Ermənistan
Siyasət

Ermənistan "hərraca çıxarılır"

Kollektiv Qərb Cənubi Qafqaza müdaxilə etməyə cəhd göstərir. Gələn həftə Brüsseldə planlaşdırılan Aİ-Ermənistan-ABŞ müştərək görüşü də buna bir işarədir. Qatı Pan-Avropa nümayəndələri dünyada heç bir prosesin məhz onların vasitəçiliyi olmadan baş verməsini istəmirlər.

Ermənistan hakimiyyəti isə bölgəyə "üçüncü şəxs"i buraxmaqla vaxt qazanmağa və qeyri-müəyyən, "kilsə duaları" ilə yaşayan hökuməti ayaqda saxlamağa cəhd edir. Baş nazir Nikol Paşinyan son zamanlar Qərbin xüsusi xidmət orqanlarının gec-tez çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılacağı ilə bağlı ona ötürülən məlumatlar fonunda kritik bəyanatlar verir. Görünür, Qərblə əlaqələrini yaxşılaşdırmaqla öz kreslosunu möhkəmləndirmək istəyir. Bir daşla iki quş vurmağı hədəfləyən İrəvan hökumətinin sonda özünün "ov"a çevrilməsi ssenarisi bugünkü reallıqda daha ağlabatan görünür.

Artıq Ermənistanın daxilində olan bəzi beyin mərkəzləri də ölkənin müstəqil olmadığı gerçəyini qəbul edirlər. Bu gün haylar özlərini Avropaya müstəmləkə kimi sırımağa çalışırlar. Tamamilə müstəqil deyil, nəhəng dövlətlərin forpostu olmağı daha səmərəli hesab edən Ermənistan hökuməti bu istəyini hər fürsətdə dilə gətirir. Rusiyadan asılılığı tamamilə qıra bilməyən Ermənistan  iqtidarı Avropaya meyillənməklə çox qəribə bir yol xəritəsi cızır. Daha doğrusu, Nikol Paşinyan ölkəsini bir növ "hərraca çıxarır". Geriyə dönməyin mümkünsüz olduğu bu dövr həm də rəsmi İrəvan üçün həlledici olacaq. Kremllə get-gedə bütün mədəni bağların qopması, avrosentrizm maraqlarının getdikcə artması 5 aprel görüşünün ilkin detalları haqqında məlumat verməyə kifayət edir. Böyük ehtimal ki, üçtərəfli görüşün əslində Avropa İttifaqı və ABŞ arasında keçiriləcəyi, Ermənistana isə sadəcə nəticələrin bildiriləcəyi daha inandırıcıdır. Məlum olduğu kimi, infantil siyasət ilə məşğul olan baş nazir Nikol Paşinyan müstəqil qərarlar qəbul etmək iqtidarında deyil. Kollektiv Qərbin Ermənistanı bölgəni asan idarə etmək üçün hərbi bazaya çevirmək cəhdləri hər kəsə məlumdur. Son dövrlərdə bu ölkəylə imzalanan hərbi sənədlər də bunun carçısıdır. ABŞ və Avropanın hayların əli ilə regionu qeyri-sabitliyə və fəlakətə sürükləmək istəyi və Rusiyaya qarşı Ukraynadan sonra ikinci cəbhəni məhz burada açmaq istəməsi də istisna deyil.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə aprelin 5-də Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı danışarkən bildirib ki, bu tədbir açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır: "Konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan qarşılıqlı etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və "təsir dairələri" yaradır". Əlavə olaraq XİN rəsmisinin açıqlamasında Ermənistandakı revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst mövqe Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-ın İrəvanı dəstəkləyəcəyinə dair təhlükəli illüziya yarada biləcəyi qeyd olunub.

Ermənistan və ABŞ tərəfi Azərbaycanın haqlı tənqidini qəbul etməyib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller KİV-lərə açıqlamasında bildirib ki, görüşdə əsas diqqət Ermənistana öz ticarət əlaqələrini şaxələndirməyə və humanitar ehtiyacları həll etməyə kömək etmək üçün iqtisadi dayanıqlığa yönəldiləcək. Təbii ki, bu da bir fərqli yönləndirmə siyasətidir. Çünki Ağ Evdən fərqli olaraq haylar bu görüşdə müdafiə məsələlərinin də müzakirə olunacağını bildiriblər. Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın tədbirin öz ölkəsinin müqavimətini gücləndirmək məqsədi daşıdığı haqqında fikri bir daha sübut edir ki, bu tip görüşlərin əsasında erməni təəssübkeşliyi dayanır. Şübhəsiz, masada sülhdən daha çox Qarabağdan köç edən ermənilərin qaçqın kimi qələmə verilməsi və beynəlxalq mühitdə yanlış fikrin formalaşdırılması müzakirə olunacaq. Demək olar ki, hər həftə yeni bir koalisiya, yeni bir ittifaq yaratmaq xəyalı ilə yaşayan Ermənistan hökuməti gələcəyi düşünülməmiş əməkdaşlıqların qurbanına çevrilə bilər.

30 ildir münaqişənin dondurulmasında vasitəçi olan Qərb bloku ölkələrinin parlamentlərində, BMT-nin Təhlükəsizlik Şurasında, AŞPA-da, Avropa Parlamentində və beynəlxalq platformalarda gündəliklərə salınan və haqqında qətnamələr qəbul edilən "Humanitar fəlakət" ssenarisi işə salındı, Qarabağ üçün "Kosovo variantı" hazırlamağa başlanıldı. Slavyan torpaqlarına yeni düyünlər bərkidən Qərb indi də bu ssenarini Cənubi Qafqazda təkrarlamağa cəhd edir. Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsini qanlı müharibəyə sürükləyən Avropanın tanınmamış Kosovoya silah satdığını bildirir. Bu mənzərə isə Cənubi Qafqazla tam olaraq səsləşir. Hər iki münaqişə bölgəsinə müşahidəçi missiyaları göndərən Aİ bununla bütün nəzarəti öz əlində cəmləşdirmək istəyir. "Natamamlıq kompleksi" yaşayan Aİ dünyada Pan-Avropa dəyərlərini vahid ideologiyaya çevirmək istəyir.

