AŞPA-dakı nümayəndə heyətimizin qətiyyətli mövqeyi
Siyasət

AŞPA-dakı nümayəndə heyətimizin qətiyyətli mövqeyi

Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı. Bu qərar bir neçə cəhətdən vacib və əhəmiyyətlidir. AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması təklif olunmuşdu. Səbəblər sırasında ölkədə insan haqlarının pozulması halları birinci göstərilsə də, əslində, avropalıları narahat edən erməni terrorçularının Qarabağdan çıxarılması və 35 il ərzində Qarabağ ermənilərini siyasi girovluqda saxlayan qeyri-qanuni separatçı rejimin mövcudluğuna son qoyulmasıdır. AŞPA-nın bu qərəzli addımı avropalı deputatların Azərbaycanın öz ərazisi üzərində suveren hüquqlarını tam bərpa etməsinə etirazının təzahürü idi.

Bu qərar ölkəmizin milli maraq və mənafelərinə uyğun məsələlərə münasibətdə hansısa kənar təsirlərin yolverilməzliyinin vurğulanmasıdır. Dünyanın mövcud reallığı nəzərə almasının vaxtı çoxdan çatıb. AŞPA-dakı nümayəndə heyətimizin addımı vaxtı çatmış məsələ ilə əlaqədar, bir növ həyəcan təbilidir. Həmin qərar həm də Avropa Şurasının və onun ayrı-ayrı strukturlarının Azərbaycanla təzyiq dili ilə danısmasına sərt münasibətin ifadəsidir. Hesab edirik ki, həmin strukturlar hazırkı insidentdən dərs götürməlidirlər.

AŞPA-ya üzv olduğu 2001-ci ildən bəri öz ərazimizdə və Ermənistanda bir milyona yaxın azərbaycanlının adi insan hüquqlarının kobud şəkildə pozulması, minlərlə günahsız insanın milli mənsubiyyətinə görə ermənilər tərəfindən qətlə yetirilməsi və işğal olunmuş torpaqlarımızın etnik təmizləməyə məruz qalması ilə bağlı nümayəndə heyətimizin müzakirələr aparılması və müvafiq qərarlar qəbul olunmasına təkid etməsinə baxmayaraq, AŞPA bu məsələlərlə məşğul olmadığını və keçmiş  Ermənistan-Azərbaycan münaqişəsinin yalnız ATƏT çərçivəsində müzakirə oluna biləcəyini israr edirdi. AŞPA artıq otuz ildən çoxdur ki, bir sıra rəsmi sənədlərdəki sözdə çağırışdan başqa yurdlarından deportasiya edilmiş azərbaycanlıların taleyi ilə maraqlanmamışdır. Yüz minlərlə azərbaycanlı həm indiki Ermənistan ərazisindən, həm də Qarabağdan qovulub, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum duruma düşüb. Otuz ildən çoxdur davam edən məhkumluq bu gün də aktualdır.

Bəli, Qərbi Azərbaycandan olan soydaşlarımız hələ də öz vətənlərinə - Göyçəyə, Zəngəzura və digər bölgələrə ayaqlarını belə basa bilmirlər. Bəs bu müddətdə AŞPA da daxil olmaqla, Avropa qurumları onların öz evlərinə qayıtmaları üçün Ermənistandan nə isə tələb ediblərmi?

Laçın yolunu təntənəli şəkildə "dəhliz", sanki nəfəslik kimi göstərir, lakin həmin "nəfəslik" vasitəsilə azərbaycanlıların öz yurdlarına dönmələri məsələsini heç müzakirə belə etmək istəmirlər. Təsəvvürlərindəki "dəhliz" yalnız ermənilərin və onların havadarlarının Ermənistandan Azərbaycana sərbəst keçməsini təmin etməli olan birtərəfli hərəkət zolağıdır!

Bu tezisi demək üçün çoxlu sayda faktlar var. Elə AŞPA-nın da "faktları" yalnız "ermənilərə onu icazə vermirlər, bunu icazə vermirlər" kimi formal məntiqin çərçivəsini aşmır. Avropa dövlətlərinin (xüsusilə, Fransa və Almaniyanın) bununla bağlı tələblərindən belə qənaət hasil olur ki, "dəhliz" yalnız ermənilər və onların ağaları üçündür. Azərbaycanlılara "dəhliz" məntiqini şamil etməkdən uzaq duranlar isə Zəngəzur haqqında "Ermənistan ərazisində dəhliz ola bilməz" kimi məntiqsiz  bir cümlə işlədirlər.

