Dünya elə köhnə dünyadır...
Siyasət

Dünya elə köhnə dünyadır...

Qütbləşmələr, ikili yanaşmalar, qərəzli münasibətlər davam edir

Bir zamanlar filosofların və uzaqgörən insanların düşüncələrində yaşayan Avropa idealı real bir siyasi proyektə çevrilənədək müəyyən mərhələlərdən keçib. Avropa dövlətlərinin birləşməsi humanist və sülhsevər bir xəyalın parçası idi. Belə ki, Avropa illərlə tez-tez baş verən qanlı müharibələrə şahid olub. 1870-1945-ci illərdə Fransa ilə Almaniya 3 dəfə müharibə ediblər, çoxlu sayda insanın həyatına son qoyulub. Məhz bu fəlakətlərdən sonra bəzi Avropa ölkələrinin liderləri sülhün təmin olunmasının yeganə yolunu iqtisadi və siyasi yöndən birləşməkdə gördülər. Ölkələr arasında yaranmış anlaşılmazlıqların aradan qaldırılmasını təmin edə biləcək bir təşkilatın yaradılması İkinci Dünya müharibəsi zamanı daha da aktuallaşdı. Beləliklə, 1951-ci ilin aprelində əsası qoyulan ittifaq 1992-ci il noyabrın 1-də Maastrixt sazişilə formal olaraq təsis edildi. Avropa İttifaqının əsas məqsədi sülhü qorumaq, iqtisadi və sosial irəliləyişi təmin etməkdən ibarətdir.

Sülh, iqtisadi və sosial irəliləyişi təmin etmək... Əslində, son dərəcə humanist bir yanaşmadır. Ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı da bu amillərə söykənir. 2018-ci ildə dövlət başçısı İlham Əliyevin Belçika Krallığına səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında "Tərəfdaşlıq prioritetləri" sənədi imzalanıb. Vətən müharibəsində tarixi qələbəmizdən sonra Avropa İttifaqının ölkəmizə münasibəti, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə hazır olduğunu bildirməsi, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə üçtərəfli görüşlərin keçirilməsi və sair kimi mühüm addımlar atıldı. İlk baxışda elə görünürdü ki, Azərbaycan-Ermənistan arasında gərginliyin aradan qaldırılması, postmünaqişə dövrü reallıqlarının qəbul edilməsi, bütövlükdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması Avropa İttifaqının maraq dairəsindədir. Belə ki, Avropa İttifaqının Azərbaycana münasibəti, Ermənistanla mövcud problemin tezliklə sülh yolu ilə aradan qaldırılması, yekun sülh sazişinin imzalanması onların da siyasi prioritetlərinə uyğun görünürdü.

Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdiyi bütün toplantılarda hər dəfə "mavi yanacaq" problemi ilə üzləşən Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ilə bağlı məsələyə toxunur, enerji amilindən heç vaxt siyasi təzyiq vasitəsi kimi istifadə edilməməsinin vacibliyini vurğulayırdı. Ölkəmizin bütün məsələlərə münasibətdə nümayiş etdirdiyi ədalətli yanaşma və strateji baxışları enerji siyasətində daha qabarıq şəkildə nəzərə çarpırdı. Dövlət başçısı ölkəmizin prinsipial mövqeyini dəfələrlə diqqətə çatdıraraq bildirirdi ki, enerji amili siyasi təzyiq vasitəsi olmamalıdır. Bu mənada Azərbaycan Avropa İttifaqı və quruma üzv dövlətlərlə münasibətlərində də həmişə birgə əməkdaşlığa üstünlük verib, ölkəmizin qatıldığı bütün transmilli layihələrdə tərəfdaşların hamısı bərabər hüquqda iştirak edib, bu əməkdaşlıqdan faydalanıblar.

Ötən il fevralın 4-də Cənub Qaz Dəhlizi: Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "...yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq, çünki Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Biz neft ixracatına 2006-cı ildən başlamışıq, artıq uzun illərdir. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. İndi isə mən qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq".

2022-ci ilin avqustunda İtaliyaya rəsmi səfəri çərçivəsində Çernobbio şəhərində keçirilən 48-ci Beynəlxalq Forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev xarici kütləvi informasiya vasitələrinə müsahibəsində enerji təhlükəsizliyi ilə bağlı sualı cavablandırarkən deyib ki, artan ehtiyacı ödəmək üçün Avropa İttifaqı ilə dialoqa start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen də daxildir.

Ölkəmizin isə Qarabağ və ətraf əraziləri yalnız hidrogen enerjisi deyil, həm də günəş, külək, bioenerji və geotermal enerji kimi bərpaolunan mənbələrlə zəngindir ki, bu da Azərbaycanın Avropanın enerjisi təhlükəsizliyi üçün önəmini daha da artırır. Bir sözlə, Azərbaycan Avropa üçün yeni təchizat mənbəyidir.

Bütün bunların fonunda son vaxtlar Avropa İttifaqının Azərbaycana qarşı qərəzli münasibəti heç də başa düşülən deyil. Ancaq təəccüb də doğurmur. Çünki biz bu ikili yanaşmanın acısını çoxdan çəkirik. Torpaqlarımızın 30 illik işğalına göz yuman ATƏT, qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün heç bir iş görməyən BMT, indi də Avropa İttifaqı... Məsələnin əsl mahiyyətinə gəlincə isə burada müəyyən amillər xüsusi qeyd edilməlidir. Əlbəttə, dini faktor az rol oynamır, yəni dünyanı bürüyən islamafobiya təəssüf ki, indi dünya siyasətinin tam mərkəzində dayanır. Azərbaycan isə dünyəvi dövlət olsa da, əhalisinin böyük qismi İslam dininə sitayiş edir. Digər bir tərəfdən, güclü Azərbaycanı dünyanın bəzi dövlətlərinin gözü götürmür, onun yaratdığı reallıqlarla barışmaq istəmirlər. Bütün bu söylənilənlər isə heç də yeni məsələlər deyil, çünki dünya həmişə qütbləşib... Bu mənada deyə bilərik ki, dünya elə köhnə dünyadır, düzəlmir ki, düzəlmir...

Zümrüd QURBANQIZI,

"Respublika".