Azərbaycan mühüm nəqliyyat habına çevrilir
Siyasət

Azərbaycan mühüm nəqliyyat habına çevrilir

Bu gün ölkəmiz həm də Cənubi Qafqazın mühüm nəqliyyat qovşağına çevrilib. Prezident İlham Əliyevin iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söylədiyi fikirlər bunu bir daha təsdiqləyir: "Bildiyiniz kimi, biz nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparırıq və öz ərazimizdə infrastrukturu demək olar ki, əvvəlki dövrün tələbatına uyğun olaraq tam modernləşdirmişik. Amma bu gün tələbat daha da artır. Çünki yüklər artır, nəqliyyat marşrutları, qeyd etdiyim kimi məhdudlaşır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir. Eyni zamanda, bu sahə bizim üçün prioritet sahələrdən biridir". Müşavirədə ölkə başçımız son vaxtlar nəqliyyat sektorunun əhəmiyyətinin artması fonunda Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsinin bu sahənin inkişafına geniş imkanlar açdığını da diqqətə çatdırıb.

Avropa ilə Asiya arasında körpü rolunu oynayan, əsas ticarət yollarının kəsişməsində yerləşən ölkəmizin sürətli inkişafını şərtləndirən mühüm amillərdən biri çoxşaxəli regional və beynəlxalq ticarət əlaqələrinin qurulmasında aparıcı oyunçu kimi çıxış etməsidir. Bu gün düşünülmüş, müstəqil siyasət həyata keçirən dövlətimiz bütün sahələrdə olduğu kimi, böyük həcmdə investisiya yatırdığı nəqliyyat şəbəkələrinin də inkişafına nail olmuşdur. Azərbaycan beynəlxalq arenada zəngin təbii ehtiyatlara, güclü iqtisadiyyata sahib olan etibarlı tərəfdaş imici qazanmışdır.

2017-ci ildə tamamlanan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycanı Gürcüstan və Türkiyə ilə birləşdirərək Avropa ilə Asiya arasında birbaşa dəmir yolu əlaqəsi yaradır. Avropa ilə Asiyanı birləşdirən ən qısa yol - BTQ dəmir yolu xətti Qərblə Şərq ölkələri arasında yük daşınmasında tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini daha da artırır, logistik potensialından səmərəli istifadəyə geniş imkan yaradır. Yükdaşımalardan əlavə 1 milyon sərnişinə xidmət göstərən Bakı-Tbilisi-Qars dəmir yolu regionda ticari-iqtisadi əlaqələrin əsasını təşkil edən müasir infrastrukturun, nəqliyyat sahəsinin, o cümlədən turizm sahəsinin inkişafına xidmət edir. Belə ki, Çinlə ticarət əlaqələrinin genişlənməsində mühüm əhəmiyyət daşıyan BTQ vasitəsilə konteyner qatarı Qazaxıstan və Azərbaycan ərazisindən keçməklə Çindən Gürcüstana cəmi 8 günə çatır.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra daha da artmış, Orta Dəhlizə əlavə həcmdə yüklər cəlb edilmiş və qatarların qısa zamanda təyinat yerinə çatma vaxtı qısalmışdır. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin -Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın Avropa bazarına çıxışını sürətləndirir və bu yoldan istifadə edən ölkələrin tranzit daşımalardan əhəmiyyətli gəlir əldə etməsini təmin edir. Avrasiyanın nəqliyyat xəritəsinin əsas hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun üzərində yerləşən ölkələr bütün sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirməklə, eyni zamanda bölgədə sabitliyin, təhlükəsizliyin təmin olunmasına, hərtərəfli inkişafa mühüm töhfə verirlər.

Xəzər dənizi regionunda dəniz ticarətini asanlaşdıran və Azərbaycanın logistik imkanlarını artıran Beynəlxalq Dəniz Ticarət Limanı ölkəmizin ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə beynəlxalq yüklərin daşınmasında mühüm rol oynayır. Avrasiyanın əsas nəqliyyat qovşaqlarından biri olan liman Azərbaycanın nəqliyyat infrastrukturunun yeni istiqamətlər üzrə inkişafını təmin etməklə yükdaşımaların həcmini artıracaq. Beynəlxalq Dəniz Ticarət Limanı Bakının Xəzər hövzəsində müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevrilməsinə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığın dərinləşməsinə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır.

Azərbaycan Xəzər dənizində ən böyük dəniz limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tutumunu 15 milyon tondan 25 milyon tona çatdırmağı planlaşdırır. Yüklərin daşınmasını asanlaşdırmaq və daha sürətli və səmərəli etmək üçün multimodal əlaqəyə xüsusi önəm verilməsi ölkəmizin nəqliyyat habı statusunu daha da möhkəmləndirir. Belə ki, Azərbaycan yük maşınları, qatar, gəmi, təyyarə və s. nəqliyyat vasitələrindən istifadə etməklə beynəlxalq yüklərin və insanların təhlükəsiz, daha aşağı qiymətə və vaxta qənaətlə mənzil başına maneəsiz çatdırılmasına imkan yaradır. Bu məqsədlə, ölkə başçımızın göstərişi ilə Azərbaycan tarixində ilk olaraq hərəsi 115 min ton olmaqla üç tanker alınmışdır. Qara dənizdə "Şuşa", "Qarabağ" və "Zəngəzur" adları verilmiş tankerlərlə yerli malların daşınması ölkəmizə əlavə gəlirlər gətirəcək, həmçinin daha çox yüklərin daşınmasını mümkün edəcəkdir.

Çıxışlarında hər zaman dövlət başçımız Azərbaycanın yalnız böyük yükləri aşıran tranzit ölkə kimi deyil, həmçinin nəqliyyat marşrutları, eyni zamanda yaxın gələcəkdə yenidən işə düşməsinə dövlətimiz tərəfindən ciddi səy göstərilən Zəngəzur dəhlizi, Orta Dəhliz boyunca istehsal sahələrinin, sənaye zolaqlarının, biznes imkanlarının yaradılmasını hədəflədiyini bildirir. Cənubi Qafqaz ölkələri ilə əlaqələrini daha da möhkəmləndirən, regionun hərtərəfli tərəqqisinə mühüm töhfələr verən Azərbaycan nəqliyyat sektorunun inkişafı məqsədilə xarici investorları da bu sahədə əməkdaşlığa cəlb edir. Cənubdan Şimala və Şərqdən Qərbə gedən yolların demək olar ki, rayonlarımızın əksəriyyətini əhatə etməsi xarici investorların marağına səbəb olur və bütün bunlar isə Azərbaycanı böyük nəqliyyat habına çevirir.

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirmişdir ki, siyasi məsələlərdə olduğu kimi, regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə də müəyyən irəliləyişlərə nail olunmuşdur.

Nəqliyyat sahəsinin inkişafı dövlətimizin gələcəyə hesablanmış siyasətinin prioritet istiqamətlərindəndir. Bu gün Azərbaycan yalnız böyük yükləri aşıran tranzit ölkə kimi deyil, həm də regionun mühüm nəqliyyat habına çevrilir.

Mehparə ƏLİYEVA,

"Respublika".