7 fevral 2024-cü il seçkiləri Prezidentliyə namizəd Zahid Orucun Seçki Platforması
Siyasət

7 fevral 2024-cü il seçkiləri Prezidentliyə namizəd Zahid Orucun Seçki Platforması

Qalib Gələcəyə-HƏ!

4-cü Respublika: Azərbaycanın Qalib Yüz İli!

Ən böyük sərvət İnsandır!

2024-cü il fevralın 7-də xalqımızın Zəfər tarixində ilk dəfə taleyüklü hadisə - prezident seçkiləri keçiriləcək. Azərbaycan dövlətçiliyinin öz inkiafında növbəti yeni tarixi mərhələyə qədəm qoyacaq bu seçkilər bütün mənalarda xüsusi əhəmiyyətə malikdir. Seçkilərdə mən üçüncü dəfə namizədliyimi irəli sürmüşəm və qarşıdakı illərdə Azərbaycanın inkişafına dair ideya və baxışlarımı seçicilərə təqdim edirəm.

Qalib vətəndaşa müraciət

İlk olaraq mediada, ictimaiyyətdə mənə ünvanlanan və ünvanlanacaq: namizədliyimi 3-cü dəfə nə üçün irəli sürməyimlə bağlı sualı qısa cavablandırıram.

Azərbaycan torpaqlarının otuz illik işğaldan azad edən, Vətən müharibəsində qalibiyyət və Zəfər tarixini yazan xalqımıza hər zaman həqiqətləri söyləməyə çalışdıq. Siyasət səmimiyyəti əsla inkar etmir.

Hazırda dünya və ölkəmiz, bütün qlobal münasibətlər sistemi tamamilə dəyişib, əhatəmizdə tamamilə yeni reallıq yaranıb. Bu gerçəklik nəinki 90-cı illər, hətta 2018-ci ildəki seçkilərlə müqayisə edilə bilməz. Tariximizdə ilk dəfə, müstəqillik dövründə bütün seçkilərdə namizədlərin öz proqramlarında ayrıca vurğuladığı ümummilli problem: "Qarabağ münaqişəsi, onun həlli yolları", habelə, "Qaçqın və məcburi köçkünlər" adlanan bəndlərin yer almadığı seçki prosesində iştirak edirik! Yaranan yeni tarixi reallığın ilk fərqli xüsusiyyəti budur.

Bu seçkilərə qədər Qarabağda Azərbaycanın prezidenti seçilməyib, indi tam suverenliyimizin təmin edildiyi bu ərazilərin əsl sahibləri ilk dəfə səs verəcək. Hesab edirik ki, Konstitusiyamızda qeyd edilən vahid hüquqi-siyasi, legitim məkanın bütövləşdiyi şəraitdə seçkilərə namizəd və səsverən vətəndaş kimi qatılmaq tarixi hadisədir, hər bir insanın tərcümeyi-halının parlaq səhifəsidir.

Dünyanın əksər dillərində eyni səslənən "Qələbə-qələbədir! Hər zaman alqışlanır!" deyimi var. Əksər sazişlərdə, sülh danışıqlarında onu "qazan-qazan" modeli də adlandırırlar. Yəni, prosesdə iştirak edən bütün tərəflər qazanır, hamı uduşlu vəziyyətdə qalır. Seçkilərdə namizəd kimi iştirakımız bu deyimlə də izah edilə bilər. Hesab edirik ki, dövlətimizin qarşıdakı daha möhtəşəm hadisələrinə vəsilə olacaq 7 fevral seçkilərindən məhz bütün xalqımız, hər kəs qazanması üçün, hər kəs seçkilərə namizəd kimi qoşulması öz Konstitusion hüquqlarından biridir.

Bu fikri - dünyada ümumi geosiyasi fon və Azərbaycanla bağlı davam etdirərək, tarixi paralellərdə aydın görmək olar. Artıq nəinki 90-cı, 2000-ci, 2010-cu, hətta 2020-ci illərlə belə müqayisələr qeyri-məqbuldur. Bunlar bəşəriyyətin arxada qoyduğu tam bir epoxadır. Yeni dövrün konturları yeni təqvimdə, rəqəmlərdə deyil, baş verən cahanşümul proseslərdə aydın sezilir. Baş verənlər yüz il əvvəlki tarixlə səsləşən proseslərdir.

Bu baxımdan seçkilərə mütləq olaraq qalib gəlmək üçün qatılmaq ritorikası kökündən yanlışdır. Dünyada yüzlərlə olimpiadalar, bilik və idman yarışları keçirilir. Burada heç kim əvvəlcədən qalib olmayacaq deyə qatılmıram-düşüncəsində olmur.

