Beynəlxalq təşkilatlarda islahatlar zəruridir
Siyasət

Beynəlxalq təşkilatlarda islahatlar zəruridir

İkinci Qarabağ müharibəsində qazandığımız qələbə Azərbaycanın qüdrətini bir daha bütün dünyaya göstərdi. 30 il düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsindən sonra ölkəmiz Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün mühüm təşəbbüslər irəli sürdü.

Bunlardan ən vacibi isə Azərbaycan tərəfindən Ermənistana sülh təklifidir. Amma müharibə bitsə də, Ermənistan sülh prosesinə mane olmaq üçün hər cür təxribatlara əl atırdı. Rəsmi Bakı isə xalqımızın uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addımlar atır. Dövlətimizin bu cür mövqe sərgiləməsinin başlıca səbəbi regionun sülh və əməkdaşlıq məkanına çevrilməsinə nail olmaqdır. Bunun üçün ilk növbədə, Qarabağdakı separatçı rejimin tör-töküntülərini təmizləmək, erməni silahlı qüvvələrini tərki-silah etmək lazım idi. Sentyabr ayında Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra separatçı rejim darmadağın edildi, suverenliyimiz tam bərpa olundu, regionda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün mühüm şərait yarandı.

Ölkə başçımız müsahibələrində, beynəlxalq platformalardakı çıxışlarında Azərbaycanın sülh tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Hazırda bölgədə sülhün təmin olunması məqsədilə beynəlxalq səviyyədə müzakirələr aparılır. Dövlətimiz regionda sülh naminə irəli sürülən, həqiqətləri əks etdirən nəticəyə yönəldilmiş təşəbbüsləri yüksək qiymətləndirir. İndi əsas addım məhz qərb qonşumuz tərəfindən atılmalı, Ermənistan hakimiyyəti regionun gələcəyi üçün sülh sazişini imzalamalıdır.

Əslində tarixə nəzər yetirsək görərik ki, sülhün əldə olunmasına əngəl törədənlər hər zaman mövcud olub. Fransa hökuməti və bir sıra beynəlxalq təşkilatlar hər zaman ermənipərəst mövqedən çıxış edərək prosesi ləngidiblər. Rəsmi İrəvan indi tarixin arxivinə gömülmüş ATƏT-in keçmiş Minsk qrupunun vasitəçiliyi ilə davam edən "danışıqlar" prosesini də pozmuşdu. Danışıqların imitasiyası ilə məşğul olan Ermənistan Azərbaycana başqa seçim yolu qoymadı. Ölkəmiz məsələni öz gücü ilə həll etməyə məcbur qaldı, BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələrini özü icra etdi. Şübhəsiz, istər BMT Təhlükəsizlik Şurası, istərsə də ATƏT regionda sülh və sabitliyin təmin edilməsində maraqlı olsaydılar, Ermənistanı sülhə məcbur edərdilər. Amma onlar selektiv mövqe nümayiş etdirdilər. Məsələnin sülh yolu ilə həll olunmaması sözügedən təşkilatların Azərbaycana qarşı ikili standartlarının əyani sübutudur. 30 illik danışıqlar prosesinin fiaskoya uğraması göstərdi ki, beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT və BMT-də köklü dəyişikliklər, islahatların aparılması labüddür.

Ümumilikdə götürsək, beynəlxalq təşkilatların dünyada sülhə, sabitliyə töhfə verməsi zəruri şərtlərdən hesab olunur. Təəssüf ki, bu gün beynəlxalq hüquq düzgün işləmədiyindən bir sıra təşkilatlar öz missiyalarını yerinə yetirmir, onlar müəyyən beynəlxalq güclərin əlində alətə çevriliblər. Bu baxımdan, həmin qurumlarda islahatların aparılması, onların proseslərə yanaşmada hansısa qüvvələrin maraqlarına uyğun çıxış etməməsi vacibdir. Çünki problemlər yalnız beynəlxalq hüquq normaları əsasında həll edilməlidir. Məhz bu səbəbdən sözügedən qurumlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək istəyirlərsə, ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməlidirlər.

Nəzrin ELDARQIZI,

"Respublika".