Bunlarla yanaşı, Fransa və Almaniya başda olmaqla Aİ üzvləri və Kanada "mülki missiya" adı altında hərbçilərini və kəşfiyyatçılarını Ermənistan tərəfdən Azərbaycan sərhədini və daxili ərazini müşahidə etmək üçün göndərir. Budur, "demokratik vasitəçilik" nümunəsi? Bunlardır, "insan haqları", "siyasi məhbus" kimi təntənəli terminlərin məzmununu formalaşdıran davranışlar?

Ölkəmiz bu qurumdakı fəaliyyəti dövründə qaldırılan məsələlərlə bağlı hər zaman ədalətli mövqe sərgiləyib. Amma təəssüf ki, AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etməyib. Qərbdəki anti-Azərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər və bu gün də eyni siyasət yürüdülür.

Həm də AŞPA-dakı nümayəndə heyətimizin qərarından dərs götürməli olan yalnız Avropa Şurası deyil. Nəzərə alaq ki, ölkəmiz "qoca qitə"nin, eləcə də dünyanın digər təşkilatlarında da təmsil olunur, yaxud həmin təşkilatlarla əməkdaşlıq əlaqələrinə malikdir. Yəni onlar da hazırkı durumun ciddiliyinə həssas yanaşmalıdırlar.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlər ölkəmizlə diktə dilində danışa biləcəklərini düşünürdülər. Lakin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti çox haqlı qərar verərək bu qərəzli qurumla əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırdı. Bu tarixi qərarla biz sübut etdik ki, Azərbaycana qarşı səslənən ittihamların heç bir əsası yoxdur. Ölkəmiz AŞPA-nın üzvü olduğu illər ərzində bu qurum işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə qınamayıb. İşğal dövründə azərbaycanlılar zorla evlərindən qovuldular, Qərbi azərbaycanlılar isə etnik təmizləməyə məruz qalmışdılar. AŞPA deyilən qurum Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirdiyi tədbirləri "etnik təmizləmə" kimi qələmə verərək yenə anti-Azərbaycan mövqeyindən çıxış edir.

AŞPA Nizamnaməsinə görə 46 ölkənin deputatlarından təşkil olunmuş bu qurum Avropa Şurasına üzv olan ölkələrdə insan hüquqlarının qorunması, demokratiyanın təşviqi və qanunun aliliyinin təmin edilməsi kimi məsələləri monitorinq etməli, bu istiqamətlərdə baş verən müsbət təcrübəni yaymalı və neqativ halların aradan qaldırılması üçün çalışmalıdır. Xüsusilə təşkilata üzv dövlətlərin ərazisində baş verən münaqişələrin aradan qaldırılması üçün tərəflər arasında mövqelərin yaxınlaşmasına və konsensus tapılmasına cəhd göstərməlidir. Məhz bu ümidlərlə 2001-ci ildə Azərbaycan AŞPA-ya daxil oldu və bu hadisə həmin dövrdə ölkəmizdə böyük ruh yüksəkliyi ilə qarşılandı.

Ölkəmizdə bu quruma rəğbət onun ümumbəşəri dəyərləri təbliğ və  insan haqları və demokratiyanı təşviq etməsindən və xüsusilə beynəlxalq ədaləti dəstəklədiyini bəyan etməsindən irəli gəlirdi. Azərbaycan Avropa Şurasının və onun Parlament Assambleyasının bəyan etdiyi dəyərlərin tətbiqinə, ən kobud şəkildə pozulmuş insan haqlarının müdafiə olunmasına və beynəlxalq ədalətin bərqərar edilməsinə böyük ümidlər bəsləyirdi. Üzv olduğumuz digər beynəlxalq təşkilatlarla yanaşı, AŞPA-dan da gözləntilərimiz Azərbaycan torpaqlarının işğal faktının rəsmən tanınması və işğala son qoyulması üçün təcavüzkar dövlətə təzyiq göstərilməsindən ibarət idi. Lakin gözləntilərimizin əksinə olaraq Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi 35 il ərzində AŞPA bir milyon azərbaycanlının hüquqlarının müdafiəsi üçün bir qərar belə qəbul etmədi.

20 ildən çox AŞPA-da fəaliyyətimiz bu qurumun əsl məqsəd və məramını anlamaq üçün kifayətdir. Bu illər ərzində Azərbaycan nümayəndə heyətinin bütün səylərinə baxmayaraq, AŞPA Ermənistanı qonşu dövlətin torpaqlarını isğal etmiş təcavüzkar kimi tanımadı, Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistanın işğalçılıq siyasəti ilə bağlı irəli sürülən təkliflər eşidilmədi. Düşmən ölkənin  işğalçılıq siyasəti pislənmədi, Ermənistanda 1998-ci ildə parlamentin və 2013-cü ildə dinc nümayişçilərin gülləbaran edilməsi heç müzakirəyə belə çıxarılmadı. Ermənistanda başdan-ayağa korrupsiyaya uğramış, vətəndaşları və dövlət büdcəsini qarət edən və hər cür insan haqlarını tapdalayan Koçaryan-Sarkisyan hakimiyyətinə qarşı heç bir ittiham irəli sürülmədi. Azərbaycan nümayəndə heyətinin bu məsələlərlə bağlı müzakirə təşəbbüslərinin qarşısı isə dərhal alındı. Azərbaycan həqiqətlərinin geniş Avropa auditoriyasına çatdırılması üçün göstərilən bütün səy və təşəbbüslər aparıcı dövlətlərin deputatları tərəfindən bloklandı.

