Ədəbiyyatımızın ANARI
Sosial həyat

Ədəbiyyatımızın ANARI

Dəyişən dünyamızda son dövrlərin ab-havası fərqlidir. İstər siyasi-iqtisadi, istərsə də ədəbi-mədəni sahədə. Hər iki cəbhədə mühit dəyişdiyi kimi, fərdlər,  müəlliflər də dəyişir. Ya tənəzzülə,  ya da təkamülə doğru. Siyasi cəbhənin inkişafı milləti ayaqda saxlamağa, dünyaya təsiretmə gücünə qadirdir.  Ədəbiyyat isə mənsub olduğu ölkənin, xalqın milli dəyərlərini, tarixi kökünü dünyaya tanıdır. Yazılı ədəbiyyatımızın tarixi çox uzaqlara getməsə də, şifahi ədəbiyyat nümunələrimiz əsrlərin o üzündən bizə sarı boylanır. Şifahi xalq ədəbiyyatımızın təkamülü, inkişafı tarixə “Kitabi-Dədə Qorqud” dastanı ilə yazıldı. Sonrakı yazılı ədəbi mühit demək olar ki, bu dastanın təsirində formalaşdı. Ümumilikdə götürəndə isə  Azərbaycan ədəbi mühiti əsasən ötən əsrdən öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Yeni imzalar, müxtəlif səpkili yeni əsərlər yaranmağa başladı. Romanlar, pyeslər yeni imzalarla sevildi. Belə bir vaxtda və mühitdə fərqli olduğu qədər də milli köklərə bağlı gənc müəllif oxucu marağını özünə cəlb etməyi bacardı. Onun əsərləri “Kitabi-Dədə Qorqud” dastanından qidalanaraq “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə təşəkkül tapdı. “Otel otağı”nda can verərkən “Ağ liman"larda qanadlandı. “Dantenin yubileyi"ndə “Keçən ilin son gecəsi"ni qeyd etdi. Və nəhayət, Anar “Şəhərin yay günləri" ndə Azərbaycan ədəbiyyatının tarixinə öz fərqli əsərlərini təqdim etdi.

Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Nigar xanımın atası Xudat bəy Rəfibəyli Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri, Gəncə şəhərinin general-qubernatoru olmuşdur. Rəsul Rzanın  atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. Xalq yazıçısı Anar 1938-ci il mart ayının 14-də Bakı şəhərində anadan olub. Ədəbi mühitin ziyasında, şairlər ailəsində dünyaya göz açan Anarın adına da valideynləri yaradıcı yanaşmışdılar. Anar adı ilk dəfə bu ailənin vasitəsilə Azərbaycan leksikonuna daxil olmuşdur. 1945-cı ildə Bülbül adına musiqi məktəbinə daxil olmuş, 1955-ci ildə 10 illik musiqi təhsilini gümüş medalla başa vurmuşdur. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 1960-cı illərdən sonra artıq yazıçının əllidən çox kitabı çap olunmuşdur. Anar bədii yaradıcılığına yeniyetməlik yaşlarından başlamış. 1952-ci ildə Şuşada olarkən ilk əsərini yazmışdır. Onun “Keçən ilin son gecəsi” və “Bayram həsrətində" adlı ilk mətbu hekayələri 1960-cı ildə “Azərbaycan” jurnalında çap olunmuşdur. Yazıçı zamanın nəbzinə uyğun, lakin qədimliyə bağlı əsərləri ilə ədəbiyyatımızın maraqlı olduğu qədər də fərqli bir səhifəsində yer alıb. Onun əsərlərinin fərqliliyi və müxtəlif çalarları özünü daha çox Təhminənin xarakterində büruzə vermişdir. İllər öncə yazılmasına baxmayaraq, əsər bu gün də sevgi ilə oxunur.

Anarın “Yaşamaq haqqı" əsəri həcmcə böyük olduğu kimi, mahiýyət və mənaca da çox dəyərlidir. Yazıçının əsərlərinin əsas süjet xətti milli, mənəvi dəyərlərin təbliği, millətin tarixinə dönüşünün bu gününü təşkil edir.

O, həm də ictimai xadim kimi də tanınır. 1991-ci ilin mart ayında Yazıçıların IX Qurultayında Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. Həmin il müstəqil Azərbaycanın Milli Məclisinin ilk iclasını aparmaq şərəfi də məhz Anara qismət olmuşdur. Yazıçı 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilmişdir. Milli Məclisin mədəniyyət komissiyasının sədri kimi mədəniyyət, tarix, memarlıq abidələrinin qorunması haqqında, eyni zamanda kinematoqrafiya haqqında və başqa bir sıra mühüm qanunların Milli Məclisdə qəbul edilməsində əvəzsiz xidmətləri olmuşdur. Onun müxtəlif dillərə tərcümə olunan “Ağ liman", “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Əlaqə", “Dantenin yubileyi”, “Dədə Qorqud" və digər 50-dən artıq kitabı bir çox ölkələrdə çap olunmuşdur. Anarın pyesləri təkcə ölkəmizdə deyil, dünyanın bir çox böyük teatrlarının səhnələrində tamaşaya qoyulmuşdur.  Kino sahəsində də uğurlu fəaliyyət göstərən yazıçının Rusiyanın “Mosfilm" kinostudiyasında “Mən, sən, o və telefon" hekayəsinin motivləri əsasında “Hər axşam 11-də" bədii filmi çəkilmişdir. Yazıçı həmçinin, Azərbaycan kinematoqrafçılarının istehsalı olan on bir bədii filmin, “Gün keçdi", “Dədə Qorqud “, “Üzeyir ömrü", “Qəm pəncərəsi", “Təhminə", “Otel otağı" və s. filmlərin, eyni zamanda  bir sıra sənədli, televiziya filmlərinin ssenari müəllifi və quruluşçu rejissoru olmuşdur.

Sağlığında əfsanəyə dönən və əsərləri dillər əzbəri olan, gənclərin sevimlisinə çevrilən yazıçı Anarın yaradıcılığı bunlarla bitmir. O, həm də gözəl şeirlər müəllifidir, şeirlərinə musiqilər bəstələnmişdir. O, bir sıra xarici ölkə yazıçılarının və şairlərin əsərlərini dilimizə tərcümə etmişdi. Azərbaycan yazıçısı, ziyalı və ictimai xadim Anar əsərləri ilə bütün türk dünyasının sevimlisinə çevrilmişdir. “Yazıçılar Birliyi mənim balamdır" deyən yazıçı gənc yazarlara arxa, dayaq olduğu kimi, ahıl qələm əhlinə qarşı da həmişə qayğı ilə yanaşmışdır. Elə bunun nəticəsidir ki, o, ötən il dekabr ayının 26-da Azərbaycan yazıçılarının XIII qurultayında yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.

Xalq yazıçısının əməyi “İstiqlal”, “Şöhrət", “Şərəf" ordenləri və “Heydər Əliyev Mükafatı" kimi dəyərli mükafatlarla qiymətləndirilmişdir. Mart ayının 14-də Xalq yazıçısı Anarın 85 yaşı tamam olur.

                                                  Ramidə YAQUBQIZI,

                                                          “Respublika”.