Dövlət başçısının siyasi təcrübəsi və müdrikliyi sayəsində Vətənimizə yüksək dəyər verilir
Siyasət

Dövlət başçısının siyasi təcrübəsi və müdrikliyi sayəsində Vətənimizə yüksək dəyər verilir

Hər il Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransı mühüm beynəlxalq platforma hesab olunur. Bu konfrans Avropa, eləcə də qlobal miqyasda təhlükəsizlik tədbirlərini öz gündəminə daxil edir. Platformanın missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir. Burada mövcud problemlərin aradan qaldırılması ilə bağlı fikirlər səsləndirilir, yekun sənədlər qəbul edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına bu il də dəvət alması dövlət başçımızın dünya miqyasındakı yüksək nüfuzundan xəbər verir. Artıq bütün dünya ildən-ilə ölkə başçısının həm daxili, həm də xarici siyasətində əldə etdiyi nailiyyətləri görür və buna yüksək dəyər verir. Azərbaycan rəhbərinin səfərin ilk günündən etibarən keçirdiyi vacib görüşlər deyilənləri bir daha təsdiq edir. Burada diqqətçəkən ən vacib məqam həmin görüşlərin qarşı tərəfin xahiş və müraciətləri əsasında olmasıdır. Baxmayaraq ki, Azərbaycan ərazi baxımından elə də böyük bir coğrafiyanı əhatə etmir, amma Prezident İlham Əliyevin siyasi təcrübəsi və müdrikliyi sayəsində hazırda ölkəmiz həmin dövlətlərin maraq dairəsindədir. Azərbaycan rəhbəri Cənubi Qafqazda yeni reallıqlar yaradan, sözü imzası qədər dəyərli olan bir Lider kimi tanınır. Ölkəmiz artıq dünyada orta güc hesab olunan dövlətlər sırasında yer alır. Nümunə üçün deyə bilərik ki, bu kateqoriyaya İsrail, BƏƏ kimi böyük iqtisadi potensiala malik ölkələr daxildir.

İkinci Qarabağ müharibəsində Azərbaycanın inamlı qələbə qazanması və 30 il beynəlxalq aləmin gündəliyində olan Qarabağ münaqişəsini təkbaşına həll etməsi dövlətimizə qarşı beynəlxalq səviyyədə hörmət və diqqəti daha da artırıb. Münxen Təhlükəsizlik Konfransında dövlət başçısının keçirdiyi görüşlərin intensivliyi ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayının olduqca çox olduğunu göstərir. Bu da 4 il Qoşulmama Hərəkatına uğurla sədrlik etməyimizdən qaynaqlanır. Azərbaycan QH-yə sədrlik dövründə öz nüfuz dairəsini genişləndirib, dünya miqyasındakı problemlərin həllində böyük təşəbbüs göstərib. Xüsusilə, COVID-19-a qarşı qlobal səyləri birləşdirmək məqsədilə Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısında BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təşəbbüsü reallaşandan sonra bu pandemiya kimi dəhşətli bəlaya qarşı beynəlxalq həmrəylik yarandı. 4 il ərzində Qoşulmama Hərəkatına uğurla rəhbərlik edən Azərbaycanın daha bir mötəbər tədbirə - COP29-a evsahibliyi etməsi ölkəmizə olan inamın göstəricisidir.

Azərbaycanın dünyanın gündəliyində dayanan COP29 tədbirinə ev sahibliyi etməsinin böyük siyasi çəkiyə malik olması və ölkəmizin yeni uğuru kimi qiymətləndirilməsi Prezident İlham Əliyevlə keçirilən görüşlərdə də vurğulanıb.

Azərbaycanın heç bir hərbi alyansa üzv olmaması bu gün ölkəmizin bütün qlobal güclərlə yaxın tərəfdaşlıq əlaqələri qurmasında ən böyük amil sayıla bilər. Respublikamızın xarici siyasətinin qlobal xarakter daşıması regiondankənar ölkələrlə də qarşılıqlı, səmərəli əlaqələrin qurulmasına gətirib çıxarıb. Etibarlı tərəfdaş adını qazanan Azərbaycan Xəzər və Qara dəniz məkanında, Mərkəzi Asiyada, MDB və Yaxın Şərqdə geniş əlaqələrə malikdir, o cümlədən Avropa İttifaqına daxil olan 9 dövlətlə strateji tərəfdaşdır.

Azərbaycanın 30 illik Qarabağ problemi 2020-ci ilə kimi dövlətimizin gücünü bu istiqamətə yönəltmişdi. Amma artıq Qarabağ probleminin həlli Azərbaycanın gücünə güc qatacaq. Artıq dünya dövlətlərilə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün Ermənistan və Qarabağ səddi aradan götürülüb. Bu həm də regionumuzun inkişafına səbəb olan başlıca amildir. Elə buna görə müharibə başa çatan kimi dövlətimiz Ermənistan hökumətinə 5 baza prinsipindən ibarət olan sülh paketini təqdim etmişdi. Bu, bizim sülhsevər ölkə olduğumuzu və bütün dünyaya əmin-amanlıq arzu etdiyimizi təsdiqləyir.

Musa BAĞIRLI,

"Respublika".