Böyük qayıdış: Ağdam əhalisinin 70 faizi çoxmənzilli binalarda yaşayacaq
Sosial həyat

Böyük qayıdış: Ağdam əhalisinin 70 faizi çoxmənzilli binalarda yaşayacaq

XXI əsri təlatümlər, ziddiyyətlər, müharibələr əsri adlandırmaq olar, çünki dünyanı məhvərindən qopartmaq istəyən imperialist qüvvələrin təkəbbürü və inadkarlığı insanlığa qarşı açıq təhdidlər yaradır, Avropanın mərkəzində alovlandırılan müharibə yüz minlərlə insanın taleyinə ağır zərbələr vurur, şəhərlər, kəndlər dağılır, günahsız uşaqlar həlak olur. Dünyanın başqa tərəfində isə aclıq və qıtlıq tüğyan edir, insan haqları və beynəlxalq qanunlar pozulur. Özünü demokratiyanın beşiyi hesab edən Avropa ölkələrində insanların haqlı narazılığına qarşı polis zorakılığı ilə cavab verilir, dinc nümayişə çıxan adamları əzir, tapdalayır, yerlə sürüyərək onları fiziki basqıya məruz qoyurlar. Siyasi və iqtisadi qarşıdurmaların nəbzi gündən-günə daha sürətlə döyünür, irqçilik, dini ayrı-seçkilik, etnik zəmində qızışan nifrət dünyanın başı üzərində qorxulu kabus kimi dolaşır.

Çalxalanan, ləngər vuran dünyanın bir bucağında yerləşən Azərbaycan amansız və qorxulu fikir dalğalarının qarşısında öz müvazinətini fədakarlıqla saxlayır. Ölkəmizin rəhbəri, sözünə və imzasına hörmət qoyulan, dəmir iradəsi, qətiyyətli mövqeyi, diplomatik məharəti ilə dünyada tanınan, Qoşulmama Hərəkatının 120 ölkəsinə sədrlik edən, İkinci Qarabağ müharibəsinin fatehi, əsgəri səngərdə özü isə siyasət meydanında döyüşən və tarixi qələbə qazanan lider İlham Əliyev doğma xalqını və yurdunu bütün təhdidlərdən cəsarətlə qoruyur. Dünya tarixində bəlkə də belə bir hadisə olmayıb, torpaqlarımızı 30 il işğal altında saxlayan, bir çox ölkələrin havadarlıq etdikləri, mənafelərini qoruduqları, silahlandırdıqları, mif yaratdıqları, işğalla barışın təklifləri ilə bizə təzyiq göstərən ATƏT-in münaqişəni dondurmaq cəhdlərini dəf edərək Ermənistanı cəmi 44 günə diz çökdürən, məğlub edən, silahlı qüvvələrinin belini qıran Azərbaycan tərəqqisinə görə inkişaf edən ölkələr arasında layiqli yer tutur. Vaxtilə ağır şərtlər altında qalan ölkə indi diktə edən tərəfə çevrilib və bu, heç də asan başa gəlməyib, gərgin zəhmət, fədakarlıq hesabına siyasi tufanlara sinə gərilib, müharibədən cəmi 8 gün sonra düşmən tərəfindən dağıdılan və xarabalığa çevrilən Qarabağın və Şərqi Zəngəzurun bərpasına başlanılıb. Bu da tarixin səhifələrində bir ilkdir, müharibələrdən qalib çıxan heç bir ölkədə bu, baş verməyib.

İşğaldan azad edilən ərazilərə dəfələrlə səfər edən dövlətimizin başçısı icra edilən infrastruktur layihələrə özü nəzarət edir, tövsiyələrini verir, yaralı torpağımızı qarış-qarış gəzir, şəhərlərin və kəndlərin təməlini qoyur. Bir daha qeyd edək ki, İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistan ordusu darmadağın oldu, düşmən ölkə kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur edildi. Ardınca isə işğal illərində tar-mar edilən, yer üzündən silinən, dağıdılan yaşayış məntəqələrinin yenidənqurulması başlandı və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün Böyük Qayıdış planı təsdiq edildi. Prezident İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondunun, 2021-ci il 12 avqust tarixli "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" Fərmanı əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması bərpa və yenidənqurma işlərinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsinə ciddi təminat verir. Ağır müharibədən iki il yarım keçməmiş, Qarabağda və Şərqi Zəngəzurda yenidən salınan qəsəbələrə və Laçın şəhərinə ilk qayıdış baş verir.

