AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

Reuters: Aİ Azərbaycan-Ermənistan münasibətlərindəki müsbət gedişi dəstəkləyir

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel cümə axşamı Moldovada keçiriləcək geniş Avropa sammitinin Azərbaycan və Ermənistana münaqişənin həlli yolunu tapmağa ümid etdiyini bildirib.

Bu barədə Reuters saytı məlumat yayıb. Məqalədə qeyd olunub ki, Ş.Mişel Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin iyulda Brüsseldə görüşəcəyini bildirib. İki Qafqaz qonşusu Qarabağ ərazisi ilə bağlı on illərdir davam edən mübahisəni həll etmək üçün son aylarda bir neçə görüş keçirib. Mişel sammitdən öncə deyib ki, bir neçə həftə əvvəl Brüsseldə Ermənistan və Azərbaycan liderləri ilə görüşmək imkanı olub: "Biz müəyyən irəliləyiş əldə etdik və ümid edirəm ki, bu gün hər iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün ümumi siyasi iradəni təsdiqləməyə fürsət olacaq".

Qeyd edək ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri iyunun 12-də Vaşinqtonda görüşəcəklər.

 

The Times of İsrael: Prezident İlham Əliyev İsrail dövlət başçısı İsxak Hersoqa təşəkkür edib

The Times of İsrael xəbər saytı Azərbaycana rəsmi səfərə gəlmiş İsrail Prezidenti İsxak Hersoqla dövlətimizin başçısı İlham Əliyevin mətbuata verdiyi bəyanata dair xəbər paylaşıb.

Paylaşımda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev İsrailin ölkəmizə etdiyi silah tədarükünə görə İsxak Hersoqa təşəkkür edib. Dövlət başçısının Azərbaycanın uzun illərdir İsrailə xam neft ixrac etdiyini, ancaq əməkdaşlığın təkcə enerji sahəsində deyil, digər sahələrdə də inkişafının önəmli olduğunu vurğuladığı bildirilib.

İsxak Hersoq isə, öz növbəsində: "Azərbaycanı ziyarət etmək mənim və millətim üçün həyata keçən bir arzudur", - deyib.

Xatırladaq ki, mayın 30-da İsrail Prezidenti İsxak Hersoq Bakıya rəsmi səfər etmişdi. Səfər əsnasında ölkə liderlərinin iştirakı ilə "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı" imzalanıb.

 

MOLDPRES: Moldova dövlət başçısı Azərbaycan Prezidenti ilə görüşüb

Moldova dövlətinin rəsmi xəbər agentliyi Moldpres Prezident Maya Sandunun "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı çərçivəsində Kişineuya gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü barədə məlumat yayımlayıb. Maya Sandu həmkarı ilə söhbətində vurğulayıb ki, son bir ildə Moldova Azərbaycan ilə enerji, kənd təsərrüfatı və iqtisadiyyat sahələrində əməkdaşlığı genişləndirib. Enerji ixracatından da söz açan Moldova dövlət başçısı bildirib: "Bizim prioritetlərimizdən biri enerji təhlükəsizliyinin möhkəmləndirilməsidir. Biz enerji sektorunda Azərbaycanla strateji tərəfdaşlığa, xüsusən də təbii qazın münasib qiymətə idxalına arxalanırıq".

 

Kyivindependent:  Ukrayna Prezidenti ölkənin yenidənqurma işlərində köməyinə görə

Prezident İlham Əliyevə təşəkkür edib

Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, yenidənqurma işlərinə görə təşəkkür edib.

Ukrayna Prezidenti Vladimir Zelenski iyunun 1-də Moldovada “Avropa Siyasi Birliyi”nin ikinci Sammitində azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb.

Bu barədə Ukraynanın Kyivindependent saytı məlumat yayıb.

