ABŞ-ın güdazına gedənlərin sonu:anarxiya, çəkişmələr
Siyasət

ABŞ-ın güdazına gedənlərin sonu:anarxiya, çəkişmələr

İkiüzlülük, riyakarlıq və selektiv yanaşma... Qeyd etdiyimiz bu üç anlayış son dövrlərdə dünyanı ağuşuna alıb desək, yanılmarıq. Bəşəriyyətin hansı nöqtəsində geosiyasi vəziyyət müsbət mənada dəyişirsə, mütləq ki, orada əldə olunan uğurlara qulp qoşanlara da rast gəlmək mümkündür. Dünyaya demokratiya yaymaq missiyasını öz üzərinə götürdüyünü iddia edən ABŞ bu günədək sözügedən istiqamətdə heç bir addım atmayıb. Əksinə, ABŞ-a etimad edən dövlətlər çox qısa zaman içərisində xaos və fəlakətlərin mərkəzinə çevrilib.

Məsələ ilə bağlı fikir bildirən politoloq Tural İsmayılov ABŞ-ın dünyada yeni imperializmi yayan ölkələrdən biri olduğunu söyləyib: "ABŞ-ın vəziyyəti gərginləşdirdiyi ölkələrdə hələ də siyasi qarşıdurmalar hökm sürür. Həmin dövlətlərin sərvətləri istismar edilir, daxili çaxnaşmalar müşahidə olunur. Bu gün ABŞ-ın müxtəlif dövlətlərdə vəziyyəti sarsıdacaq addımlar atması ölkələrin milli təhlükəsizliyi üçün ciddi təhdid halına gəlib. Amerikanın müxtəlif fondlar və maliyyə institutları vasitəsilə xalqların milli düşüncə tərzinə və məfkurəsinə müxtəlif yad elementləri sırımaq istəməsi, fərqli coğrafiyalarda insan və cinsi azlıqların hüquqlarından istifadə etməsi ABŞ-ın xain xislətini bir daha təsdiqləyir. Azad media, fikir plüralizmi adı altında müxtəlif casus şəbəkələrinin yaradılması Vaşinqtonun xarici siyasət kursunda əsas yer tutur. Təəssüflər olsun ki, bu gün ABŞ-ın müdaxilə etdiyi bölgələr "qan gölü"nə çevrilib. Müxtəlif inqilablar həmin coğrafi ərazilərdə sabitliyin əldə edilməsinə ciddi maneə törədir".

Bu gün Əfqanıstan və Ukraynadakı müşahidə olunan xaotik vəziyyətin kökündə də məhz ABŞ-ın dayandığını söyləmək mümkündür. Məlum olduğu kimi, hazırda Əfqanıstanda ABŞ-ın "demokratiya yayma missiyası"nın doğurduğu faciəvi insanlıq dramı baş verir. Zamanında paytaxt Kabildəki hava limanında baş verənlər ABŞ-dan demokratiya və xoşbəxt həyat umanlara göz dağıdır. Bu baxımdan, Amerika demokratiyasının güdazına gedənlər ssenari müəllifi Ağ Evin olan bu tamaşalardan nəticə çıxarmalıdırlar. Bu gün əksəriyyət ABŞ-ı Əfqanıstanda məğlub olmuş ölkə kimi tanıyır. Çünki onlar rəsmi Vaşinqtonun 370 minlik ən müasir hərbi texnika ilə silahlandırılmış ordusunun cəmi 70-75 minlik Taliban silahlı qruplaşması qarşısında aciz duruma düşərək Əfqanıstandan qaçdığına inanırlar. Şübhəsiz, bu məğlubiyyətin baş verdiyinə inanmaq üçün sadəlövh olmaq gərəkdir. Əslində isə, məsələ heç də kənardan göründüyü kimi deyil. ABŞ-ın Əfqanıstana girməyində əsas məqsəd konkret strateji hədəfləri reallaşdırmaq idi. Vaşinqton, həmçinin Rusiyanın Çini enerji resursları ilə təmin edəcək boru kəmərini bloklamaq istəyirdi. Ölkə elə buna da nail oldu.

