COP29-a evsahibliyi beynəlxalq nüfuzun təsdiqidir
Siyasət

COP29-a evsahibliyi beynəlxalq nüfuzun təsdiqidir

Azərbaycan beynəlxalq aləmdə güclü, sülhsevər bir ölkə kimi tanınır. Ölkəmizin xarici siyasət fəaliyyətinin formalaşması və prioritet vəzifələrin müəyyənləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu böyük şəxsiyyətin rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqe qazanması üçün lazımi tədbirlər görülmüşdür.

Mühüm geosiyasi məkanda yerləşən Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etməsi milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsini ən vacib məsələ kimi ön plana çəkdi. Qısa müddət ərzində dünyanın bir sıra dövlətləri tərəfindən rəsmi surətdə tanınmış Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul edildi.

Azərbaycanın dünya dövlətləri ilə diplomatik münasibətlər qurması onun dünya birliyinə sistemli surətdə inteqrasiyasına geniş yol açdı. 1992-ci ildən BMT, ATƏT və İKT-nin üzvü olan Azərbaycan Respublikası həyata keçirdiyi ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa Şurasına qəbul edilmiş, Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaratmış, bu qurumlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi üçün fəal xarici siyasət yürütmüşdür. Avropa ilə Asiyanın qovşağında strateji baxımdan əlverişli mövqeyə malik olan Azərbaycan ictimai-siyasi və mədəni-mənəvi həyatın bütün sahələrində özünəməxsus xüsusiyyətləri yaşatmaqla yanaşı, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri də əxz edərək, dünya birliyinə inteqrasiya olunmaq xəttini seçmişdir. Azərbaycan Respublikası regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Qoşulmama Hərəkatına üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək bu beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul olunmuşdur.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsi istiqamətində həyata keçirilən işlər bu gün də davam etdirilir. Həyata keçirilən xarici siyasət ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayını artırdı, respublikamızın beynəlxalq aləmdəki reytinqini yüksəltdi və Azərbaycan dünyanın inkişaf etmiş demokratik dövlətləri sırasına qoşuldu. Çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Bütün postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasının 2024-cü ildə İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a evsahibliyi etməsi ölkəmizin dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani təsdiqidir.

Xatırladaq ki, 2024-cü il COP29-a evsahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla evsahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində yetərincə müsbət imic qazanıb.

Bu həm də ölkəmizin növbəti təntənəli qələbəsi, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğuru, eyni zamanda son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. COP29-a evsahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiyyətlidir ki, bu, Azərbaycanın lokal antiterror tədbirlərindən iki ay yarım sonra verilib. Bu isə dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstəyindən xəbər verir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək, ölkəmizin nüfuzunun daha da artmasına və onun reallıqlarının beynəlxalq ictimaiyyətə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək.

Aiza ŞABANOVA,

"Respublika".