Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir
Siyasət

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir

Hərtərəfli inkişaf, etibarlı və vacib tərəfdaş statusu, dünya üçün əhəmiyyətli və bir o qədər də strateji layihələr Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Ölkəmizlə əməkdaşlıq edən dövlətlər hər zaman bu münasibətlərdən məmnunluqla danışırlar. Odur ki, Azərbaycanı özünün strateji tərəfdaşı hesab edən dövlətlərin sayı artmaqdadır. Son dövrlər Balkan ölkələri, xüsusilə də Bolqarıstanla Azərbaycanın münasibətlərində yüksək dinamizm müşahidə olunur. Bildiyimiz kimi, bu ölkə ilə əlaqələrimiz qarşılıqlı hörmət və etimada əsaslanaraq siyasi, iqtisadi, enerji, mədəni və digər sahələri əhatə etməklə sürətlə inkişaf edir.

Bu ölkə ardıcıl olaraq ədalətli yanaşma sərgilədi, keçmiş Qarabağ münaqişənin ərazi bütövlüyü çərçivəsində həll olunması prinsipindən çıxış etdi. Bu, təbii ki, həmin dövr üçün Azərbaycanın haqq işinə böyük dəstək idi. Eləcə də Şərqi Zəngəzur və Qarabağ işğaldan azad edildikdən sonra Bolqarıstanın ayrı-seçkiliyə Qarşı Müdafiə Komissiyasının sədri Ana Cumalıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Ağdam şəhərində oldu və orada törədilən vandalizm aktlarını öz gözləri ilə gördülər. Ümumiyyətlə, iki ölkənin dostluğuna böyük təkan verən amil dövlət başçıları səviyyəsində təşkil olunan səfərlərdir. Səfərlər çərçivəsində keçirilən görüşlər, aparılan səmimi dialoq münasibətlərimizin indiki səviyyəyə çatmasına əsaslı zəmin yaradıb. Xüsusilə, 2015-ci ilin mart ayında Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri və imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə iki ölkə arasında  əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Eləcə də dost ölkənin Prezidenti Rumen Radevin 2017-ci ildə Azərbaycana səfəri əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayıb.

Sözsüz ki, enerji sahəsi ölkələrimiz arasında tərəfdaşlığın özəyini təşkil edir. Azərbaycan hazırda Bolqarıstanın enerji təhlükəsizliyində böyük rola malikdir. 2023-cü ildə 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı bu ölkəyə nəql olunub. Bu il isə bunun 1,5 milyard kubmetr təşkil edəcəyi proqnozlaşdırılır. Təbii ki, bu da yüksək göstəricidir. İnanırıq ki, Bolqarıstan Prezidenti cənab Rumen Radevin ölkəmizə budəfəki səfərinin də nəticələri uğurlu olacaq, ikitərəfli əməkdaşlığı yeni sahələr üzrə daha da genişləndirəcək. Strateji tərəfdaşlığın gücləndirilməsi, texnoloji innovasiya və digər sahələrə aid sənədlərin imzalanması bu qənaətə gəlməyə əsas verir.

Azərbaycan və Bolqarıstan prezidentlərinin mətbuata bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı cənab İlham Əliyev "yaşıl enerji" sahəsindən də bəhs etdi. Həmçinin Prezident Rumen Radev də Azərbaycanın "yaşıl enerji" layihələrinin perspektivinə toxundu. Qürurvericidir ki, Azərbaycan yaxın gələcəkdə "yaşıl enerji təchizatçısı" olaraq da tanınacaq və dünya üçün nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha sübut edəcək. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin effektli enerji siyasətinin, uğurlu təşəbbüskarlığının nəticələridir.                                  n

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar

İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.