“Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq
Digər xəbərlər

“Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq" mövzusunda beynəlxalq tədbir

Bakıda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib.

Tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, Ombudsman Aparatının şöbə müdiri Lamiyə Zeynalova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva iştirak ediblər. Konfransa həmçinin Albaniya, Almaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Türkiyə və Gürcüstanın həmkarlar ittifaqlarının nümayəndələri, eləcə də BHİK-in və Pan Avropa Regional Şurasının (PARŞ) məsul şəxsləri qatılıblar.

AHİK sədri öncə konfransın əhəmiyyətindən və mövzunun aktuallığından danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqlarının qorunması istiqamətində həyata keçirilən strategiyadan və aparılan ardıcıl islahatlardan söz açıb və bildirib ki, insan hüquqlarının müdafiəsi, gender bərabərliyinin əldə edilməsi, xüsusilə qadın və qızların cəmiyyətdə fəallığının artmasına nail olunması AHİK-in qarşısında duran əsas məsələlərdir: "Bu istiqamətdə qurumun həyata keçirdiyi siyasətin əsasında statistik göstəricilərin sosial-iqtisadi, hüquqi, mədəni və psixoloji aspektlərinin təhlili durur. AHİK-də qəbul olunmuş "Gender bərabərliyi konsepsiyası" əsasında uzunmüddətli fəaliyyət proqramları icra olunur, Gender və Qadın Problemləri üzrə Mərkəz, Gender bilikləri və texnologiyası məktəbi fəaliyyət göstərir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə dövlətimizin qadın siyasətindən, ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün həyata keçirilən tədbirlərdən, qadınların elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurlardan danışıb.

MM-in komitə sədri Hicran Hüseynova ölkəmizdə qadınlarla bağlı məsələlərin həlli üçün qəbul olunan qanunlardan, imzalanan fərman və sərəncamlardan danışıb, müvafiq beynəlxalq sənədlərin ölkəmizdə tətbiq olunması ilə qadın hüquqlarının reallaşması və təminatı istiqamətində əldə olunan nailiyyətlərdən bəhs edib.

BHİK-in Bərabərlik departamentinin müdiri xanım Paula Simonetti çıxışında qadın hüquqları ilə bağlı dünyadakı vəziyyət barədə ətraflı məlumat verib, bu istiqamətdə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələri səsləndirib, bütün sahələrlə yanaşı, əmək şəraitində də qadınlar üçün bərabər imkanların yaradılmasının vacibliyinə toxunub.

Tədbirdə həmçinin nazir müavini Vüsal Nəsirlinin, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın, ASK-nin vitse-prezidenti Vüqar Zeynalovun, Ombudsman Aparatının şöbə müdiri Lamiyə Zeynalovanın mövzu üzrə çıxışları dinlənilib.

Tədbirdə həmçinin rəy və təkliflər səslənib, mövzu üzrə geniş fikir mübadiləsi aparılıb.

 

"Respublika".