Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Satnews": "Azerspace-1" özəl orbitdə fəaliyyət göstərəcək

46 dərəcə şərq uzunluğu (ş.u.) orbital mövqeyində yerləşən "Azerspace-1" peykinin xidmət göstərdiyi C və Ku tezlik diapazonlarının idarəsi Azərbaycan hökumətinin adına qeydiyyata alınıb.

Bu barədə "Satnews" xəbər saytı məlumat verib. Qeyd olunur ki, qeydiyyat Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsdiqlənib.

Məlum olduğu kimi, 2013-cü ildə orbitə buraxılan "Azerspace-1" telekommunikasiya peyki Malayziya administrasiyasına məxsus 46° şərq uzunluğu orbital mövqeyinin C və Ku tezlik diapazonlarında fəaliyyət göstərirdi. Bu diapazonların Azərbaycanın adına keçməsi o deməkdir ki, "Azerspace-1" peyki artıq Malayziyaya deyil, məhz Azərbaycana məxsus orbitdə fəaliyyət göstərir. 46° ş.u. mövqeyinin Azərbaycana verilməsi üçün 8 dekabr 2020-ci ildə zəruri sənədlər BTİ-yə təqdim olunub və fəaliyyətə başlanılıb. Qlobal təcrübədə bir orbital mövqenin əldə olunması yeddiillik fəal dövrü əhatə etsə də, Azərbaycanın bu sahədə ixtisaslaşmış mütəxəssisləri tərəfindən proses üç ilə tamamlanıb. Bu müddət ərzində ölkəmiz ümumilikdə 34 ölkənin 265 peyk şəbəkəsi ilə bağlı koordinasiya danışıqlarını uğurla yekunlaşdıraraq razılaşmalar əldə edib.

"Turkic States": 2024-cü il 24-28 iyun tarixlərində Bakıda 2-ci Beynəlxalq Arbitraj Yay Məktəbi keçiriləcək

İbn Haldun Universiteti (Türkiyə), Bakı Dövlət Universiteti (Azərbaycan), Türk Arbitraj Akademiyası Türk Dövlətləri Təşkilatının dəstəyi ilə bu il 24-28 iyun tarixlərində Bakıda ikinci Beynəlxalq Arbitraj Yay Məktəbinə start verəcək.

Bu barədə "Turkic States" xəbər saytı məlumat yayıb. İbn Haldun Universiteti türk dövlətlərindən olan iştirakçıları arbitraj sahəsində təcrübə qazanmaq üçün bu unikal tədbirə qoşulmağa dəvət edir.

"Digwatch": Azərbaycan rabitə və texnologiya sahəsində keyfiyyət standartlarını təsdiqləyib

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi  "Rabitə və Yüksək Texnologiyalar Sahəsində Xidmətlərin Keyfiyyət Göstəriciləri" adlı tənzimləyici tədbiri təsdiqləyib. BTİ və ETSI tərəfindən müdafiə olunan beynəlxalq standartlara uyğun olaraq bu addım rəqabəti və mükəmməlliyi gücləndirmək məqsədi daşıyır. Xidmət təminatçıları və operatorlar artıq simli və mobil rabitə, internet xidmətləri və müştəri dəstəyi üzrə müəyyən edilmiş keyfiyyət göstəricilərinə cavab verməyə tam hazırdırlar.

Bu inkişafa uyğun olaraq tənzimləyici orqan kimi fəaliyyət göstərən İnformasiya Rabitə Texnologiyaları Agentliyi (İKTA) Azərbaycanda müvafiq xidmətlərin keyfiyyətinin  artırılması və qiymətləndirilməsi işini davam etdirəcək.

"Vestnik Kavkaza": Konstantin Tasits: Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixi hadisədir

"Vestnik Kavkaza" xəbər saytı Cənubi Qafqaz üzrə ekspert Konstantin Tasitsin Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu və bunun hansı perspektivləri açdığı barədə şərhini paylaşıb.

Yazıda qeyd edilir ki, Xankəndidə separatçı rejimin ləğvi və bütün Qarabağ iqtisadi rayonunda Azərbaycanın Konstitusiya quruluşunun bərpası Azərbaycan Respublikasının tarixində əsas yer tutur. Məhz bundan sonrakı dövrdə də Azərbaycanın qarşısında yeni hədəflər müəyyənləşəcək.

"BNN Breaking": Azərbaycanın enerji strategiyasında mühüm irəliləyişlər qeydə alınıb

"BNN Breaking" xəbər saytı Azərbaycanın Baş naziri Əli Əsədovun bərpaolunan enerjinin inkişafı üçün Abşeron və Xızı rayonlarının inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında qərar imzalaması barədə məlumat yayımlayıb. Məlumatda bu qərar dayanıqlı enerjiyə doğru misilsiz addım kimi qiymətləndirilib. Yazıda, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə  uyğun olaraq ölkəmizin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi də vurğulanıb. Bu gündəliyin bir hissəsi olaraq, Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerjidə elektrik enerjisinin istehsal gücünü 30 faizə çatdıracaq.

"Respublika".