İDMAN DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN DAİM ZİRVƏLƏRDƏ

Ölkəmizi 16 cüdoçu təmsil edəcək

Oktyabrın 21-də Latviyanın paytaxtı Riqada yeniyetmə cüdoçular arasında Avropa Kubokuna start veriləcək. Yarışda 22 ölkədən 314 idmançının mübarizə aparacağı gözlənilir.

İki gün davam edəcək turnirdə idmançılarımız 7 çəki dərəcəsində 16 cüdoçu ilə təmsil olunacaq. Oğlanlar arasında Avropa Kubokunda yeniyetmələrdən ibarət yığmanın üzvləri - Bahadır Feyzullayev, Rüstəm Qasımzadə (hər ikisi 50 kiloqram), Telman Abdullayev, Nihad Məmişov (hamısı 55 kiloqram), Mirxaliq İskəndərov, Əhməd Rüstəmov (hər ikisi 60 kiloqram), Ümüd Qurbanov, Səid Şərifov, Səlim Sultanov (hamısı 66 kiloqram), Cəsur İbadlı, Əhməd Mehdiyev (hər ikisi 73 kiloqram), Mehdi Abbasov, Hüseyn Eyvazlı, Əli Qazıməmmədov (hamısı 81 kiloqram), Sübhan Axundov, Rəsul Səmədli (hər ikisi 90 kiloqram) mübarizə aparacaqlar.

Avropa çempionatında iştirak edəcək şahmatçılar bəlli olub

Noyabrın 10-dan 21-dək Monteneqronun Budva şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatı keçiriləcək. Yarışda iştirak edəcək Azərbaycanın yığma komandalarının heyəti müəyyənləşib.

Kişi şahmatçılardan ibarət millinin heyətinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf Məmmədov və Vasif Durarbəyli daxil edilib. Şahmatçı Qədir Hüseynov qitə çempionatına kapitan qismində yollanacaq. Qadın şahmatçılardan ibarət yığmaya isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət olunub.

Karateçimiz iki medal qazanıb

Başqırdıstanın Sterlitamak şəhərində karatenin bütün növləri üzrə IX Avrasiya Kuboku keçirilib.

Yarışda ölkəmizi Elxan Cəfərov təmsil edib. 70 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız iki bürünc medala sahib çıxıb. O, 40 yaşadək idmançıların yarışında həm kumite, həm də kata yarışlarında üçüncü pillədə qərarlaşıb. Avrasiya çempionatında 15 ölkədən 100-dən artıq idmançı birincilik uğrunda mübarizə aparıb.

Bakı birinciliyinin qalibi

Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə kadet, yeniyetmə və gənclər arasında kikboksinq üzrə paytaxt birinciliyi keçirilib.

Turnirdə respublikanın müxtəlif şəhər və rayonlarından, idman cəmiyyətləri və klublardan 46 komanda olmaqla 350-yə yaxın idmançı mübarizə aparıb.

Yarışda 20 idmançı ilə təmsil olunan FHN-in İdman-sağlamlıq klubunun kikboksinq üzrə komandası müxtəlif yaş qruplarında mübarizəyə qoşulub. Kollektiv üç qızıl, iki gümüş və səkkiz bürünc medal qazanıb və komanda hesabında birinci yeri tutub. Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub. Bundan başqa, FHN idmançıları turnirin fəxri kubokunun sahibi olublar.

Nərgiz İSMAYILOVA,

"Respublika".