Fransanın anti-Azərbaycan bəyanatları nonsensdir
Digər xəbərlər

Fransanın anti-Azərbaycan bəyanatları nonsensdir

Fransanın Cənubi Qafqaz siyasətində, ələlxüsus da Qarabağ məsələsində beynəlxalq hüquqa qarşı addımlar atması heç də təəccüb doğurmur. Çünki bu ölkənin hər zaman separatizmi və işğalı dəstəkləməsi qədim köklərə dayanan bir ənənədir. İmperializmi xarici siyasət kursunda ön planda tutan fransızların Afrika qitəsində törətdiyi qanlı faciələrin izləri hələ də silinməyib. Necə ki, XX əsrin əvvəllərindən başlayaraq ermənilər azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktları həyata keçirmişdisə, Fransa da eynilə həmin hadisələri Əlcəzairdə, Ruanda da törədib. Ona görə də bu gün Ermənistan-Fransa cütlüyünün adının qoşa çəkilməsi qeyri-adi görünmür. Hər iki dövlət antiislam, antitürk cərəyanlarının baş rol ifaçılarıdır.

Birinci Qarabağ müharibəsindən etibarən Azərbaycana qarşı selektiv yanaşma sərgiləyən Fransa hökuməti, ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olduğu dövrlərdə də hər zaman ermənipərəst mövqeyi ilə diqqət mərkəzində olub. Qarabağ məsələsində 30 il iştirak edən Fransa bu illər ərzində işğalı aradan qaldırmaq üçün yox, Azərbaycanı bu işğalla barışdırmaqdan ötrü çalışıb. Lakin 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində ölkəmiz ərazi bütövlüyünü bərpa edə bildi. Vətən müharibəsi gedişində Azərbaycana təzyiq göstərməyə çalışan Fransa hökuməti, hər vəchlə Ermənistanın məğlub olmasına qarşı əlindən gələni etsə də, bunun heç bir faydası olmadı. Həmin ərəfələrdə, Paris rəsmilərinin edə biləcəyi tək bir şey kağız parçalarından ibarət qətnamələr qəbul etməsi oldu. Halbuki Fransa senatında qəbul edilmiş qətnamələr heç bir mahiyyət kəsb etmirdi və bunun hüquqi bazası da yox idi. Fransanın bu tipli anti-Azərbaycan bəyanatları nonsens, yəni cəfəngiyyatdır. Bununla belə, separatçı rejimi dəstəkləməklə özünü dünyada rüsvay edən parlamentarilər keçmiş Dağlıq Qarabağı dövlət kimi tanıdıqlarını bəyan etdilər.

Bu günlərdə Fransa parlamenti yenidən Azərbaycana qarşı təxribatçı addım atıb. 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsi hökumətə müraciət edərək "Dağlıq Qarabağa dəstək" verilməsini tələb ediblər. Onlar bildiriblər ki, guya Azərbaycan dövləti ermənilərə qarşı "etnik təmizləmə" aparır. Bununla yanaşı, parlament nümayəndələri prezident Makronu rəsmi Bakıya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Fransız rəsmilərinin Azərbaycanı belə məsələlərdə ittiham etməsi sadəcə həyasızlıq, ikiüzlülükdür. Yəni nə qədər arsız olmaq lazımdır ki, Cənubi Qafqazda ermənilərin "etnik təmizləməyə" məruz qaldığını söyləyə biləsən. Təəssüflər olsun ki, Azərbaycanın 30 il ərazində 1 milyondan artıq məcburi köçkün və qaçqın axını ilə mübarizə aparmasını görməyən və yaxud da görüb buna reaksiya verməyən bir ölkənin indi belə bir bəyanatla çıxış etməsi həqiqətən də riyakarlığın pik nöqtəsidir. Və ən əsası da odur ki, bu cür saxta iddialarla çıxış edən bir dövlət dünyanın ən nüfuzlu təşkilatının - BMT TŞ-nin beş daimi üzvündən biridir. Dünyada gedən proseslərdə bilavasitə Fransanın da barmağının olduğunu düşünəndə niyə bu gün bəşəriyyətimizin qan çanağına döndüyü, hələ də imperializmlə baş-başa qaldığı aydın olur. Prezident İlham Əliyev iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə çıxış edən zaman bu məsələyə də diqqət çəkmişdir: "Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır". Dövlət başçısı onu da bildirmişdi ki, Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir.

Lakin görünür Fransa dövləti hələ də Prezident İlham Əliyevin bu çağırışından dərs çıxara bilməyib. Qarabağa qarşı sərgilədiyi destruktiv yanaşma da bundan xəbər verir.

Digər bir məsələ isə Fransanın da daxil olduğu kollektiv Qərbin Azərbaycanın daxilində cərəyan edən separatizmə qarşı kəskin mövqedə durmamasıdır. Bizim region da daxil olmaqla dünyanın bir çox ölkələrində belə meyillər var. Lakin dünya birliyi, xüsusilə də Avropa və Qərb buna qarşı çıxdığı halda, 30 ildə Azərbaycanın daxilinə kök salmış qondarma rejimə qarşı əsaslı bəyanatlarla çıxış etmir. Bu da Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarına və regiondakı təhlükəsizliyə ciddi təhdidlər törədir. İyulun 22-də Şuşada "Euronews" televiziyasına müsahibə verən Prezident İlham Əliyev bildirib ki, separatizmlə mübarizə legitim yanaşmadır və bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Həmçinin onu da vurğulayıb ki, bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur: "İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionlarına qarşı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual altına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik…".

Beləliklə, dövlət başçısının sözlərindən də bir daha aydın olur ki, beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələri heç də birmənalı olaraq terror təxribatlarına qarşı mübarizə aparmırlar. Bu nə qədər ədalətsiz olsa da, bir tərəfdən təəccüb də doğurmur. Çünki nə qədər ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacaq, öz daxili işləri ilə deyil, qlobal proseslərə müdaxilə edəcək, o zamana qədər də dünyada ədalətsizlik hökm sürəcək.

M.BAĞIRLI,

"Respublika".