“Ağa”sını dəyişmək yolunu seçən Ermənistanın ağır günlərlə üzləşəcəyi şübhəsizdir
Siyasət

“Ağa”sını dəyişmək yolunu seçən Ermənistanın ağır günlərlə üzləşəcəyi şübhəsizdir

Qərbin bütün mümkün vasitələrlə Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaq istəyi hər kəsə məlumdur. Bu məqsədinə çatmaq üçün Qərb Ermənistandan istifadə edir.

Bir müddət öncə NATO-nun Baş katibi Yens Stoltenberqin regiona səfəri zamanı verdiyi mesajlara nəzər salsaq görərik ki, hərbi alyansın rəhbəri Rusiyaya qarşı cəbhə almaq üçün Cənubi Qafqaz ölkələrinə çağırış etdi. NATO Baş katibinin həm Bakıda, həm də İrəvanda keçirdiyi görüşlərdə “Rusiyanın Ukraynada qalib gələcəyi təqdirdə, hər kəs üçün daha təhlükəli olacağına” dair verdiyi bəyanat və  Rusiyaya qarşı sanksiyalara qoşulmağın vacibliyi ilə bağlı dedikləri onu göstərir ki, əsas hədəf Rusiya əleyhinə yeni cəbhənin açılmasını, region ölkələrinin Qərb cəbhəsinə dəstəyini təmin etməkdir.

Azərbaycanın bununla bağlı mövqeyi ortadadır. Biz Cənubi Qafqazın Rusiya və Qərb arasında döyüş meydanına çevrilməsində maraqlı deyilik. Azərbaycanın müstəqil xarici siyasət kursu var və dövlətimiz bu kursa uyğun olaraq balanslı siyasət yürüdür. Rəsmi Bakının Qərbin və hər hansı digər bir diplomatik mərkəzin sifarişlərini icra etmək niyyəti yoxdur. Odur ki, Qərb yeganə vasitə olan Ermənistanı bu oyuna çəkmək üçün bütün imkanlardan istifadə edir. Nikol Paşinyanın Yens Stoltenberqin ardınca indi də Brüsseldə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinkenlə görüşə hazılaşmasına da bu oyunun tərkib hissəsi kimi baxmaq lazımdır.

Böyük ehtimalla bu görüşlərdə ABŞ və Avropa İttifaqı Ukrayna ilə Böyük Britaniya, Fransa, Almaniya, Niderland arasında ikitərəfli sazişlər kimi Ermənistana da təhlükəsizlik zəmanətləri vermək üçün paktın imzalanması müzakirə edəcək. Ermənistanın isə bunun nə qədər yanlış yol olduğunu bilə-bilə bu avantürada iştirak etməkdən başqa yolu yoxdur. Çünki davamlı təzyiqlər nəticəsində Ermənistan artıq neçə ildir ki, bu və ya digər formada Rusiyaya qarşı mövqe ortaya qoyur. KTMT iclaslarının baykot edilməsi, Roma Statutuna qoşulmaqla bağlı qərar, Zvartnots hava limanından Rusiya hərbçilərinin çıxarılması üçün edilən müraciət, Rusiyanın bütün etirazlarına baxmayaraq Ermənistandakı Avropa İttifaqı müşahidə missiyasının statusunun təsdiqi, eləcə də Ermənistan banklarının martın 30-dan etibarən Rusiyanın “Mir” ödəniş sistemi kartlarının qəbulunu dayandıracağı ilə bağlı qərar verməsi bunun bariz sübutudur.

Qərb ümumiyyətlə Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılmasını və boşalacaq yerə öz qoşunlarının yerləşdirilməsini, Ermənistanın KTMT-dən çıxmasını tələb edir. Ermənistanla təhlükəsizlik zəmanəti ilə bağlı paktın imzalanması üçün təkliflər də buradan qaynaqlanır. Başqa sözlə desək, Qərb Ermənistana Rusiyaya qarşı olacağı halda ona təhlükəsizlik zəmanəti verə biləcəyi mesajını verir.

Bu sadalananların, yəni Cənubi Qafqazın Qərb və Rusiya arasında döyüş meydanına çevrilməsi cəhdlərinin bütün region ölkələrinə mənfi təsiri istisna deyil. Amma bütün bunlardan ən çox ziyan çəkəcək yenə də Ermənistan olacaq. Çünki regiona kənar qüvvələrin cəlb edilməsi məsələsi Ermənistanın ən yaxın müttəfiqi İranı Ermənstanla bağlı müəyyən qərarlar vermək məcburiyyətində qoyacaq. İran Böyük Azərbaycan və Böyük Türk Dünyası qorxusu ilə Ermənistanın yanında olsa da, onun bu addımları birbaşa İran üçün təhdiddir.

Rusiya isə indiyə qədər Ermənistanın hərəkətlərinə qarşı sərgilədiyi quru bəyanatlar və açıqlamadan o yana keçməyən mövqeni sərtləşdirmək məcburiyyətində qalacaq. Ermənistanın istər enerji , istərsə də ərzaq təhlükəsizliyi baxımından Rusiyadan asılılığını, ölkədə olan iri dövlət şirkətlərinin demək olar ki, hamısının müqavilələr əsasında Rusiyaya aid olduğunu, hətta nəqliyyat infrastrukturunun, məsələn Ermənistan Dəmir Yollarının da Rusiyaya verildiyini nəzərə alsaq Ermənistana təzyiq üçün imkanlar kifayət qədərdir.Üstəlik müxalifətin Rusiyadan idarə olunması və orduda hələ də Rusiyaya bağlı kifayət qədər şəxslərin olduğu da nəzərə alınmalıdır Beləliklə, müstəqil dövlət olmaq əvəzinə ancaq “ağa”sını dəyişmək yolunu seçən Ermənistanın yaxın vaxtlarda ağır günlərlə üzləşəcəyi şübhəsizdir.

Rəşad BAYRAMOV,

Politoloq.