azərbaycana dəvət olunmuşdur. Ölkə başçımızın bu işlərə ancaq dost ölkələri cəlb etdiyini vurğulaması və İtaliyanın da onlar arasında olması uğurlu əməkdaşlığın bariz nümunəsidir. İtaliyanın Cənubi Qafqaz ölkələri arasında ən iri ticarət tərəfdaşı məhz Azərbaycandır. Danılmaz faktdır ki, iki ölkə arasındakı əlaqələrin inkişafına dövlət başçımızının 2022-ci il sentyabrın 1-də İtaliyaya baş tutan işgüzar səfəri də mühüm töhfə vermişdir. Bu baxımdan, İtaliya ilə iqtisadi əlaqələrin bünövrəsinin möhkəm qoyulması hər iki dövlətin ümummilli maraqları çərçivəsində davamlı tərəfdaşlıq üçün geniş imkanlara yol açmışdır. Xatırladaq ki, bu il fevral ayının 17-də Azərbaycan-İtaliya Sənaye və Ticarət Palatasının yaradılması, eləcə də Azərbaycan-İtaliya biznes forumunun keçirilməsi imkanlarının müzakirəsi də bu mövzuda xüsusi əhəmiyyət kəsb edir.

Nəzrin ELDARQIZI,

“Respublika”.