Qarabağın dağlıq hissəsi ilə aranın qovuşuğunda yerləşən, yenidən qurularaq ölkənin iri sənaye mərkəzinə çevrilən, muğam ustalarının, alimlərin, ziyalıların, milli qəhrəmanların yurdu Ağdamın xarabalıqları arasından boylanan yeni şəhərin cizgiləri onu göstərir ki, 2021-ci il mayın 28-də şəhərin təməlini qoyan dövlətimizin başçısı İlham Əliyevin dediyi "elə bir Ağdam quracağıq ki, dünyada bənzəri olmayacaq" sözləri öz təsdiqini tapır. Düşmən Ermənistan tərəfindən yer üzündən silinən, "Qafqazın Xirosiması" adlandırılan Ağdam şəhərində aparılan genişmiqyaslı infrastruktur layihələrin qısa xronikasına nəzər salaq. Gələcəkdə 100 min nəfər əhalinin yaşayacağı şəhər həm də açıq səma altında muzey olacaq, düşmənin törətdiyi vəhşilik haqqında bura gələn müsafirlərinə şahidlik edəcək, "Qarabağ" universiteti tikiləcək, Ağdamın köhnə simvolları bərpa ediləcək. Hazırda Bərdə-Ağdam, Ağdam-Füzuli avtomobil yolları çəkilir, Bərdə-Ağdam dəmiryol xətti artıq şəhər ərazisinə çatıb, avtomobil və dəmiryol vağzalları inşa olunur, 15 rezidentin və iki qeyri-rezidentin maliyyə vəsaiti ilə Ağdam Sənaye Parkı tikilir. Yeni iş yerləri yaradılır, iki elektrik yarımstansiyası istifadəyə verilib, şəhərdə bir neçə yaşayış məhəlləsi salınır, məktəb, xəstəxana tikilir, bir neçə kəndin təməli qoyulub, tarixi-dini abidələr bərpa edilir, 23 milyon kubmetr sututumu olan Xaçınçay Su Anbarı təmir edilib, əkin sahələrini suvarmaq üçün kanallar çəkilir, işğaldan azad edilən rayon ərazisində taxıl biçini aparılır. Bir sözlə keçmiş məcburi köçkünlərin ləyaqətli qayıdışı və etibarlı məskunlaşması üçün bütün işlər uğurla, ardıcıllıqla davam etdirilir. Artıq ağdamlıların varlığını qarsıb qovuran iyirmi səkkiz illik həsrətə son qoyulub, düşmənin viran qoyduğu Ağdamın xarabalıqları da bərpa olunduqca sonra daha əzəmətli görünür.

Ağdam otuz ilə yaxın məcburi köçkünlük həyatı yaşayan insanların, Birinci və İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək həlak olan şəhidlərin yurdudur. Ağdam Qarabağ müharibəsində və dövlətçiliyimizin qorunmasında 6 min nəfərə yaxın şəhid verib. Bu torpaq şəhid qanı ilə suvarılıb, yüzlərlə insan əlil olub, ağdamlılar torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində və 44 günlük müharibədə qəhrəmanlıqla döyüşüblər. Birinci və İkinci Qarabağ müharibəsində Ağdam camaatı dəhşətli günlər və ağrılar yaşayıb. Şəhid xəbəri hər üç evdən birinin qapısını döyüb, bir ailədən iki, üç nəfər Vətən müharibəsində iştirak edib, ata oğulları, qardaş qardaşı ilə birlikdə işğalçılara qarşı döyüşüb. Rayonun Çullu kəndindən əkiz qardaşlar döyüşlərdə qəhrəmanlıq göstərərək Vətən müharibəsində eyni gündə şəhid olub, yüzlərlə gənc qazidir, əlildir.

Bir vaxtlar ruhlar şəhəri adlandırılan Ağdamda həyata keçirilən infrastruktur layihələr sürətlə icra olunur. Ağdam şəhərində inşa olunan yaşayış binalarının fasadında rayonun məşhur yerli ağ daşından və milli, həmçinin Avropa memarlıq elementlərindən istifadə edilir. Mütəxəssislər hesab edirlər ki, Ağdamın böyük quruculuq işlərində mühüm yer alması sosial əhəmiyyət kəsb etməklə, vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Bir sözlə, azad edilmiş ərazilərdə qısa müddətdə yaşayış üçün münbit şəraitin yaradılması, yolların, dəmiryolu xətlərinin çəkilməsi, enerji təsərrüfatının qurulması, yeni beynəlxalq hava limanlarının inşa edilməsi bu bölgələrdə iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin yaradılmasına güclü təkan verir.

