Azərbaycan yaşıl enerji ixrac edəcək
İqtisadiyyat

Azərbaycan yaşıl enerji ixrac edəcək

Yeni qlobal çağırışların yarandığı dövrdə enerji transformasiyası Azərbaycanın gündəliyində dayanan vacib məsələlərdən biridir. Karbohidrogen resursları ilə zəngin olan ölkəmiz ixrac edəcək "yaşıl enerji"nin xüsusi çəkisini artırmağa çalışır. Şübhəsiz ki, respublikamızda bunun üçün olduqca əlverişli imkanlar var.

Fevralın 21-də energetika naziri Pərviz Şahbazovun Ağ evdə ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının (Ağ ev) iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşündə mühüm geosiyasi mövqedə yerləşən Azərbaycanın enerji resursları, xüsusilə Cənub Qaz Dəhlizi ilə Avropanın enerji təchizatının təhlükəsizliyində oynadığı strateji rolundan bəhs edilib. Bundan başqa, Azərbaycanın milli və qlobal səviyyədə enerji keçidinin sürətləndirilməsi, dekarbonizasiya, metan emissiyalarının azaldılması məsələlərinə dair siyasəti, bərpaolunan enerjinin inkişafı ilə bağlı kursu nəzərdən keçirilib. Görüşdə Azərbaycanın müstəqil enerji siyasətinin ilk vaxtlardan Ağ Evlə sıx tərəfdaşlıq əsasında inkişaf etdirildiyini vurğulayan nazir ölkəmizin hər zaman enerji təhlükəsizliyi təşəbbüslərinin reallaşmasında, Xəzərin neft-qaz resurslarının dünya bazarlarına çıxarılmasında bu tərəfdaşlığın müstəsna əhəmiyyət daşıdığını qeyd edib.

Hazırda Azərbaycanda bərpaolunan enerjinin təchizatçısına çevrilmək, istehsal edilən enerjini Avropaya nəql etmək üçün nəhəng "yaşıl enerji" dəhlizi yaratmaq istiqamətində mühüm addımlar atılır. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2030-cu ilədək ölkənin "yaşıl artım" kimi inkişafını nəzərdə tutan dövlət siyasəti enerji sektorunun transformasiyasına güclü təkan verib. Azad edilmiş ərazilərin "yaşıl enerji zonası" kimi inkişafı, sənaye miqyaslı "yaşıl enerji" layihələrinin beynəlxalq enerji şirkətləri ilə həyata keçirilməsi, energetika sahəsində köklü dəyişiklikləri təşviq edən islahatların aparılmasıyla yanaşı, respublikamızın tullantıların azaldılması ilə bağlı təşəbbüslərə qoşulması Azərbaycanın "yaşıl gündəliyi"nin icrasında prioritetlərə sadiq olduğunu təsdiqləyir.

Qeyd edək ki, energetika naziri Vaşinqtonda səfərdə olduğu iki gün müddətində amerikalı rəsmilərlə görüşüb, enerji məsələləri ilə bağlı ciddi müzakirələr aparıb. ABŞ-da fəaliyyət göstərən Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin baş direktoru Landon Derentz, ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm, ABŞ prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk və ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt görüşdə iştirak ediblər. Bütün görüşlərin əsas müzakirə mövzusu da məhz "yaşıl enerji" ilə bağlı olub. Həmçinin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsindən bəhs edilib və görülən işlər diqqətə çatdırılıb. Qeyd edək ki, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanmasından sonra bir sıra layihələr icra edilib. Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsi layihəsi ("Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi") ən böyük töhfələrdən biri olub. Dördlü platformada birləşən ölkələr vahid mövqedən çıxış edərək yaşıl enerji dəhlizi təşəbbüsü üzrə sıx əməkdaşlığa hazır olduqlarını Avropa İttifaqının şahidliyi ilə ali səviyyədə təsdiqləyiblər. Prezident İlham Əliyev bildirib ki, artıq dörd ölkənin - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın iştirakı ilə daha geniş format yaradılıb. Bu layihə yüksək dəyərləndirilib və o sadəcə, "Qara dəniz kabeli" kimi deyil, həm də Xəzərdəki külək enerjisi stansiyalarından Avropaya enerjini ötürən vasitə kimi qəbul edilib.

Layihənin həyata keçirilməsi regionda və Avropada yeni əməkdaşlıq mühitinin formalaşmasına səbəb olub. Bu strateji layihə bir neçə ölkəni, iki dənizi birləşdirən marşrutlarla Xəzərin "yaşıl enerji" potensialını Avropada təchizatın təhlükəsizliyinin gücləndirilməsinə, həmçinin təmiz enerji keçidinə nail olmaq üçün xüsusi əhəmiyyət daşıyır. Layihə Azərbaycanın yaşıl enerjinin təchizatçısına çevrilmək planlarının tərkib hissəsidir. Dəhlizlə 4 QVt həcmində yaşıl enerjinin ixracı məqsədilə dənizdə sahələr müəyyənləşdirilib, quruda ərazilər ayrılıb və növbəti proseslərə başlanılıb.

Nəticə etibarilə deyə bilərik ki, nazirin 2 gündə 4 görüş, 1 tədbirdə iştirak etməsi və burada mühüm məsələləri diqqətə çatdırması ölkəmizin enerji təhlükəsizliyi məsələsində xüsusi əhəmiyyət kəsb etdiyini göstərir. ABŞ tərəfinin bu sahədə Azərbaycana tam dəstək verməsi isə vacib məsələdir. Rəsmi Bakı da bu dəstəyi yüksək qiymətləndirir. Səfərin əsas məqsədi məhz yaşıl enerji sahəsində dəstəyin əldə olunması idi. Görüşlərdən sonra Ağ Evin verdiyi açıqlamalar və avropa mediasının yayımladığı xəbərlərdən o nəticəyə gələ bilərik ki, ABŞ Azərbaycana yaşıl enerji layihələrinin icrasında da dəstəyini əsirgəməyəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".