İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Taekvondoçularımız beynəlxalq turnirdə iştirak edəcəklər

Taekvondo üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. G2 kateqoriyalı yarışda 11 idmançımız iştirak edəcək. Kişilərdən ibarət yığmanın tərkibində Səyyad Dadaşov (58 kiloqram), Cavad Ağayev (74 kiloqram), Eltac Qafarov (80 kiloqram), Milad Beigi Harçəqani və Həmidrza Badrialiabadi (hər ikisi +87 kiloqram) yer alıb. Qadınların yarışında ölkəmizi Zemfira Həsənzadə, Minayə Əkbərova, Məryəm Məmmədova, Səmərrux Osmanova (hamısı 49 kiloqram), Səidə Əliyeva (57 kiloqram) və Fatimə Məcidova (67 kiloqram) təmsil edəcəklər.

"Qarabağ" klubu futbolçusu ilə müqaviləni yeniləyib

"Qarabağ" klubu futbolçusu Leandro Andrade ilə müqaviləni yeniləyib. Yarımmüdafiəçi ilə sözləşmə 2027-ci il iyunun 30-dək uzadılıb. 24 yaşlı futbolçu 2022-ci ilin yanvarından komandada yer alır. O, "Qarabağ"ın heyətində 86 oyun keçirib və 22 qol vurub. Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib. Qeyd edək ki, Leandro "Qarabağ"ın heyətində iki dəfə (2021-2022, 2022-2023) Azərbaycan çempionu, bir dəfə (2021-2022) ölkə kubokunun qalibi olub.

Basketbol liqasında növbəti turun oyunları

Azərbaycan Basketbol Liqasında XIII turun növbəti oyunu keçirilib. "Sabah" yeni baş məşqçisi Rimas Kurtinaytisin rəhbərliyi altında ilk matçına çıxıb. "Tələbələr" "Sərhədçi" komandası ilə qarşılaşıb. "Sərhədçi" İdman Mərkəzində baş tutan görüş "Sabah"ın 96:71 hesablı qələbəsi ilə başa çatıb. Xallarını 24-ə çatdıran komanda liderliyini möhkəmləndirib. İkinci pillədə 22 xalla "NTD-İndiqo" qərarlaşıb. Qeyd edək ki, açılış oyununda "Xırdalan" "Gəncə"ni 93:87 hesabı ilə məğlub edib. Tura fevralın 4-də yekun vurulacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".