Hazırda qarşıda duran əsas vəzifələrdən biri də azad edilmiş ərazilərin zəngin resurslarından, infrastruktur potensialından səmərəli istifadə, bu məqsədlə dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla, həmin ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasına və dayanıqlı məskunlaşmanın təmin olunmasına çalışır. Bu baxımdan Ağdam Sənaye Parkına potensial rezident və investorların cəlb edilməsi istiqamətində mühüm addımlar atılır. "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına əsasən Ağdamda 2022-2026-cı illər ərzində 12 kəndin, həmçinin 5 yaşayış massivinin layihələndirilməsi, eləcə də 4 kəndin və şəhərdə iki yaşayış massivinin tikintisi nəzərdə tutulur. Ağdam şəhərinin Baş Planına əsasən əhalinin 70 faizi çoxmənzilli binalarda məskunlaşacaq. Qalan əhali isə fərdi evlərdə yaşayacaq. Müasir Ağdamın ərazisi keçmiş şəhərin və ətrafındakı səkkiz kənddən ibarət olacaq. Şəhər ərazisinin 23 faizi yaşıllıq sahələrindən, meşələrdən və parklardan ibarət olacaq. Şəhərə altı giriş-çıxış yolu olacaq, burada velosiped və piyada yollarından da geniş istifadə olunacaq. Ağdam şəhərinin layihəsinə uyğun olaraq bura köçürüləcək əhalini istilik və isti su ilə təqdim etmək məqsədilə müxtəlif yaşayış massivlərində 12 qazanxana kompleksi tikiləcək.

Gözlərimiz qarşısında unikal memarlıq elementləri və modern üslubunda inşa edilən Ağdam şəhəri addım-addım böyüyür, gələcəyə boylanır. Tək Ağdamda deyil, işğaldan azad edilən bütün ərazilərdə fərqli və bənzərsiz memarlıq üslubunda, müasir şəhərsalma layihələri əsasında şəhərlər və kəndlər salınır. İyulun 13-də ölkəmizin diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi çərçivəsində Ağdam şəhərinə səfər təşkil olunub. Xarici İşlər Nazirliyinin rəhbər heyəti, xaricdəki diplomatik missiyalarımızın rəhbərləri ilk öncə Ağdam Şəhidlər Xiyabanını ziyarət edib, vətən uğrunda canından keçmiş şəhidlərin məzarlarının üzərinə gül dəstələri qoyublar. Sonra "Ağdamın dirçəlişi" adlı tədbir keçirilib. Tədbirdə bildirilib ki, Ağdamın, Qarabağın Azərbaycan xalqı üçün əhəmiyyəti çox böyükdür. Bir zamanlar ölkəmizin ən inkişaf etmiş bölgələrindən biri olan bu gözəl şəhərin düşmən ölkə tərəfindən məqsədyönlü şəkildə dağıdılmasının Ermənistanın Azərbaycana qarşı etnik nifrət və dözümsüzlük siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı nəticəsində bütün işğaldan azad olunmuş ərazilərimizin, o cümlədən Ağdamın qarış-qarış bərpa edilməsi dövlətimizin gücünü və iradəsini göstərir. Mövcud çətinliklər, dağıntıların miqyası və mina təhdidinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərimizin öz yurdlarına layiqli qayıdışı başlayıb.

Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyev indiyədək 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında şəxsən iştirak edib. Bu il dövlət büdcəsinə təkrar baxıldıqdan sonra Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı hər şey nəzərdə tutulan planlardan daha sürətlə icra edilir. Bunu Prezident İlham Əliyev iyulun 11-də keçirilən cari ilin altı ayının yekunlarına həsr edilən müşavirədə çıxışı zamanı Qarabağda və Şərqi Zəngəzurda aparılan işlər haqqında bildirib ki, bütün gücümüzü bu quruculuq işlərinə səfərbər etmişik. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış Proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq 5 yaşayış məntəqəmizdə - 1 şəhər və 4 kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar.

Dövlət başçısı deyib ki, bütövlükdə Böyük Qayıdış Proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə, infrastruktur layihələri icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara bilmərik. Eyni zamanda, yaşayış evlərinin inşası sürətlə gedir. Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi 8 ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və 700-dən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq. Büdcəyə bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilib, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Yəni ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısındakı iki əsas istiqamət məhz bu vəzifələrdir.

 Salman ALIOĞLU,

 "Respublika".