İdman: daim zirvələrdə
İdman

İdman: daim zirvələrdə

Paracüdoçumuz Avropa çempionu olub

Azərbaycan paracüdoçusu Şəhanə Hacıyeva Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında qızıl medal qazanıb. İdmançımız 48 kiloqram çəki dərəcəsində birinci yeri tutub. Bu, Azərbaycan yığmasının qitə birinciliyində əldə etdiyi ilk medaldır.

Dünya Kubokunda III mərhələyə yekun vurulub

Bakıda təşkil edilən şahmat üzrə Dünya Kubokunda III mərhələnin tay-brek görüşləri keçirilib. Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme Santosa məğlub olub və yarışda iştirakını dayandırıb. Digər təmsilçimiz Rauf Məmmədov Yan Nepomnyaşiyə hər iki oyunda uduzmaqla turnirlə vidalaşıb. Ölkəmizin yarışda son təmsilçisi Nicat Abasov təcrübəli Aniş Giri ilə qarşılaşıb. Birinci blits bərabərliklə yekunlaşsa da, növbəti oyun Nicat Abasovun qələbəsi ilə sona çatıb. Bu gün Nicat Abasov FIDE adından çıxış edən Pyotr Svidlerlə qarşılaşacaq.

İdmançımızdan Yay Universiadasında bürünc medal

Azərbaycan avarçəkənləri Çinin Çendu şəhərində təşkil olunan tələbələrin XXXI Yay Universiadasında çıxış ediblər. Bir nəfərlik akademik avarçəkmə qayığında 2 min metr məsafədə yarışan Bəhmən Nəsiri təsnifat və yarımfinal mərhələsini birinci yerdə başa vuraraq "A" finalında yarışmaq hüququ qazanıb. B.Nəsiri həlledici yürüşdə də inamlı çıxış edib. İdmançımız son anadək çempionluq uğrunda mübarizə aparıb. Yekunda qaliblər fotofinişlə müəyyənləşdirilib. O, üçüncü yeri tutmaqla bürünc medala sahib olub. Eyni növdə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə isə "B" finalında üçüncü nəticə göstərib.

Region birinciliyinə start verilib

Cüdo üzrə on səkkiz yaşlı yeniyetmələr arasında şimal-qərb bölgəsi üzrə region birinciliyi start götürüb. Avqustun 7-dən etibarən İsmayıllı Olimpiya İdman Kompleksində 18 yaşadək yeniyetmə cüdoçular arasında şimal-qərb bölgəsi üzrə region birinciliyi keçirilib. Region birinciliyində şimal-qərb regionunu təmsil edən 11 komandadan 132 cüdoçu 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

MDB Oyunlarında 5 üzgüçümüz mübarizə aparacaq

MDB Oyunlarında üzgüçülük üzrə 5 idmançımız mübarizə aparacaq. Belarus Respublikasında keçirilən Oyunlara üzgüçülük üzrə Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının 5 üzvü qatılıb. Üzgüçülük növü üzrə ölkəmizi Tamilla Əliyeva, Anastasiya Povorokina, Səid Həmidov, Timur Beker və Orxan Əliyev təmsil edəcəklər.

Nərgiz İSMAYILOVA,

"Respublika".