ASTARADA BEYNƏLXALQ KONQRES
Region

ASTARADA BEYNƏLXALQ KONQRES

"Heydər Əliyev İli" Azərbaycanda və dünyanın bir çox ölkələrində dahi rəhbərin xatirəsinə sonsuz məhəbbətlə, böyük ehtiramla qeyd olunur. Əbədiyaşar lider, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar növbəti beynəlxalq tədbir Astara şəhərində keçirilib.

Heydər Əliyev Fondunun dəstəyi, Səhiyyə Nazirliyi, TƏBİB, Astara Rayon İcra Hakimiyyəti, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə VI Azərbaycan-Alman-Türk Tibb Konqresi və VIII Bakı Beynəlxalq Tibbi Treninq Günlərinə ölkəmizin cənub qapısı Astara rayonunda start verilib.

Beynəlxalq konqresin iştirakçıları ümummilli lider Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış əzəmətli abidəsi önünə tər güllər düzüb, əziz xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

Sonra ölkəmizin Dövlət Himni səsləndirilib, ulu öndərin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdrik rəhbərin mənalı və zəngin ömür yoluna həsr edilmiş sənədli film nümayiş olunub.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qonaqları salamlayıb, ümummilli liderin hakimiyyətdə olduğu hər iki dövrdə ölkəmizdə səhiyyənin inkişafına göstərdiyi misilsiz qayğıdan, nüfuzlu beynəlxalq konqresin Astarada keçirilməsinin əhəmiyyətindən danışıb. Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda yeni xəstəxanaların, elmi tibbi mərkəzlərin açıldığını, səhiyyə üzrə paytaxt Bakıda beynəlxalq qurultay, simpozium, konqres və konfransların keçirildiyini vurğulayıb. Ulu öndər tərəfindən səhiyyənin inkişafı, vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən islahatların Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Milli Məclisin üzvü, professor Rəşad Mahmudov dahi rəhbərin vətən və xalq qarşısında müstəsna xidmətlərindən danışıb. Ulu öndərin insanların səhhətinin, sağlamlığının qorunmasına, səhiyyə sahəsində milli kadrların hazırlanmasına yüksək önəm verdiyini qeyd edib.

TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov konfransın böyük əhəmiyyət daşıdığını, həkimlərin dostu olan ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə ölkənin səhiyyə sferasında əsaslı islahatların aparıldığını, tibb işçilərinin əbədiyaşar lideri həmişə böyük məhəbbətlə, minnətdarlıqla xatırladığını bildirib. İcraçı direktorun müavini 19 ildə səhiyyəmizin ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın həssas, yüksək diqqət və qayğısı ilə inkişaf edərək intibah dövrünü yaşadığını söyləyib.

Respublika səhiyyə naziri Teymur Musayev və Özbəkistan Respublikasının səhiyyə naziri İnoyatov Amrillo Shodievichin video müraciətlə konfrans iştirakçılarına təbriklərini, səmimi arzularını çatdırıb.

Sonra Mustafa Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin şöbə rəhbəri, tibb elmləri doktoru, professor Qurbanxan Müslümov Özbəkistan səhiyyəsinin inkişafında göstərdiyi xidmətlərə görə Özbəkistan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən medalla təltif edilib. Heydər Əliyev Fondu tərəfindən ümummilli liderin 100 illik yubileyi münasibətilə xüsusi təsis edilmiş xatirə hədiyyəsi Özbəkistan Respublikasının səhiyyə nazirinin müavini Abrorcon Alicanov tərəfindən professor Rəşad Mahmudova təqdim edilib.

Konqres plenar iclaslar və mədəni proqram üzrə davam etdirilib.

Konqres işini paytaxt Bakıda davam etdirəcəkdir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".