Doğma yurda qayıtmağı səbirsizliklə gözləyirik
Sosial həyat

Doğma yurda qayıtmağı səbirsizliklə gözləyirik

Prezident İlham Əliyevin ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səslənən fikirlər və doğma yurdumuza Qayıdış Konsepsiyası haqqında verilən təkliflər hər birimizin ürəyincə olmaqla, əzəli torpaqlarımıza qayıtmaq şansımızı qat-qat artırdı.

Tarixi və əzəli torpaqlarımız olan indiki Ermənistanın ərazisindəki Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olan və deportasiya dövrünə qədər bu ərazidə yaşayan Astan Mustafayev əməkdaşımızla söhbətində bu günə qədər torpaq həsrəti ilə yaşadıqlarını və istəklərinin reallaşacağı günü gözlədiklərini bildirdi. Qeyd etdi ki, orada normal yaşamaq üçün özümüzə tam şərait yaratmışdıq. Lakin faşist siyasətinə əsir olan ermənilər bizimkilərin öz torpaqlarımızda yaxşı yaşamağına imkan vermirdi. Bu səbəbdən də imkan düşən kimi cinayətkar əməllərindən əl çəkmirdilər, soydaşlarımızı müxtəlif yollarla incidərək deportasiya edirdilər. Uşaq vaxtlarından yaxşı yadımdadır ki, böyüklərimiz erməni vandalizmi barədə mütəmadi danışırdılar. Soydaşlarımızın 1918-ci ildən başlanan deportasiyasının 1948-53-cü illərdə kütləvi xarakter aldığını və on minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salındıqlarını ürək ağrısı ilə xatırlayırdılar.

Həmsöhbətim qeyd etdi ki, 1980-ci illərdən başlayaraq davam etdirilən erməni vəhşiliyi 1987-ci ildən daha da ağırlaşdı. Soydaşlarımızı dövlət səviyyəsində ən kəskin formada incitməyə başladılar. Həmin vaxt Soyuqbulaq kəndində yaşayırdıq. 1988-ci ilin qış fəslinin çovğun vaxtında isə bu ərazilərdə yaşayan bütün azərbaycanlıları kütləvi surətdə deportasiyaya  məcbur etdilər. Hamı kimi, mən də kiçikyaşlı uşaqlarımla birlikdə əliyalın yurdumuzu tərk etməyə məcbur oldum. Uşaqlarımızın kiçik, qocalarımızın isə xəstə olmasına baxmayaraq, özümüzlə evdən heç nə götürməyə imkan vermədilər. Həmin vaxt qohumlarımın yaşadıqları Balakən rayonu ərazisində məskunlaşmaq qərarına gəldik. Çünki kəndimizin havası da bu əraziyə uyğun idi. Bilirdik ki, başqa bölgələrə, xüsusilə, aran ərazisinə gedən soydaşlarımız kəskin iqlim dəyişikliyi ilə bağlı çox yaşaya bilmirdi.

1988-ci ildən Balakən rayonunun Poştbinə kəndində yaşayırıq və Qərbi Azərbaycanda olduğu kimi, təsərrüfatla məşğuluq. Burada şəraitimizin son dərəcə yaxşı olmasına baxmayaraq, doğma yurdumuz olan Qərbi Azərbaycan üçün çox darıxırıq və qayıdış gününü səbirsizliklə gözləyirik. Səmimi deyirəm, dövlət başçımızın Qərbi Azərbaycan icmasının bir qrup üzvü ilə görüşü doğma torpaqlarımıza qayıtmaq ümidimizi xeyli artırdı. Qayıdış gününün və əzəli torpaqlarımızı daha da inkişaf etdirmək anının tezliklə reallaşacağına  əminik.

M.NƏRİMANOĞLU,

"Respublika".