Ağ Evin növbəti qurbanı isə Ukrayna idi. Hətta bir çox siyasətçilərin fikrincə, Vaşinqton "Əfqanıstan" ssenarisini indi də Ukraynada tətbiq etmək istəyir. Əvvəlcə rəsmi Kiyevi Moskvaya qarşı müharibəyə sövq edən Vaşinqton hazırda Ukraynanı meydanda tək qoyur. Əslində, Ukrayna ABŞ-a güvənməklə çox böyük səhv etdi. Hazırda Ukraynanın bütün infrastrukturu darmadağın olub. Müharibədə ölkəyə dəyən zərərin aradan qaldırılması üçün isə onilliklər lazımdır. Rusiya-Ukrayna müharibəsi ilə bağlı təhlillərə nəzər yetirsək, görərik ki, Qərb ölkələrinin Ukraynanı müharibəyə sürükləməsi, Avropanın öz mənfəətini hər şeydən üstün tutması, hətta bəzi qüvvələrin Rusiya ilə separatçı danışıqlara getməsi kimi fikirlər səslənir. Bunlar nəinki Qərb beyin mərkəzlərinin, eləcə də medianın əsas tezisinə çevrilib. Əvvəllər Ukraynanı Rusiyaya qarşı qızışdıran ABŞ bu gün ona dəstək göstərmək əvəzinə, qarşı tərəfi işğala sövq edir. Acınacaqlı hal isə ondan ibarətdir ki, heç kim minlərlə insanın ölümünə səbəb olan bu müharibəni dayandırmaq barədə fikirləşmir.

Vaşinqtonun riyakarlığı Azərbaycanla münasibətdə də özünü büruzə verir. Azərbaycanın Cənubi Qafqazda yeni siyasi durumun formalaşmasına verdiyi töhfə, eləcə də respublikamızın nüfuzunun gün keçdikcə daha da artması Qərbi, o cümlədən ABŞ-ı ciddi şəkildə narahat edir. Ümumiyyətlə, ölkəmizin uzun illərdir ABŞ-ın geosiyasi oyunlarına və qərəzli yanaşmasına məruz qaldığı hər kəsə məlumdur. Yaxın keçmişə nəzər salsaq görərik ki, hələ torpaqlarımız Ermənistan tərəfindən işğal olunduğu zaman ABŞ Konqresi Azərbaycana təhlükəsizlik yardımının qarşısını almışdı. Bununla yanaşı, "907-ci" düzəlişə əsasən Azərbaycanın guya "Ermənistanı blokadaya alması və Qarabağa qarşı güc tətbiq etməsi" göstərilirdi. Əslində isə həmin dövrdə təcavüzkar Ermənistan tərəfi idi və müharibə Azərbaycanın qanuni torpaqlarında gedirdi. Azərbaycan Ordusu da öz növbəsində uğurlu əks-hücum əməliyyatları həyata keçirirdi. Lakin rəsmi Vaşinqton nəinki işğalçı dövlətə təzyiq göstərdi, hətta Azərbaycan torpaqlarının işğal olunmasına və əhalinin soyqırımına məruz qalmasına bir növ dəstək nümayiş etdirdi. Beləliklə, ölkəmiz ərazisi işğal olunmaqla yanaşı, postsovet respublikaları arasında ABŞ yardımlarından məhrum edilmiş yeganə dövlət oldu. Nəticədə isə haylar Qarabağ da daxil olmaqla Azərbaycanın 7 ətraf rayonunu işğal etdi, 1 milyondan çox azərbaycanlını ağır şərtlər altında yaşayan qaçqın və məcburi köçkünə çevirdi.

Bu gün Ermənistan BMT qətnamələri ilə işğalçı ölkə kimi tanınır. Bütün bunlara baxmayaraq, ABŞ indiyədək Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyib. Bu da bir daha Ağ Evin regionlarda sülhə və sabitliyə təhlükə yaratmaqda maraqlı olduğunun əyani sübutudur. Bu məqsədlə, ABŞ-ın "xaosdan bəslənən" siyasətinin qarşısının alınması vacibdir.

Nəzrin ELDARQIZI,

"Respublika".