Beynəlxalq müstəvidə Azərbaycan reallığı
Siyasət

Beynəlxalq müstəvidə Azərbaycan reallığı

2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilmişdir

Münhen Təhlükəsizlik Konfransı 1963-cü ildən fəaliyyət göstərir və dünyanı narahat edən beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu platformadır. 2020-ci il fevral ayının 15-də Almaniyanın Münhen şəhərində keçirilən 56-cı Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilmişdir.

Konfrans zamanı ölkə başçımız beynəlxalq ictimaiyyətə Qarabağ və ətraf ərazilərimizin Azərbaycana mənsubluğu, ermənilərin soydaşlarımıza qarşı törətdiyi etnik soyqırımları, ölkəmizin ərazi bütövlüyünün pozulması barədə ətraflı məlumat vermiş, tarixi faktları ictimaiyyətə çatdırmışdır. Baş nazir Nikol Paşinyanın isə tarixi saxtalaşdıraraq yalan məlumatları dilə gətirməsi, tez-tez o dövrlərdə iş prinsipini itirmiş ATƏT-in keçmiş Minsk qrupuna sığınmağa çalışması beynəlxalq media və qurumların diqqətindən yayınmadı. Prezident İlham Əliyev isə keçmiş Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini diqqətə çatdıraraq Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxmalı olduğunu bildirdi. Bütün bunların qarşılığında Paşinyan heç bir tutarlı fakt və ya arqument gətirə bilmədi.

Paşinyanın tarixdən xəbəri belə olmayan biri kimi tarixi təhrif etməyə çalışması, hətta Qarabağın Azərbaycan torpağı hesab edilməsində Stalin, Lenin və Atatürkü günahlandırması ağılsızlıqdan başqa bir şey deyildi.  Bundan əvvəlki iki sələfi kimi danışıqlara sülh adı altında başlayıb daha sonra dövlətimizi separatçı, xunta rejimi ilə dialoqa dəvət etməsi münaqişənin həllinin gecikdirmə planının göstəricisi, həm də status-kvonu saxlamağa hesablanmış bir addım idi. Buna baxmayaraq, Prezident İlham Əliyevin ifadələrində sülhə, xalqların birgə və firavan yaşamasına çağırışlar öz əksini tapmışdı. Həmçinin Azərbaycan Prezidenti sərrast, dəqiq, çox ciddi faktlara, arqumentlərə söykənən mövqeyi ilə həm kofransdakı auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə həqiqətləri çox dəqiq şəkildə çatdırmışdı.

Konfrans zamanı bir neçə dəfə Paşinyan savadsızlığı ilə özünü gülünc vəziyyətə saldı. Şaumyan (Goranboy) rayonunun Qarabağ ərazisi olduğunu bildirən baş nazir Prezidentimizin düzəlişi ilə məlumatlandı və dərhal səhv etdiyini anlayıb sözünü geri götürdü. Ardınca daha bir səhvə yol verən Paşinyan əlavə etdi ki, bu ərazi Stepan Şaumyanın adı ilə bağlıdır. Cənab Prezidentimiz isə siyasi və tarixi anlayışı olmayan naşı Paşinyana Qarabağın tarixi paytaxtının Xankəndi olduğunu xatırlatdı və qeyd etdi ki, Xankəndi Azərbaycan sözü olub, xan və kənd sözlərinin birləşməsindən yaranmışdır. Bu cür təkzibedilməz faktlar cənab Prezident qarşısındakı baş naziri çıxılmaz vəziyyətə saldı.

Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması, torpaqlarımızın işğaldan azad edilməsi üçün 30 ilə yaxın aparılan danışıqlar prosesində iştirak etməklə sülhə sadiqliyini göstərdi. Lakin qarşı tərəf ötən müddət ərzində danışıqlar prosesində irəliyə getmək üçün hər hansı bir addım atmadı. Paşinyan təxribatçı bəyanatları ilə sülhə ümumiyyətlə zərbə vurdu. Verilən bəyanatlarla, işğaldakı Azərbaycan ərazilərinə və cəbhə boyunca ardıcıl qanunsuz səfərlərlə sülhün mümkünsüzlüyünü göstərdi. 30 il işğal altında olan əzəli torpaqlarımız - Cəbrayıl, Füzuli, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Laçın, Şuşa, Hadrut və s. qəsəbə, kənd və şəhərlər, strateji yüksəkliklər işğaldan azad edildi. Bu müddət ərzində Ermənistan ordusu haqqında ermənilərin özlərinin yaratdıqları "məğlubedilməzlik" mifi darmadağın oldu. Düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. Düşmənlərimizin illərlə qurduğu, qürurla öyündükləri "yarılmaz istehkam"lar, "keçilməz səd"lər, xərclədiyi vəsaitlər və pulsuz aldıqları hərbi texnikalar Azərbaycan ordusunun qarşısında aciz qaldı.

"Münaqişənin hərbi yolla həlli yoxdur" kimi ifadələr səsləndirən, eyni zamanda sülh istiqamətində danışıqların aparılmasına mane olan Ermənistan rejimi bu gün artıq regional lider olan Azərbaycanın gücünə bələddir. Sülh prosesini və ərazi bütövlüyümüzün bərpasını gecikdirərək dövlətimizi mövcud vəziyyətlə barışmağa səsləyən Ermənistan gördü ki, Azərbaycan üçün ədalətin bərpasına sadəcə 44 gün bəs edir.

Nurlan ABDALOV,

"Respublika".