Cinayətkarları məsuliyyətə cəlb etmək Azərbaycanın hüququdur
Digər xəbərlər

Cinayətkarları məsuliyyətə cəlb etmək Azərbaycanın hüququdur

Tarix boyu Azərbaycan xalqına qənim kəsilən haylar misilsiz vəhşiliklər törətmişlər. Bütün beynəlxalq konvensiyalara zidd qaydada reallaşdırılan genosid, ekosid, urbisid və s. insanlıq əleyhinə törədilən bəşəri faciələrə görə Ermənistan dövləti qlobal güclər tərəfindən məsuliyyətə cəlb edilməmiş, Azərbaycan xalqının pozulan hüquqları dünya ictimaiyyətinin diqqətindən kənarda qalmışdır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində törətdikləri qətliam yaddaşlardan silinməyəcək soyqırımı aktı kimi tarixə yazıldı. Bu vandallıq beynəlxalq hüququn işləmədiyini, nəticədə Ermənistanın daha bir soyqırımı aktını icra etdiyini bariz şəkildə göstərmiş oldu. Qan yaddaşımız olan Xocalı faciəsinə bəşəri cinayət hadisəsi kimi qiymət verməyənlərin - Ermənistanın havadarlarının bu gün də Azərbaycanın haqq işinə qarışma cəhdləri göz önündədir.

Haylar tərəfindən xüsusi amansızlığa məruz qalmış yerlərdən biri də Meşəli kəndi idi. 409 nəfərdən ibarət Meşəli kəndinin işğalı zamanı 28 nəfər amansızcasına qətlə yetirilmişdir. Ermənilər kəndi dörd tərəfdən mühasirəyə alaraq evləri və tövlələri od vurub yandırdıqdan sonra hadisədən xəbər tutub evlərindən çıxan əhalini güllə baran etmişlər.

Meşəli faciəsində iştirak etmiş cinayətkarlardan biri - Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bütövlükdə məhv etmək məqsədilə kəndə silahlı basqın edib azərbaycanlı milliyyətindən olan 25 nəfəri öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salmışdır.

Ermənistan siyasi elitasının sadalanan cinayət əməllərini törətmiş, bəşəri cinayətin "qəhrəman"larından olan bu şəxsə azadlıq istəyi və havadarlarının Azərbaycan üçün sadəcə kağız parçasından ibarət olan bəyanatları tamamilə absurddur. İrəvanda Vaqif Xaçaturyanın azad olunması ilə bağlı keçirilən aksiya, Ermənistan XİN-in yaydığı əsassız bəyanatlar beynəlxalq ictimaiyyəti aldatma cəhdləridir.

Məsələ ilə bağlı politoloq Tofiq Abbas

ov bildirdi: "Azərbaycan dövləti müharibə və postmüharibə dövründə olduqca böyük səbir nümayiş etdirdi. Bunun əsas səbəbi, Azərbaycanın heç bir zaman erməni illüziyalarına qapılmamasıdır. Hər kəs çox yaxşı bilir ki, tarixdə onlar vandallıqla, barbarlıqla yadda qalmışlar, bu xislətləri dəyişməyib. Son illərin panoramına nəzər salsaq görərik ki, istənilən terror əməlini Azərbaycan xalqının üzərində sınaqdan keçirmişlər. Bu təkcə soyqırımı cinayəti ilə məhdudlaşmır. Ekosid, urbisid və s. vəhşilik nümunələri də həyata keçirmişlər. İslamofob, türkofob bəyanatlarla çıxışlar da sadalananlara misaldır.

Əfsuslar olsun ki, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hərc-mərclik hakim idi. Bu dövr ərzində həm ictimai, həm də siyasi güc toplamaq mümkünsüz idi. O zaman hökumətin səriştəsizliyi ucbatından Azərbaycan xalqının başı çox bəlalar çəkmişdi. Real təhlükəni görə-görə xalqın müdafiəsini təmin edə bilməyənlər Xocalıda və Meşəlidə olduğu kimi, digər ərazilərimizdəki soyqırımı aktlarına da sadəcə baxmaqla kifayətləndilər.

Azərbaycan xalqının xilaskarı ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra biz gördük ki, onun təməlini qoyduğu dəyərlər xalqın müqavimət və mübarizə əzmini artırdı. Artıq həmin dövrdən sonra Azərbaycan xalqı nələrə qadir olduğunu anladı. Nəinki 1993-cü ildə, hətta Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini icra edən zamanlarda da ulu öndər ermənilərin xain planlarını dəf edir, Azərbaycan xalqının təhlükəsizliyinin keşiyində dururdu.

Azərbaycan qalib ölkədir. Ermənistana dərs verərək bildirdik ki, bizim səbrimizi sınamaq olmaz. 30 ilə yaxın bir dövr ərzində Azərbaycanın sülh təkliflərini, məsələnin dinc yolla həllini, humanizm çərçivəsində münaqişəyə son qoyulma istəyini onlar yanlış dəyərləndirdilər. Nəticədə isə bu çirkin əməllərinə döyüş meydanında cavab verildi. Azərbaycan öz qısasını layiqincə aldı. Lakin heç bir zaman törədilən cinayətləri - qan yaddaşımızı unutmayacağıq.

Qeyd etmək lazımdır ki, erməni vəhşiliyinin müəllifləri bu gün olduğu kimi, gələcəkdə də müəyyən edilərək məsuliyyətə cəlb ediləcəklər. Burada xüsusilə, Dövlət Sərhəd Xidmətinin, Baş Prokurorluğun keçirdiyi əməliyyatlar təqdirəlayiqdir. Mən əminəm ki, Vaqif Xaçaturyan kimi əlinə Azərbaycan xalqının qanı bulaşmış hər kəs öz cəzasını çəkəcək və çəkir. Unudulmamalıdır ki, görülən tədbirlər həm beynəlxalq hüququn, həm də Azərbaycan dövlətinin qanunvericiliyi çərçivəsində həyata keçirilir və bu, ölkəmizin haqq işidir. Anti-Azərbaycan dairələrinin yaydığı əsassız bəyanatdan fərqli olaraq ölkəmiz heç bir beynəlxalq konvensiyaya zidd hərəkət etmir. Heç kim Azərbaycanı haqsız yerə mühakimə edə bilməz. Biz düz yoldayıq".

Nurlan ABDALOV,

"Respublika".