Ermənistanın sərhəddə ekoloji terroruna qarşı QHT-lərin mübarizəsi davam edir
Digər xəbərlər

Ermənistanın sərhəddə ekoloji terroruna qarşı QHT-lərin mübarizəsi davam edir

30 illik işğal dövrünün ağır nəticələri zaman keçdikcə öz təsirini göstərir. Belə ki, düşmən həmin müddətdə təkcə torpaqlarımızı işğal etmədi, həm də bütün yerüstü, yeraltı sərvətlərimiz talan olundu, böyük bir bölgənin infrastrukturu tamamilə məhv edildi. Torpaqlarımızın azadlığından sonra Qarabağ ərazisinin yenidən qurulması istiqamətində irimiqyaslı layihələrə başlanıldı. Bütün sahələr üzrə işlər uğurla və keyfiyyətlə həyata keçirilir.

Dövlət üzərinə düşən bütün öhdəlikləri öz daxili gücü və potensialı hesabına layiqincə yerinə yetirir. Düşmənin vandal, vəhşi əməllərinə məruz qalmış şəhərlər, kəndlər yenidən qurulur. Lakin böyük qələbəmizdən 3 ilə yaxın bir müddət keçsə də, erməni psixologiyası, xainliyi yenə də öz işini görür. Ermənistan hər fürsətdə Azərbaycana qarşı ziyan verəcək əməlini həyata keçirməyə çalışır.

Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində daha bir ekoloji terror törətməyə çalışır. Qərbi Azərbaycan ərazisinin Naxçıvanla sərhəddə olan Arazdəyən ərazisində iri metallurgiya zavodu inşa edir. Bu isə bütün regionun, xüsusilə də Naxçıvanın ekoloji durumuna böyük təhlükədir. Ümumi götürdükdə isə Ermənistanın dağ-mədən sənayesi təkcə Azərbaycan üçün yox, həm də bütün Cənubi Qafqaz üçün ekoloji terrordur. 

Ermənistan sözügedən zavodu inşa etməklə beynəlxalq konvensiyaları kobud şəkildə bilərəkdən pozur. Bilərəkdən ona görə deyirik ki, bu üzdəniraq dövlət hər vəchlə Azərbaycana ziyan verməyə çalışır. Azərbaycan dövlətinin razılığı olmadan belə bir zavodun tikilməsi 1991-ci ildə qəbul olunmuş Espo Konvensiyasına ziddir. Həm Azərbaycan, həm də Ermənistan bu Konvensiyanı imzalamışdır. Ermənistan isə BMT-nin Espo Konvensiyasının tələblərini ciddi şəkildə pozaraq qonşu ölkənin razılığı olmadan belə bir addım atmışdır. Bununla qonşu dövlət təkcə Espo Konvensiyasının şərtlərini deyil, həm də Transsərhəd Çaylar Konvensiyasının tələblərini də kobud şəkildə pozmuşdur. Bundan öncə də qonşu dövlətin Qacarandakı Zəngəzur mis-molibden kombinatının, Qafanda yerləşən dağ-mədən kombinatının xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçay və Araz çayını çirkləndirmişdir. Əkərək mis-molibden kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayına axıdılır. Həmçinin, Göyçədə təxminən ildə 10 min unsiya qızıl hasil edən Daşdəm Qızıl Mədəni də çay sularını fasiləsiz olaraq çirkləndirir. Mədənin çirkab suları ərazidəki çayları, o cümlədən əsas içməli su mənbəyi olan Bərgüşad çayını zəhərləyir. Bərgüşad çayının suları isə Araz çayına tökülür.

Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşası ilə əlaqədar iyunun 8-də Bakıda ekoloji yönümlü QHT-lər yeni ekoloji fəlakətə yol açacaq bu layihə əleyhinə birgə bəyanat yayıblar. Bəyanatda deyilir: "Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 metr, sahəsi 16500 kvadratmetr olacaq. Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərər vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır".

Onu da qeyd edək ki, Ermənistanın Arazdəyəndə zavod tikməsinə etiraz edən QHT-lərin sayı durmadan artır. Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranmış ekoloji fəsadlar təkcə Azərbaycan QHT-lərini narahat etmir. İmzalanan sənədə daha 35 xarici  QHT qoşulub.  Artıq Ermənistan tərəfindən ətraf mühitə vurulan zərərə qarşı QHT-lərin beynəlxalq koalisiyası formalaşıb.

Ramidə YAQUBQIZI,

"Respublika ".