Fikrimcə, nümayəndə heyətimizin bu addımı dünyanın aparıcı təşkilatları üçün siqnal olmalıdır, o anlamda ki, həmin təşkilatlarda birləşmiş çoxluq, sanki dəvənin başını samanlığa salmasına bənzər görkəmdədir. Bu çoxluğun nümayəndələri anlamalıdırlar ki, təmsil olunduqları qurumların gəlişigözəl ifadələrdən o yana keçməyən məramları ilə mani-pulyasiya cəhdlərini kənardan çox yaxşı görənlər və tutarlı reaksiya verənlər var. Obrazlı desək, belələri özlərini dəvə olmaqdan qurtarmalı, başlarını samanlıqdan çıxarıb ətrafı yaxşı-yaxşı müşahidə etməlidirlər.

AŞPA-dakı nümayəndə heyətimizin təşkilatdakı iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı dünyanın mötəbər institutlarının böhranından  da xəbər verir. Azərbaycan bu böhrana ilk reaksiya verən ölkə kimi nümunədir. AŞ-nin üst eşelonu nəzərə almalıdır ki, səslərinə etimad etdikləri şəxslər hərəkət və davranısları, ədalətsizlikləri və haqsızlıqları ilə böhranı daha da dərinləşdirməkdədirlər. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.

Millətçi, təcavüzkar Ermənistanda - tarixən Qərbi Azərbaycan ərazisi sayılmış bu coğrafiyada min illər boyu yaşamış soydaşlarımızın etnik mövcudluğuna son qoyulması və onların mədəni irsinin məhv edilməsi son bir əsrdə dövlət siyasəti səviyyəsində gerçəkləşdirilmişdir. Nəticədə, azərbaycanlıların bu ərazilərin tarixi və əzəli sakinləri olduğunu sübut edən izləri yox etmək üçün məqsədyönlü şəkildə, kütləvi vandallıq aktları törədilmişdir. 1988-ci ildən başlanan sonuncu etnik təmizləmə nəticəsində on minlərlə azərbaycanlı ailəsinin əmlakı və mədəni irs nümunələri də ermənilər tərəfindən qarət edilmiş, mənimsənilmişdir. Bundan başqa, Qərbi Azərbaycanın qədim toponimləri erməni adları ilə əvəzlənmişdir.

Tarixə yönəlik vəhşilik, vandalizm təkcə mədəniyyət abidələrini məhv etməklə bitmir, onun tarixini dəyişdirmək, restavrasiya adıyla qədimliyinə zərbə vurmaq da barbarlığın, həyasızlığın bir nümunəsidir. Ümumiyyətlə, indiki Ermənistan ərazisində xalqımıza məxsus 3 min 500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid qəddarlıqla dağıdılmış, tamamilə yox edilmişdir. Viran qoyulmuş 900-dən çox tarix və mədəniyyət abidəsinin xarabalıqları bu gün də qalmaqdadır. Bütün bu qəddarlığa laqeyd qalan, biganə yanaşan AŞPA-nın bu gün haqdan, ədalətdən, insan hüquqlarının müdafiəsindən danışmağa nə qədər haqqı çatır?

Azərbaycana münasibətdə "siyasi məhbusların sayı dəhşətli dərəcədə artır" kimi bəyanatları beynəlxalq miqyasda ciddi cəzalandırılmalı manipulyasiya, mənəvi cinayət əməlidir. Çünki bununla həmin "demokratlar" milyonlarla günahsız insanın yenidən qanının axıdılması üçün terrorçulara dəstək verir, onları yeni-yeni qətllərə motivasiya edirlər. Eyni ssenarinin izlərini Qərbin Yaxın Şərqdə terrorçulara dəstək verməsində, onları stimullaşdırmasında da görürük.

