Erməni katolikosluğu dinlərarası münaqişə yaratmağa cəhd edir
Digər xəbərlər

Erməni katolikosluğu dinlərarası münaqişə yaratmağa cəhd edir

Erməni xalqının özü-özünü düçar etdiyi bədbəxtliklərinin başında kilsənin dayandığı yeni məsələ deyil. Tarix boyu erməni din xadimləri müharibə çağırışları edib, terrorçularına "xeyir-dua" veriblər. Eçmiədzindən başlamış, Qarabağdakı erməni kilsələrinədək, katolikosların mövcud olduğu yerlərdə hər zaman türkün qanını tökməyə, canını almağa çağırış olub. Azərbaycanın sülhpərvər din xadimlərindən, inanclı insanlarından fərqli olaraq, katolikoslar hər zaman cəmiyyəti terrora səsləyiblər. İkinci Qarabağ müharibəsində əli silahlı katolikoslar bunun əyani sübutudur.

XX əsrin 80-ci illərinin sonlarında başlayan Qarabağ münaqişəsinin qızışdığı bir dövrdə erməni katolikosluğunun müharibədən çəkindirmə əvəzinə daha çox qızışdırıcı və təhrikedici açıqlamalarının şahidi olmuşuq. Bu tarixi bir sənəd kimi, həm bizim, həm də dünyanın müxtəlif ölkələrinin arxivlərində saxlanılmaqdadır. Erməni din xadimlərinin tutduqları mövqe daha çox müharibəyə təhriketmə, qanlı savaşlara çağırış kimi də xarakterizə edilə bilər.

Dünyada barışı, xoş münasibətləri təbliğ etməli olan bu şəxslərin daha çox müharibəyə, əllərində silah qan tökməyə və döyüş əməliyyatlarına girişmə cəhdlərini həm Birinci, həm də İkinci Qarabağ müharibələrində görmüşük. Dəfələrlə erməni katolikoslarının açıq müharibəyə çağırış bəyanatlarının şahidi olmuşuq. Bu proses lokal xarakterli tədbirlər zamanı da baş verdi. Ermənistandan fərqli olaraq isə ölkəmizin dini icması daima barışa, əmin-amanlığa, sülhə çağırışlar edib. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və digər dini qurumlar bölgədə baş verən münaqişələr ilə əlaqədar olaraq mütəmadi şəkildə erməni katolikosluğunun dini icmalarına sülhlə bağlı çağırışlar ünvanlayıblar ki, bu, əslində çox önəmli sülhpərvər addımdır. Ermənistanın təxribatçı reaksiyaları dinlərarası münaqişənin artırılması, münaqişənin dinlərarası müharibə kimi qələmə verilməsi məqsədi daşıyır. Amma Azərbaycan bu cür təxribatların qarşısını almağın yollarını bilir. Bu baxımdan, düşünürəm ki, atılan addımların hər birinin arxasında məqsədli və planlı fəaliyyət dayanır.

Samir HÜMBƏTOV,

politoloq.