SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Tez-tez depressiyaya düşürsünüzsə...

Depressiya günümüzün ən çox yayılan xəstəliklərindən biridir. Bu gün demək olar insanların çoxu həyatının hər hansı bir dönəmində depressiv epizod keçirir. İndiyə qədər aparılan araşdırmalar göstərir ki, bu problemə orqanizmdə yaranan iltihab səbəb olur. Bu yaxınlarda London Kral Kollecinin alimləri müəyyən ediblər ki, tərkibi Omeqa-3 yağ turşuları ilə zəngin olan qidalar beyin hüceyrələrini iltihabdan qorumaqla depressiyanın qarşısını alır.

Tədqiqatçılar balıq yağının təsirini araşdırmaq üçün əvvəlcə laboratoriya siçanları, sonra isə  depressiyadan əziyyət çəkən 22 pasiyent üzərində eksperimentlər aparıblar. 12 ay ərzində pasiyentlərə  yüksək dozada Omeqa-3 turşusu verilib. Qeyd edək ki, tədqiqatdan əvvəl və sonra onların qanında metobolit konsentrasiyası ölçülüb. Nəticədə yağ turşularının qəbulu pasiyentlərin  qanında iltihab əleyhinə metobolitlərin artdığı məlum olub. Bu isə onların psixioloji durumunun 64 faiz yaxşılaşmasına səbəb olub. Laborator analizlər göstərib ki, Omeqa-3 turşularında olan bəzi birləşmələr beynin əsas hissəsi olan  hipokampus hüceyrələrini qoruyur. Hansı ki, beynin məhz  bu bölgəsi depressiyanın inkişafında böyük rol oynayır.

Əvvəlki tədqiqatların da nəticələri sübut edir ki, böyük depressiv pozuntusu olan insanların orqanizmində iltihab səviyyəsi daha yüksəkdir. Ona görə də mütəxəssislər depressiyadan qorunmaq üçün gündəlik qida rasionunda  yağlı balıqlardan istifadə etməyi tövsiyə edirlər.

Bunu etməklə ömrümüzü uzada bilərik

Sürətli yerişin orqanizmimizə  faydasını çoxlarımız bilirik. Lakin yeni bir araşdırma ilə isə bunun həm də uzun ömürlülüklə əlaqəli olduğu ortaya çıxıb. Belə ki, İngiltərənin Lester Universitetinin alimləri müəyyən ediblər ki, sürətli yeriyən insanların  yavaş yeriyənlərə  nisbətən çox yaşamaq ehtimalı daha çoxdur.  

Almaniyanın "Focus" jurnalında dərc olunan xəbərə görə, tədqiqat zamanı 400.000 britaniyalı on ildən artıq müddətdə izlənilib və müəyyən edilib ki, sürətli yeriyənlərin yavaş yeriyənlərə nisbətən xərçəngdən ölmə ehtimalı 25 faiz azdır.

Lester Universitetinin tədqiqatının aparıcı müəllifi dr. Conatan Qoldni gəzintinin faydalarından bəhs edib: "Biz insanları mümkün qədər sürətlərini artırmağa təşviq edirik. Amma unutmayın ki, yalnız yüksək fiziki hazırlıqla sürətli hərəkət uzun ömür vəd edə bilər. Gəzinti sürəti adi klinik praktikada ölüm riskinin proqnozlaşdırıcı göstəricisi kimi istifadə edilə bilər. Xüsusilə söhbət ürək-damar xəstəliklərindən gedirsə".

Elm adamları "nə qədər sürətli?" sualına da cavab tapmağa çalışıblar. Ümumi qənaət belədir ki, dəqiqədə orta hesabla 100 addım atılmalıdır.

Üzümüz hansı səbəblərdən qırışır?

Yaşlanmaq hər kəsin qorxulu kabusudur. İndi bütün dünyada  bunun qarşısını almaq üçün müxtəlif kosmetik vasitələr və əməliyyatlardan istifadə edilir. Əlbəttə ki, bütün bunlar müvəqqəti çarələrdir. Məlumdur ki, qırışların səbəbi başlıca olaraq yaşla bağlı olsa da, burada genlər, insanın həyat tərzi də böyük rol oynayır. Bəs daha nələr qırışlara səbəb olur?

Qırışların yaranmasının ən böyük səbəblərindən biri üz mimikalarıdır. Belə ki, üzün hər bir hərəkəti onun bir az daha qırışmasına səbəb olur. Çox zaman dəri öz-özünü yenilədiyi üçün hüceyrələr dəyişir və kiçik qırışlar yox olur. Lakin bu yenilənmə təəssüf ki, sonsuza kimi davam etmir. Bu problemə səbəb olan digər amillərdən biri də Günəş şüalarıdır.

Belə ki, yaz aylarında insanlar özlərini günəşə verməkdən zövq alsa da, bu, üzün qırışmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün isə  küçəyə çıxanda keyfiyyətli günəş kremindən və baş geyimlərindən istifadə etmək tövsiyə edilir. Siqaret, spirtli içkilər kimi zərərli vərdişlər də vaxtından əvvəl qırışların yaranmasına yol açır. Qırışların yaranmasının digər  bir səbəbi isə  yuxusuzluqdur. Kifayət qədər yatmamaq da qırışlara səbəb olur. Bu problemə yol açan başlıca amillərdən biri də stressdir. Düzdür, həyatımızdan stresi tamamilə çıxarmaq mümkün deyil. Amma dərimizi qorumaq üçün daha sakit və soyuqqanlı ola bilərik. Unutmayın ki, stress nəticəsində yaranan qırışlar, sonradan insanı depressiyaya da düşürə bilər.

Ölümə aparan vərdiş

Uzunömürlülüyün və sağlam həyatın ən vacib şərtlərindən biri sağlam qidalanma hesab olunur. Mütəxəssislərin fikrincə, sağlam qidalara üstünlük vermə vərdişinin əsası uşaq yaşlarından qoyulmalıdır.

Valideynlər müəyyən dövrə qədər uşağın yemək rejiminə, qidalanmasına nəzarət etməli, bu sahədə fəsadları zamanında aradan qaldırmalıdırlar. Lakin araşdırmalar göstərir ki, bu gün demək olar bütün ölkələrdə insanlar daha çox "fast-food" qidalara üstünlük verirlər. İndiyə qədər aparılan araşdırmaların nəticələri göstərir ki, qeyri-sağlam qidalanma hər il milyonlarla insanın vaxtından əvvəl ölümünə səbəb olur. Bu məqamda sual olunur ki, ən çox hansı qidalar insan orqanizmi üçün zərərli hesab edilir? Bu sahədə alimlər yeni tədqiqat aparıblar.

Belə ki, araşdırmaya görə, tərkibində dənli bitkilər və ya meyvələr olmayan, yüksək duzlu qidalardan ibarət pəhrizlər təhlükəli sayılır. Duzlu qidaların həddindən artıq istehlakı, orqanizmdə mayeni saxlayır və təzyiqin artmasına səbəb olur ki, bu da öz növbəsində infarkt yaxud insultla nəticələnir. Ancaq bədənimizin əsas düşməni isə şəkərdir. Belə ki, diabet yüksək təzyiq və xolesterol səviyyəsinin artmasına təhrik edir.

Mütəxəssilər lifin çox olması və keyfiyyətsiz ət və süd məhsullarından istifadənin də ömür müddətinə təsir etdiyini söyləyirlər. Bundan əlavə, monopəhriz və uzun müddət eyni qidaları qəbul etmək də vaxtından əvvəl ölüm riskini artır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".