Hayların təxribat maşını yenidən işə düşüb
Siyasət

Hayların təxribat maşını yenidən işə düşüb

Fevralın 12-də Ermənistan ordusu tərəfindən törədilən təxribat "müəmma" olaraq qalır. Rəsmi İrəvan hadisənin araşdırıldığını bildirsə də, Qərb həqiqətlərin ortaya çıxmasına mane olmağa çalışır. Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdiyi Nerkin-And yaşayış məntəqəsi istiqamətində baş verən hadisə missionerlərin fəaliyyəti haqqında ciddi şübhələr yaradır. Üstəlik bəzi erməni KİV-ləri provokasiyanın "Yerkrapa" Könüllülər Birliyinin üzvləri tərəfindən törədildiyini iddia edən məlumatlar dərc edib. Sözügedən təşkilat 1993-cü ildə yaradılan və Birinci Qarabağ müharibəsində iştirak etmiş könüllü erməni hərbçiləri birləşdirən terror qurumudur. "Yerkrapa" Ermənistanda qeyri-hökumət təşkilatı hesab olunur. Əgər fakt öz təsdiqini taparsa, bu, Azərbaycanın bölgədə apardığı antiterror tədbirlərinə bir daha haqq qazandıracaq.

Nerkin-And yaşayış məntəqəsi istiqamətindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz Pərviz Xəlilzadənin yaralanması əks-cavab tədbirlərini zəruri etdi və nəticədə həmin istiqamətdə olan post tamamilə dağıdıldı, şəxsi heyət arasında ciddi itkilər oldu. Hadisə ilə bağlı ilkin açıqlama verən Ermənistan Xarici İşlər Nazirliyi baş verənləri təxribat adlandırdı. Təbii ki, bu, gözdən pərdə asmaq üçün atılmış primitiv addım idi. Çünki beynəlxalq missiyanın yerləşdiyi ərazidə bu qədər məsuliyyətsizliyin olması qeyri-mümkün görünür. Bəli, baş verənlər planlı təxribatdır. İrəvan Qərbə arxalanıb öz terrorçubaşılarını provokasiyaya hazırlayır. "Yerkrapa" heç də "ASALA"dan geri qalmayan terrorçu birləşmələrdən biridir. Ermənistan da məhz bu təşkilatın əli ilə öz revanşizm hisslərini bəlli etdi desək, yanılmarıq. Ermənistanda keçmiş müdafiə naziri Vazgen Sarkisyanın şəxsi nüfuzu hesabına siyasi güc qazanan bu qruplaşma həm də hazırda ölkə daxilində yerləşən ən böyük terrorçu dəstə hesab olunur. Belə ki, Ermənistanda ciddi nüfuz qazanan "Yerkrapa"ya qoşulan könüllülərin sayı Birinci Qarabağ müharibəsindən sonra 30 minə çatmışdı. 1999-cu ildə qruplaşmaya azərbaycanlılara qarşı qəddarlığı ilə tanınan Manvel Qriqoryan rəhbərlik edib. Təşkilat Ermənistan ordusunun ehtiyat hissəsi rolunu daşıyır. "Yerkrapa" 2016-cı ilin Aprel döyüşləri, eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı könüllü göndərmişdi. Bu təşkilat nə ordu komandanlığına, nə də hökumətə tabe deyil. Əmrləri isə "Qarabağ klanı"nın rəhbərliyi verir.

Ermənisitan tərəfi bu terrorçu qruplaşmanı tərk-silah etməsə, sərhəddə təxribatlar səngiməyəcək və bu, Ermənistana baha başa gələcək. Çünki hər yeni təxribat cavab tədbirlərini zəruri edir. Qərb həqiqətən bölgədə dialoq yolu ilə sülhü dəstəkləyirsə, terrorçu elementinin təmizlənməsinə öz töhfəsini verməlidir. Əgər bunu da bacarmırsa, o zaman kənarda durmalıdır. Azərbaycan ən pis ehtimalda bu ünsürləri bölgədən təmizləmək üçün növbəti əməliyyata start verə bilər. Görünür, İrəvan öz sərhədini boz zonaya çevirməyə razıdır. Bölgəyə yeni simaların dəvət edilməsi də onu göstərir ki, haylar öz torpaqlarını eksponata çevirmək istəyir. Qərbdən mədət uman Ermənistan isə ötən gün daha bir təxribata əl atıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xəbər verir ki, Ermənistan silahlı qüvvələri fevralın 14-ü saat 12:25-də Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstibulaq yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində pilotsuz uçuş aparatı geri qayıtmağa məcbur edilib, təxribatın qarşısı alınıb. Son 4-5 ay ərzində sakitliyin hökm sürdüyü sərhəddə 2 gündür başladılan təxribat kampaniyası regionda sülh üçün bütün ümidləri azaldır. İrəvan maliyyələşdirdiyi terror təşkilatları, uçuş aparatları və digər provokativ vasitələrlə bir daha sübut edir ki, son sülh çağırışları sadəcə maskalanma idi. Bu baxımdan, Cənubi Qafqazda Qərbin əmrlərinə itaət edən Ermənistan öz ərazilərindən bütün terrorçu ünsürləri çıxarmalı, təxribatçı əməllərdən çəkinməlidir. Əks halda, öz təhlükəsizliyi üçün növbəti əks-hücum əməliyyatları keçirmək Azərbaycanın legitim hüququdur.

Tacir SADIQOV,

"Respublika".