Məqalədə qeyd olunub ki, Zelenski Ukraynanın infrastrukturunun yenidən qurulması üçün Bakının göstərdiyi köməyə görə Əliyevə təşəkkür edib: "Biz Azərbaycanın Ukraynanın Kiyev vilayətində infrastruktur obyektlərinin bərpasında iştirakını yüksək qiymətləndiririk. Biz Ukraynanın yenidən qurulmasında gələcək yardıma ümidliyik. Müharibədən sonrakı dövrdə Azərbaycanın Ukraynadakı investisiya layihələrində fəal iştirakını səbirsizliklə gözləyirik", - deyə Ukrayna prezidenti bildirib. Zelenski, həmçinin Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də BMT Baş Assambleyasında səsvermə zamanı dəstəyini yüksək qiymətləndirib. Azərbaycan hökumətinin məlumatına görə, Bakı genişmiqyaslı müharibə başlayandan bəri Ukraynaya 15 milyon avroya yaxın humanitar yardım edib. Lakin Rusiya ilə həmsərhəd olan Azərbaycan işğaldan cəmi iki gün əvvəl Rusiya ilə siyasi və hərbi dostluq müqaviləsi imzalayaraq Moskva ilə də dostluq münasibətlərini qoruyub saxlayır.

 

Global Hydrogen Review: "MAIRE Tecnimont Group" Azərbaycanın təmiz enerji təşəbbüslərini dəstəkləyir

Global Hydrogen Review xəbər saytı 28-ci Bakı Enerji Həftəsi çərçivəsində İtaliyanın "Maire Tecnimont Group" şirkəti və Azərbaycan Respublikasının Energetika Nazirliyinin bərpaolunan enerji, enerji keçidi və enerji səmərəliliyi sahələrində əməkdaşlığı gücləndirmək məqsədilə Anlaşma Memorandumu imzalaması ilə bağlı xəbər yayımlayıb. Sözügedən yazıda bildirilir ki, Anlaşma Memorandumunun şərtlərinə əsasən, tərəflər yaşıl enerji arenasında, yəni bərpaolunan enerji, mövcud aktivlərin karbon izinin azaldılması, karbonun tutulması, utilizasiyası və saxlanması, eləcə də inkişafı və aşağı karbonlu tullantıdan enerjiyə, yaşıl hidrogen texnologiyalarının və bioyanacaqların tətbiqi sahəsində biznes imkanlarını qiymətləndirmək üçün texniki qrup yaradacaqlar.

Memorandum Azərbaycan hökuməti və MAIRE nümayəndələri arasında İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinin iştirakı ilə Azərbaycan Respublikası Energetika Nazirinin müavini Elnur Soltanov və MAIRE şirkətinin baş direktoru Alessandro Bernini tərəfindən imzalanıb.

İmza mərasimi mayın 31-dən iyunun 2-dək davam edən Xəzər regionunun enerji sektorunda ən mötəbər tədbirlərdən biri olan Bakı Enerji Həftəsi çərçivəsində baş tutub.

Memorandum İtaliya və Azərbaycan arasında uzunmüddətli və səmərəli əməkdaşlığı təsdiq edir.

 

"Hraparak":  Paşinyan dəhlizdən imtina edə bilməz

Azərbaycan, Ermənistan və Rusiya rəsmilərinin Moskva görüşündən əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakı və İrəvan arasında sərhəd keçid modeli ilə bağlı texniki detalların müzakirə ediləcəyini bildirib. Overçukun sözlərinə görə, Ermənistan Naxçıvan, Zəngəzur və Azərbaycanın digər əraziləri vasitəsilə Rusiyaya, Avropa İttifaqına, İrana çıxmaq imkanı əldə edəcək. O qeyd edib ki, sərhəddə pasport, gömrük və beynəlxalq sərhədlərdə mövcud olan bütün nəzarət növləri olacaq.

Bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb. Məlumatda bildirilib ki, İlham Əliyevin tələb etdiyi dəhliz də məhz budur, sadəcə olaraq ora yol adlanacaq. Paşinyanın isə bu dəhlizdən imtina etməsi real görünmür. Ola bilsin ki, Nikol bu prosesi qısa müddətə - cəmi 3 və ya 5 ilə təmin edəcək.

"Respublika".