Amerikanı "Böyük Depressiya"dan çıxarıb, "Yeni Amerika" quran prezident F.Ruzvelt növbəti seçkilərə gedəndə deyirdi: "Məni seçkilər maraqlandırmır, mən dövlət əhəmiyyətli məsələlərlə məşğulam! Mən Amerika xalqına "Yeni Kurs" vəd edirəm. Bu, sadəcə seçki deyil. Yeni Amerika uğrunda səfərbərliyə çağırışdır!".

F.Ruzvelt sayca 4-cü qələbəsindən həmən sonra, andiçmə mərasiminin səhərisi Yaltaya - yeni dünya düzənini qurmağa gəlmişdi.

Bu gün də, hazırda mövcud dünya nizamının dağılması prosesləri olduqca sürətlənib. Bu çağırışlara cavab verə bilməyən ölkələr nəinki həmişəlik geri qala, hətta siyasi xəritədən yox ola bilərlər. Otuz il əvvəl məhz bu proseslərin şahidi olduq, bəzi dövlətlərin adı yalnız tarixdə qaldı. Otuz il boyu, 2020-ci ilin Zəfər gününə qədər biz müharibə şəraitində yaşamışıq, artıq başqa - quruculuq, yaradıcılıq dövrü başlayır.

Hər zamanın öz hokmu, çağırışları, öz bayraqdarı, öz sınağı, tələbləri, həll yolları var. 7 fevral 2024-cü ildən müasir tarixdə qalib Azərbaycanın yeni yüz ilinin başlanğıc nöqtəsi olacaq.

80-ə yaxın ölkənin qoşulduğu qlobal seçki marafonunda Azərbaycanın ən öndə gedəcəyi seçkilərdə 7 illik sabit bir zaman müddəti üçün dövlətimizin yeni quruculuq mərhələsini şəkilləndirmək, region və dünyada gedən proseslərlərdən ən uduşlu şəkildə çıxması üçün namizəd kimi öz baxışımızı təqdim etməyi vətəndaş borcu hesab edir, baxışlarımızı Azərbaycan seçicisinə təqdim edirik. Hər kəsi də yeni dünya düzənində Azərbaycanın layiqli yer tutması uğrunda quruculuqda iştiraka, tarixi vəzifələrlə bağlı baxışlarını bildirməyə dəvət edirik!

Xalqımız məğlub xalqdan - Qalib Xalqa, "Hər şey Qarabağ üçün!" sədası isə-"Qalib Kimlik" zirvəsinə ucalıb.

Bütün səviyyələrdə dağılan dünya nizamında, laxlayan beynəlxalq təşkilatlar, barış üçün yaradılan, lakin qərəzli qətnamələrin və savaşın tribunasına çevrilən BMT institutları, insan hüquqlarını, humanitar hüquqları boş şüara çevirən qəddar müharibələr və s. debatlarda qarşıdurmalar, radikal siyasi ritorika, "əlbəyaxa" səhnələr, qərəz və ittihamlar və s. seçki paradiqmaları -bunlar artıq köhnəlib...

Bizim hamımıza qalib Azərbaycan, qalib vətəndaş lazımdır - 3-cü yol!

Müstəqil namizəd kimi, hər kəsi "müxalifət-iqtidar qütbləşməsinin" fövqündə, hər kəsi yeni mərhələdə - yeni ölkə quruculuğunda fəal iştiraka dəvət edirik. Əminik ki, güclü ölkə - məhz güclü, fəal vətəndaşları ilə qurulur. Dünyada siyasi spektrin hər yerindən səsləri cəlb edən "3-cü tərəf/yol" nümunəsi kifayət qədər rast gəlinən, əhalinin əhəmiyyətli hissəsinin qoşulduğu hərəkatlar və s. var.

Namizədlər arasında siyasi mədəniyyət, indi ilə keçmiş arasında sivil mübarizə formatında deyil, səngər məntiqi, mübahisələr, 90-cı illərin qütbləşmə zehniyyəti ilə düşünmək, yalnız hər birimizin deyil, həm də quracağımız böyük gələcək üçün ayırdığımız vaxtın itkisi deməkdir.

Daxili siyasət Yeni: IV Respublika quruculuğu, Azərbaycanın Qalib Yüz İlinin inşası

Azərbaycanın yeni qalib yüz ilini, respublikanı birgə inşa edək!

Məlum deyimə görə, dünyada hər şeyin öz vaxtı var: savaşın öz vaxtı, sülhün və quruculuğun vaxtı. Qalib ölkəmizdə sülh və quruculuq vaxtıdır. Bu ilk növbədə tamamilə yeni qlobal və milli çağırışlara cavab verməyə qadir dövlət quruculuğudur. İndi quruculuq vaxtıdır. Bütün dünya güclərinin qarışdığı bir savaşı udan bir xalq öz firavanlığını təmin edən dövləti qurmağa qadirdir.