Lakin bu cür fitnə əməllər Cənubi Qafqazda işə yaramır. Regionda "axilles dabanı" rolunu oynayan Ermənistan olsa belə, "dəmir yumruq" ilə bölgənin müdafiəsini təşkil edən Azərbaycan bu planı iflasa uğratmaq qətiyyətinə malikdir. Prezident İlham Əliyevin qətiyyətli iradəsinə qarşı Qərb mediası və Qərbin kəşfiyyat qurumlarına bağlı olan fondlar tərəfindən Azərbaycanda qeyri-qanuni yolla yaradılan informasiya resursları misli görünməmiş sistemli və total kampaniya apardı. Qarabağa qanunsuz səfərlər edən avropalı siyasətçilərin regiona gətirdikləri təhlükə Ermənistandan kənara çıxa bilmədi, Azərbaycanda mövcud olan agentura şəbəkələri dəf edildi.

ABŞ-ın haylara bu qədər "mülayim" davranmasının əsl səbəblərindən biri, şübhəsiz ki, "sələf yadigarı"dır. Bu gün ermənilərin əllərində "bayraq etdikləri", Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan və 2020-ci ildə Azərbaycan tərəfindən tarixin tozlu səhifələrinə göndərilən "böyük Ermənistan" xülyası da ABŞ-ın 28-ci Prezidenti Vudro Vilsonun planı olub. Məhz onun təklifi ilə sözügedən plan 1918-ci il yanvarın 8-də Amerika Birləşmiş Ştatları Konqresi tərəfindən qəbul olunub. Vudro həm də ermənipərəstliyi ilə tarixdə qalıb. O, "böyük Ermənistan" ideyasının reallaşmasına təkan verən əsas fiqur sayılıb.

Bunun müqabilində Ermənistanın ABŞ-a təşəkkürü yeni əsrə qalmayıb. Ağ Evin o dövrdə soyuq müharibə şəraitində olduğu və ən böyük düşməni hesab edilən SSRİ-nin süquta uğramasında "pay sahib"lərindən biri də məhz haylardır. Bunu həmin dövrdən bu günə qədər gəlib çıxan bəzi faktlar da təsdiqləyir. Keçmiş SSRİ-də ABŞ-a məxsus agentura şəbəkələrinin başında dayanan erməni Amazasp (Amo) Harutyunyanın "erməni məsələsini" təhsil ocaqlarında və erməni cəmiyyətləri içərisində gizlicə təbliğ etdiyi bir dövrdə, 1950-ci illərdə BMT-də işləyib, sonradan SSRİ-nin Kanadadakı səfiri və XİN-də xarici siyasətin planlaşdırılması şöbəsinin rəisi olması bir sıra gizli məqamların pərdəsini aralayır. Moskva universitetində antisovet fəaliyyəti ilə gənc ermənilərin beynini zəhərləyən Amo ilə birlikdə Vazgen Manukyan, dişi canavar  Silva Kaputikyan, marşallar Baqramyan və Babacanyan da bu işdə bilavasitə xidmət göstərib. 1988-ci ildə başlayan erməni separatizmi dalğası SSRİ-nin süqutunda təməl daşı oldu. Bu səbəbdəndir ki, ittifaqın parçalanmasından sonra müstəqillik qazanan ilk dövlət də məhz Ermənistandır. Həmin dövrdən Qərblə müttəfiq olan erməni lobbisi ötən 40 ilə yaxın vaxt ərzində nə "böyük Ermənistan" yarada bildi, nə də müstəqil siyasət qurmağa nail oldu.

Qərb keçmişi unudaraq gələcəyə inteqrasiya planları qurur. Lakin unudulan insan haqlarının bərpası ox kimi blokun üzünə sancılır. Ermənistanın 200 ildir ki, regionda törətdiyi bədnam əməllər bəlkə Qərbin açmaq istəmədiyi dəftər ola bilər, amma Azərbaycan eyni ssenarinin təkrarlanmasına göz yummaq niyyətində deyil. İki əsrə yaxındır davam edən hay təəssübkeşliyinin artıq regiona zərbə vurmaq təhdidləri tamamilə aradan qaldırılır. Ermənistan Azərbaycanla birgə sülh masasına əyləşərsə və bu proses ikiüzlü vasitəçilərin iştirakı olmadan baş verərsə, bu zaman region öz sabitliyinə qovuşacaq. Daha qarışıq görünən ikinci ssenaridə isə İrəvanın infantil siyasətdən qurtulmaq bacarığı olmasa Qərb blokunun köləsinə çevrilməsi Cənubi Qafqazın yeni münaqişə meydanı olması ehtimalını artırır. Bu isə hayların sonunu gətirər. Qısaca, Ermənistan hər hansı bir ikilik, üçlük, dördlük və ya digər çoxüzlü təşkilatlara qoşulmaqdan və Qərbin maşası olmaqdan əl çəkməlidir. Hər hansı bir anti-Azərbaycan koalisiya, konfrans, görüş və bu tipli riyakar siyasət haylar üçün "bumeranq effekti" yarada bilər.

Tacir SADIQOV,

"Respublika".