DOSTLUQ, QARDAŞLIQ VƏ STRATEJİ ƏMƏKDAŞLIQ GÜCLƏNİR
Digər xəbərlər

DOSTLUQ, QARDAŞLIQ VƏ STRATEJİ ƏMƏKDAŞLIQ GÜCLƏNİR

Gürcüstan yaxın qonşumuz, etibarlı tərəfdaşımızdır. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini həmişə birmənalı olaraq dəstəkləyib. Ölkələrimiz enerji, nəqliyyat, logistika, dəmir yolu və bütün digər sahələrdə sıx əməkdaşlıq edir. Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və ilk beşlikdə yer alıb. Bu il ölkələrimiz arasında ticarət əlaqələri 15 faiz artmışdır.

Cənubi Qafqazda davamlı sülhün yaradılmasında iki qonşu dövlət arasında fikir birliyi mövcuddur. Gürcüstan hər zaman qərəzsiz mövqe nümayiş etdirməklə regionda sülh prosesinə öz töhfələrini vermiş, Cənubi Qafqazın dinc, sabitlik məkanına çevrilməsi yolunda öz səylərini əsirgəməmişdir.

Görüş çərçivəsində mətbuata bəyanatla çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkənin mövqeyini yüksək dəyərləndirərək deyib: "Biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk, möhkəmləndiririk, öz səylərimizi əsirgəmirik. Cənab Baş nazir qeyd etdiyi kimi, bizim ənənəvi görüşlərimiz bu məqsədə xidmət edir ki, ölkələrimiz bir-birinə daha yaxın olsun, xalqlarımız bir-biri ilə daha da sıx dostluq etsin".

Azərbaycan və gürcü xalqı sabaha böyük ümidlə baxır. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaradacaq. Cənubi Qafqaz ölkələri üçtərəfli formatda əməkdaşlıq edəcək, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu sahəsində uğurlar əldə olunacaqdır.

Artıq bir neçə ölkə və bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesinə öz dəstəyini verməyə çalışır. Tarixi əlaqələri və coğrafi amili nəzərə alsaq iki dövlət rəhbəri arasında keçirilən işgüzar görüşdə Gürcüstanın öz vasitəçilik imkanlarını ortaya qoyması olduqca təqdirəlayiq haldır. Buna Ermənistan tərəfindən də razılıq olarsa, Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşlər reallaşa bilər.

Azərbaycan Gürcüstanla birlikdə çox böyük layihələrə start verib. İki dost ölkənin həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin böyük uğurları vardır. Dəmir yolu xətti genişləndirilir, yeni magistral yollar çəkilir, dəniz limanları tikilir. Tezliklə Anakliya dəniz limanının inşasına başlanılacaq. Onun yükdaşıma qabiliyyətinin 100 milyon tona çatacağı nəzərdə tutulub. Yaxın vaxtlarda Şərq-Qərb avtomagistralının inşası da yekunlaşacaq. Ölkəmizin Gürcüstanın Qara dəniz sahilindəki Kulevi limanını genişləndirməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 5 dəfədən çox artırılması yaxın gələcəkdə Orta Dəhlizin güclənməsinə, nəqliyyat sektorunun sürətli inkişafına, yükdaşımaların həcminin yüksəlməsinə sanballı töhfələr verəcək. 

Ölkələrimizi həm də energetika sahəsində "Yaşıl enerji dəhlizi" layihəsi birləşdirir. Bu istiqamətdə də böyük sərmayə qoyuluşu nəzərdə tutulur. Layihə çərçivəsində inşa ediləcək enerji kabeli həm Azərbaycanın, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini daha da gücləndirəcək. Birgə icra olunan layihələrin böyük iqtisadi və siyasi əhəmiyyəti vardır. Bu, həm də ölkələrimizin enerji və nəqliyyat təhlükəsizliyinə, xalqlarımızın firavanlığına xidmət edir.

Vidadi NƏZƏROV,

Masallı Dövlət Regional Kollecin

direktoru.