Azərbaycan üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəlikləri yerinə yetirir
Siyasət

Azərbaycan üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəlikləri yerinə yetirir

Güclü, qüdrətli Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi hərbi üstünlüklər düşməni təslim olmağa məcbur etdi. Cəmi 44 gün çəkən müharibədə 10 minlik fərari ordu "yaradan" Ermənistan hərbi əməliyyatların dayandırılması üçün bütün dünyanın gözü qarşısında ağ bayraq qaldıraraq kapitulyasiya aktı imzaladı. 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli Bəyanatla atəşkəs elan olundu və hər iki tərəf üzərinə bir sıra öhdəliklər götürdü. 10 noyabr Bəyanatına əsasən qarşı tərəf Kəlbəcər, Ağdam və Laçın rayonlarını bir güllə atılmadan geri qaytardı, çünki başqa çıxış yolu yox idi. Yenilməz Azərbaycan Ordusunun gücündən, "dəmir yumruğun" zərbəsindən hələ özünə gəlməmişdi. Lakin havadarları təcavüzkar ölkəyə digər öhdəliklərini yerinə yetirməyə imkan vermirlər. İmzasına hörmət qoymayan Ermənistan bugünədək məğlubiyyətini etiraf edərək imzaladığı üçtərəfli Bəyanatın müddəalarına əməl etməkdən boyun qaçırır.

Sənəddə təkcə döyüşlərin dayandırılması deyil, eyni zamanda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, kommunikasiyaların inşasının təmin edilməsi də qeyd olunub. 9 bənddən ibarət Bəyanatın 4-cü bəndində qeyd olunur ki, "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır". Ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycan heç bir müharibənin, münaqişənin tərəfdarı deyil və yerləşdiyi regionda əmin-amanlığın bərpa olunmasına ciddi səy göstərir. Son vaxtlar iki ölkə arasında sülhə daha çox yaxınlaşmanın müşahidə olunduğu bir zamanda bölgədə heç bir sülhməramlı qüvvənin yerləşməsinə ehtiyac qalmadığı üçün Azərbaycan və Rusiya ali rəhbərliyi sülhməramlıların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edib. Artıq hər iki ölkə liderinin birgə qərarı icra olunur.

Bəyanatın 9-cu maddəsində isə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, Ermənistanın vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verdiyi göstərilir. Prezident İlham Əliyev ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilmiş beynəlxalq forumda Yaponiyanın Keio Universitetinin professoru Yoko Hirosenin "… Mən inanıram ki, Azərbaycan beynəlxalq və regional nüfuzunu artırdıqca Zəngəzur dəhlizinin əhəmiyyəti daha da artacaq... Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı baxışı və siyasəti nədən ibarətdir?" sualına cavabında deyib: "Zəngəzur dəhlizinə gəlincə, qeyd etdiyiniz kimi, bu, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda açıq şəkildə əks olunub. Bəli, "Zəngəzur dəhlizi" sözü qeyd olunmayıb, lakin deyilib ki, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi olmalıdır və Rusiya sərhəd təhlükəsizliyi qüvvələri nəzarəti təmin etməlidir. Bu sənəd Prezident Putin, baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi Ermənistan 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur və yenə də deyirəm, onlar bunu özləri imzalayıblar. İndi onlar bu paraqrafdan, necə deyərlər, canlarını qurtarmaq istəyirlər. Lakin bu, mümkün deyil".

Artıq Azərbaycan tərəfindən İran ərazisindən, Araz çayının cənub hissəsindən keçid yolu salınır, avtomobil körpüləri inşa edilir, eyni zamanda İrana və oradan geriyə Naxçıvana, həmçinin Qarsa dəmir yolu körpüsünün inşası nəzərdə tutulur. Azərbaycan öz əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə quru yolun beynəlxalq nəzarət və təhlükəsizlik mexanizmi ilə təmin edilməsində qətiyyət göstərir və gec-tez buna nail olacaq. 2025-ci ildə Füzulidən Zəngilana gedən dəmir yolunun tikintisinin tamamlanması nəzərdə tutulub. Bütün bunları reallaşdırmaqla ölkəmiz regional nəqliyyat mərkəzi kimi mövqeyini daha da gücləndirəcək. Uzun illər işğalçılıq siyasəti yürütməklə regionda kommunikasiyaları iflic vəziyyətinə salan Ermənistan isə yenə də dalan dövlət kimi ölkəmizin bu möhtəşəm işlərini kənardan seyr edəcək.

Beynəlxalq hüquq normaları çərçivəsində siyasət yürüdən dövlətimiz üçtərəfli Bəyanatın müddəalarına hər zaman hörmətlə yanaşıb. Münaqişə zonasında bütün hərbi əməliyyatların tam dayandırılmasından sonra tutduğu mövqedə qalan Azərbaycan Laçından hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verməsi barədə öhdəliyini layiqincə yerinə yetirib. Ötən il sentyabr ayının 19-20-də ölkəmiz tərəfindən həyata keçirilən antiterror tədbirlərində bu, bir daha öz təsdiqini tapdı. Belə ki, dövlət başçımız Qarabağda yaşayan erməniəsilli vətəndaşların reinteqrasiyası üçün hər cür şəraitin yaradılacağını, onların Azərbaycan vətəndaşlığını qəbul etdikləri təqdirdə ölkəmizin konstitusiyasına uyğun olaraq azərbaycanlılarla eyni hüquqa malik olacaqlarını, ölkəmizin qanunları ilə yaşaya biləcəklərini dəfələrlə bəyan etmişdir. Azərbaycan qanunları ilə yaşamaq istəməyən erməniəsilli sakinlər könüllü olaraq Qarabağı tərk etdikdə isə onların Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsindən maneəsiz keçidi təmin olunmuşdur. Antiterror tədbirlərindən sonra Ermənistan baş naziri yerli sakinlərin heç bir təhdidlə üzləşmədiyini bildirmiş, bölgəyə səfər edən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabatlarında da dinc əhaliyə, infrastruktura ziyan vurulmadığı təsdiq edilmişdir.

Azərbaycan üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəlikləri yerinə yetirir və qarşı tərəfdən də bunu tələb edir. Lakin İkinci Qarabağ müharibəsindən 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də sülh müqaviləsini imzalamayan Ermənistan Zəngəzur dəhlizinin açılması istiqamətində bir addım belə atmamış, heç bir praktik iş həyata keçirməmişdir. ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilmiş beynəlxalq forumda çıxış edən dövlət başçımız bu barədə qətiyyətlə bildirmişdir ki, bizim mövqeyimiz çox aydındır, üçtərəfli Bəyanata hörmət edilməlidir.

Mehparə ƏLİYEVA,

"Respublika".