Dövlət Sosial Müdafiə Fondunda brifinq keçirilib
Sosial həyat

Dövlət Sosial Müdafiə Fondunda brifinq keçirilib

Son beş ildə artıq 4 sosial islahat paketi icra olunub

Prezident İlham Əliyevin yeni Sərəncamına əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) brifinq keçirilib.

Brinfiqdə Fondun İdarə Heyətinin sədri Himalay Məmişov vurğulayıb ki, Azərbaycanda aparılan hər bir sosial islahat paketinin mühüm tərkib hissələrindən biri də - pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsidir. Bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən son beş ildə artıq 4 islahat paketi icra olunub ki, bu islahatlar çərçivəsində digər sosial ödənişlər kimi, pensiyalarda da davamlı artımlara nail olunub. Belə ki, bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketinin tərkib hissəsi kimi, minimum aylıq əmək pensiyasının məbləği də 2023-ci il fevralın 1-dən 280 manata çatdırılıb. Beləliklə, 2018-ci ilə nisbətən minimum pensiyada 2,5 dəfə artıma nail olunub və hazırda minimum pensiya pensiyaçılar üçün yaşayış minimumunu (199 manat) 40,7 faiz üstələyir.

H.Məmişov eyni zamanda, yeni Sərəncamla pensiyaların Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək bu ilin 1 yanvar tarixindən artırıldığını qeyd edib.Dövlət başçısının yeni Sərəncamı ilə pensiyalar indeksləşdirilərək artırıldığı kimi, sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da istehlak qiymətləri indeksinin 2022-ci il üzrə illik səviyyəsinə uyğun olaraq, yəni 13,9 faiz indeksləşdirilərək artırılır. Hər iki istiqamətdə artımlar, yəni həm pensiyaların, həm də fərdi hesablardakı pensiya kapitallarının artırılması elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir.

M.Mustafa,

"Respublika".