30 illik işğalın sonu: böyük Zəfərin rəsmi sənədi
Siyasət

30 illik işğalın sonu: böyük Zəfərin rəsmi sənədi

"Qarabağ Azərbaycandır və nida" ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!". Bu sözləri Prezident İlham Əliyev 2020-ci il noyabrın 10-da xalqa müraciət edərkən deyib.

44 günlük Vətən müharibəsinə son qoyan, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli Bəyanatın qəbul olunmasından artıq üç il ötür. Qələbəmizin son nəticəsi kimi imzalanmış Bəyanat nəticəsində, hərbi əməliyyatlara yekun vurulub və 30 ildən çox davam etmiş münaqişədə atəşkəs təmin edilib. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində məğlub edilən və kapitulyasiya aktını imzalamağa məcbur olan Ermənistan rəhbərliyi işğal altındakı bütün ərazilərimizdən çıxıb.

Ölkəmiz müharibədə hərb tarixinə yeniliklər gətirib. Silahlı qüvvələrimiz ən müasir silahlardan istifadə etməklə, düşmənin bütün hərbi texnikasını məhv edib. Nəticədə, Ermənistan kapitulyasiya aktını imzalayıb. Üçtərəfli Bəyanatın imzalanması ilə artıq sərhədlərin delimitasiyası mövzusu gündəmə gəlib. Həmçinin burada bütün kommunikasiyaların açılması, Azərbaycan və Naxçıvan arasında əlaqələrin yaradılması məsələsi də yer alıb. Ən əsası isə, bu bəyanat regionda sülh və sabitliyin təmin olunmasına hədəflənib. Bəyanatda yer alan məsələlər regionun təhlükəsizliyinə töhfə verməklə yanaşı, həm də Azərbaycanın növbəti siyasi uğurunun göstərici olub. Bu tarixi sənədin imzalanması, Ermənistanın hərbi kapitulyasiyası idi. Öz-özlərinə saxta "dövlət" qurmuş, bu yalana özlərini inandırmış separatçıların xəyalları suya düşüb. Bu bəyanatın imzalanması ilə, bölgədəki geosiyasi vəziyyət dəyişib, yeni reallıq yaranıb. Azərbaycan bir daha göstərib ki, öz daxili məsələlərini həll etmək qüdrətinə sahibdir və kənar müdaxiləyə icazə verməyəcək.

44 günlük müharibədə məğlub olub, kapitulyasiya aktını imzalayan Ermənistan anlamalı idi ki, başqa ölkələrin ərazilərinə göz dikmək, revanşist düşüncələrlə çıxış etmək onlara fayda verməyəcək. Lakin separatçılar bundan sonra da təxribatlarla çıxış etməyə davam edib. Ötən üç ildə Ermənistan münaqişənin həlli ilə bağlı yetərli səviyyədə reaksiya göstərməyib. 10 noyabr 2020-ci ildə imzalanan Bəyanatın müddəalarına əməl edilməyib. Onlar Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutub, ərazilərimizin minalanması prosesini davam etdirib, səngər və sığınacaqlar qazıb nəticədə bölgədə gərginlik artıb. Azərbaycan antiterror tədbirləri həyata keçirməyə məcbur olub.

Bu tədbirlərlə Azərbaycan ərazilərində separatçı ünsürlərin qalıqları təmizlənib, tam suverenliyimiz təmin edilib. İlham Əliyev oktyabrın 15-də Xankəndidə üçrəngli bayrağımızı dalğalandırıb. Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağını qaldırarkən İlham Əliyev deyib: "Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Üçtərəfli Bəyanatın imzalanması xalqımızın sarsılmaz birliyinin təcəssümüdür. Azərbaycanın bütün əhalisi böyük qürur və həyəcan ilə həmin günlərin şahidi olub. Azərbaycanın layiqli, haqlı savaşında qələbəsi yeddidən yetmişə hər kəsi sevindirib, qürurlandırıb. Bütün əhali böyük həyəcanla, televizor qarşısında ölkə başçısının zəfər xəbərini gözləyib. Vətəndaşlarımız bu xəbəri böyük xoşbəxtlik hissi ilə qarşılayıb.

44 günlük Vətən müharibəsində Azərbaycanın zəfərini rəsmiləşdirən Bəyanatla on illərlə davam edən işğala son qoyulub. Bəyanatın imzalanması nəticəsində Ağdam, Laçın, Kəlbəcər rayonları bir damla qan tökülmədən öz əzəli sahibinə qaytarılıb, İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələnib. Bu qələbəmizi vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizə, öz qətiyyətli siyasəti ilə insanları özünə inadırmağı bacaran Ali Baş Komandana və bütün Azərbaycan xalqına borcluyuq. Azərbaycan xalqı bununla bir daha göstərib ki, nə qədər böyük iradəyə, gücə sahibdir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".