Bundan başqa, hamı bilir ki, Azərbaycanın təhlükəsizlik orqanlarının həbs etdiyi hər bir separatçı konkret cinayət işlədib və bu, sübut olunub. Məsələn, Qarabağdakı sabiq separatçı rejimin keçmiş lideri Arayik Harutyunyan Gəncəyə raket atılması əmrini verdiyini açıq şəkildə bəyan etmişdi. A.Harutyunyan və silahdaşlarının cinayətkar olduqlarını sübuta yetirmək üçün təkcə bu fakt kifayətdir. Məlumdur ki, 44 günlük müharibə dönəmində Gəncənin atəşə tutulması ilə çoxlu sayda insan, o cümlədən uşaqlar həlak oldular.

Bu faktların mövcudluğu şəraitində Azərbaycanı öz xoşuna tərk edən bir erməninin burnu belə qanamayıb. Əksinə, onların jurnalistlərə dedikləri göstərir ki, ağır vəziyyətin yaranmasında erməni separatçılarını günahlandırırlar. Qarabağı tərk edən ermənilər azərbaycanlılarla heç bir problemlərinin olmadığını bildiriblər. Halbuki, Xocalıda, Malıbəylidə, Kəlbəcərdə cəmi 30 il əvvəl baş verən vəhşiliklərin fonunda olan köç prosesi və etnik ermənilərlə sivil davranış bütün dünyanın gözü qarşısında baş verirdi. Amma AŞPA yenə həqiqəti görmək və eşitmək istəmədi.

Məlum məsələdir ki, Fransa, Almaniya kimi böyük dövlətlərin maraqları bir çox hallarda beynəlxalq ədalət, qanunların aliliyi və demokratiya prinsipləri ilə uzlaşmaya da bilər və bu halda AŞPA tərəfindən bəyan edilmiş dəyərlər bilərəkdən arxa plana keçirilir.

 2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və 2023-cü ildə son 30 il müddətində böyük güc mərkəzlərinin dəstəyi ilə Qarabağda yuva salmış separatçı qüvvələrin təslim olması və nəhayət,  Azərbaycanın beynəlxalq səviyyədə tanınmış öz qanuni əraziləri üzərində suverenliyini təmin etməsi ölkəmizə və bütövlükdə Cənubi Qafqaz bölgəsinə təsir və təzyiq imkanlarını xeyli dərəcədə məhdudlaşdırıb. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması isə kənardan bölgəyə müdaxilə cəhdlərinin qarşısını tam şəkildə ala bilər. Odur ki, öz maraqlarını təmin etməyə çalışan Fransa, Almaniya, ABŞ kimi dövlətlər regionda öz müstəqil siyasətini aparmağa çalışan yeganə dövlət kimi Azərbaycana qarşı yeni təzyiq mexanizmlərini işə salmaq istəyirlər. Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti məhdudlaşdırılması cəhdləri də bu ssenarinin bir hissəsidir.

2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edərək əsl niyyətlərini göstərmişdi. Son dövrlərdə AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini "ermənilərin hüquqları" təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlmiş "Laçın dəhlizinin blokadaya alınması"nı qınayan, eləcə də "Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı"nı pisləyən qətnamələr qəbul edib, halbuki Xocalıda yüzlərlə dinc sakin vəhşicəsinə qətlə yetiriləndə sakitcə dayanıb bu hadisələri müşahidə edirdi.

Yalnız etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş 500 minə yaxın azərbaycanlının və onların varislərinin hüquqlarının tanınması məsələsinə laqeyd yanaşan Avropa siyasətinin əsl mahiyyəti irqçilik, etnik-dini təəssübkeşlik, qızışdırıcılıqdır. Bütün bunlar Azərbaycanın öz ərazisində təmin etməyə səy göstərdiyi azadlıq, istiqrar və ləyaqətli həyat məqsədləri ilə daban-dabana ziddir. AŞPA-nın yürütdüyü siyasət Azərbaycanın öz milli maraqları çərçivəsində aparmağa çalışdığı siyasətlə uzlaşmır, əksinə, toqquşur. Açıq-aşkar görünür ki, demokratiya, insan haqları, ədalət kimi yüksək pafoslu "Avropa dəyərləri"nin arxasında məkrli niyyətlər və güc mərkəzləri hesab edilən dövlətlər tərəfindən Afrikanın, Asiyanın və bütün zəif dövlətlərin əsrlər boyu əsarət altında saxlanmasını təmin edən neoimperializm siyasəti dayanır.

AŞPA-da mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırması yeganə düzgün və ləyaqətli qərar oldu. Dünyada 200-ə yaxın müstəqil dövlət var və onlardan yalnız 46-sı bu qurumun üzvüdür. Belə olan halda və torpaqlarımız azad olunduqdan, bütün ərazimiz üzərində suverenliyimiz təmin edildikdən sonra Azərbaycanın problemlərinə ikili münasibət bəsləyən AŞPA-ya heç bir ehtiyacı yoxdur.        

Misir MƏRDANOV,

AMEA-nın müxbir üzvü.