Enerji təhlükəsizliyini balanslaşdırmağa yönəlmiş əhəmiyyətli addımlar
İQTİSADİYYAT

Enerji təhlükəsizliyini balanslaşdırmağa yönəlmiş əhəmiyyətli addımlar

Böyük neft və qaz ehtiyatlarına malik olan Azərbaycan enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi sahəsində ölkələr arasında əməkdaşlıq əlaqələrini daha da genişləndirir. Azərbaycanın enerji strategiyasının tərkib hissəsi olan Cənub Qaz Dəhlizinin bu gün 3500 kilometrlik məsafəni qət etməsi tərəfdaş ölkələr arasında möhkəm təməllər əsasında qurulmuş əməkdaşlığın bariz nümunəsidir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi aparıcı beynəlxalq maliyyə institutlarının və Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanın iştirakı ilə Cənub Qaz Dəhlizinin uğurla tamamlanması beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olan ölkəmizin artan gücünün, potensialının göstəricisidir.

İkitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrini inkişaf etdirərək bir çox ölkələr üçün etibarlı tərəfdaş olan, uzun illər xam neftini dünya bazarlarına çıxaran Azərbaycan bu gün həm də təbii qaz ixrac edən ölkəyə çevrilib. Ötən il sentyabr ayının 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstana səfəri çərçivəsində mətbuata bəyanatla çıxış edərək ölkəmizin Avropa qitəsinin enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd etmiş və böyük tarixi əhəmiyyətə malik olan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcəyini vurğulamışdır. Ölkə başçımız bu barədə demişdir: "Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Bu Memoranduma əsasən, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Əlbəttə ki, bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir".

Yalnız neft, qaz deyil, eyni zamanda elektrik enerjisinin ixracında da böyük potensiala sahib olan ölkəmiz bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında əhəmiyyətli addımlar atır. İşğaldan azad olunmuş ərazilərdə külək və günəş enerjisi potensialının 9200 meqavat, Xəzər dənizində külək enerjisinin potensialının isə 157 qiqavat olması ölkəmizdə bərpaolunan enerji hesabına qaz ixracının artırılmasına, Azərbaycanın Avropanı qazla təmin etməsinə əlverişli imkanlar yaradır. 2022-ci il iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen arasında imzalanan "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" ölkəmizin Avropanın enerji təchizatındakı rolunu yeni mərhələyə yüksəltmişdir. Belə ki, enerji təhlükəsizliyi sahəsində Azərbaycan ilə Avropa İttifaqı arasında etibarlı əməkdaşlıq nəticəsində neft, qaz, bərpaolunan enerji mənbələri, hidrogeni, enerji səmərəliliyi və digər məsələləri əhatə edən enerji dialoqu həyata keçirilir. Avropa İttifaqının Azərbaycanın zəngin enerji resurslarına malik olmasını yüksək dəyərləndirdiyini və ölkəmizi mühüm enerji tərəfdaşı olaraq qəbul etdiyini bildirən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen demişdir: "Biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq...".

Ötən il dekabr ayının 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması müstəqil daxili və xarici siyasət yürüdən, təbii resursları hesabına iqtisadiyyatı dinamik surətdə inkişaf edən ölkəmizin yaxın gələcəkdə Avropa qitəsinin elektrik enerjisi, eyni zamanda yaşıl enerji təchizatçısına çevriləcəyinin göstəricisidir. Enerji təhlükəsizliyi sahəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən bu layihə ölkələr arasında təbii qaz, elektrik enerjisi sektorunda əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Bu gün ümumilikdə 22 milyard kubmetrdən çox qaz ixrac edən ölkəmiz ixracın demək olar ki, böyük bir hissəsini Avropaya nəql etməklə qitənin enerji xəritəsini dəyişir. "Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq. Əlbəttə ki, ilk növbədə, biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik", - deyən ölkə başçımız Azərbaycanın dörd qonşu ölkəyə elektik enerjisi ixrac etdiyini və yaxın gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxacağını bildirmişdir.

Enerji ehtiyatlarını, xüsusən də təbii qaz resurslarını müxtəlif marşrutlarla dünya bazarlarına çıxaran Azərbaycan malik olduğu təbii resurslarından səmərəli istifadə etməklə qlobal enerji təhlükəsizliyinin təmin olunmasına getdikcə daha böyük töhfələr verir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji strategiyası sayəsində bu gün müstəqil dövlətimiz beynəlxalq aləmdə etibarlı enerji təchizatçısı kimi qəbul edilir. Dünya miqyasında zəngin enerji resurslarına, karbohidrogen ehtiyatlarına artan tələbat Azərbaycanın böyük enerji layihələrinin təşəbbüskarı və icraçısı mövqeyini daha da möhkəmləndirir. Zəngin neft-qaz ölkəsi olmaqla bərabər, alternativ enerji mənbələrində böyük potensiala sahib olan ölkəmiz dünyanın enerji təhlükəsizliyini balanslaşdırmağa yönəlmiş əhəmiyyətli addımlar atır.

Mehparə ƏLİYEVA,

"Respublika".