Əsrlər boyu yaşamış, əcdadlarımızın neçə nəsillərinin dövlətçilik arzuları müstəqilliyin bərpası ilə reallaşıb. 44 günlük müharibədə 30 illik işğal tarixinə son qoymaqla tam suverenliyini təmin etmiş Azərbaycan, dünyanın hər yerində hələ də haqsızlıqla üzləşən xalqlar üçün ədalət və ümid simvolu, işıq saçan ideyadır. Müzəffər Ordumuzun, şəhidlərimizn qanı ilə yazılan Zəfərimiz, XXI əsrin yeganə Qalib xalqı adı - milli gücümüz, qazandığımız misilsiz sərvətimizdir. Bu gün dövlətçilik tarixində ilk dəfə müstəqillik dövrünü nəinki 30 ildən çox qoruya bilən, hətta 30 illik işğala belə son qoyan ən güclü bir Azərbaycan var.

Bu əsasdan çıxış edərək, Azərbaycanda yeni siyasi eranın - IV Respublika quruculuğunun başlanmasını həm tarixi-epoxal, həm siyasi-ideoloji, həm də hüquqi-konstitutsional əsaslara malik olmasını bəyan edir, ictimaiyyətin nəzərinə təqdim edirik.

Son otuz ildən çox müddətdə dövlətimizin bütün gücü ümummilli problem - Qarabağın azadlığı yönündə ortaya qoyulub. Onun qalibiyyətli həlli - qarşıdakı yeni milli hədəfləri müəyyən etməyə imkan yaradıb. Bu seçkilərin taleyüklü amalı tamamilə fərqlidir, görüləcək bütün bu işlər artıq 7 fevral seçkiləri və sonrası yeni məzmunla dolacaq. IV Respublikanın strateji hədəfləri bəlli olacaq.

Fevralın 7-də qarşıdakı yeddi illik dövrdə inkişafımızı müəyyən edəcək böyük hədəflərlə bağlı xalqın yüksək diqqətinə hansı milli gündəliyi təklif edirik?

Əhatədəki qlobal çağırışlar imperiyaların çökdüyü, yeni dünyanın yarandığı tarixlə analogiya təşkil edir. Mövcud geosiyasi düzən dağılır, yenisi isə yaranmayıb. Onu yaradanlardan biri də Azərbaycandır. Biz xalqımızı daha təhlükəsiz və firavan sağlam gələcəyə apara biləcək yeni mərhələyə yeni strategiya, proqram və əzmlə başlayırıq.

Yeni dünya nizamının formalaşması ilə eyni dövrə təsadüf edən yeni dövlət: 4-cü Respublika quruculuğu yönündə - fikir, düşüncə, ideyalara geniş meydan açmaqdır.

"Azərbaycan möcüzəsi" əsri, Azərbaycan əsri - reallaşmağa qadirdir. Xalqımız "Sinqapur, Yaponiya möcüzələri" kimi nümunələr yaratmağa hazırdır. Yeri gəlmişkən, bu möcüzələrin yaradılmasına ən azı 4-5 onilliklər lazım olub.

Təkrar edək ki, bəli, müharibədə qələbə, mövcud iqtisadi göstəricilər, Ermənistanla qarşıdan gələn sülh müqaviləsinin imzalanacağı və sülhün verəcəyi potensial nəhəng imkanlar, ümidlər və s. bu proseslərin ən yüksək nəticə ilə bitəcəyinə əsas yaradır.

Bizim seçki proqramımız - ölkənin qarşıdakı inkişafı ilə bağlı baxışlarımız fərqlidir.

Bizim baxışımız Ədalətin Zəfər çaldığı IV Respublika inşasına çağırış, dəvətdir. Yeni dövlət quruculuğunda problemlərlə mübarizə deyil, onların üzərində köklü şəkİldə qələbə çalan idarəçilik infrastrukturu bərqərar ediləcək. 30 illik ədalətsizliyi yox edən, haqqını bərpa edən, qələbə çalan bir xalq üçün problemlər üzərində qələbə çalmaq - bu mümkün məsələdir.

IV Respublika - ədalət prinsiplərinə əsaslanan yeni siyasi eranın inşa edilməsidir. Tarix və təcrübə təcrübə göstərir ki, inkişaf, rifah və iqtisadi uğur ədalətin hakim olduğu, hamının qanun qarşısında bərabərliyi və qanunun aliliyi ilə bilavasitə bağlıdır. Bu o deməkdir ki, Zəfərimizlə yanaşı, fundamental, ən başlıca dəyər - ədalətdir, insanların ədalət gözləntisi əsas dəyərə çevrilməlidir.

Qeydə alınmış namizədlərin bu ödənişsiz təşviqat materialları Seçki Məcəlləsinə və MSK-nın müvafiq təlimatına əsasən dərc edilir.

Seçkiqabağı təşviqat materiallarındakı fikirlərə görə redaksiya məsuliyyət daşımır