Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Çin Xalq Respublikasının yaranması"nı oxuculara təqdim edirik:

"Respublika".

 

 

Çin Xalq Respublikasının yaranması

Bəşəriyyətin  təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən biri də 1949-cu il oktyabr ayının 1-də Çin Xalq Respublikasının yaranmasıdır. Sivilizasiyanın beşiyi hesab edilən  Çində belə bir hadisənin baş verməsi dünyada  siyasi-iqtisadi əlaqələrin, ən əsası isə sivilizasiyanın inkişafında böyük rol oynamışdır. Belə ki, insanlıq tarixində baş verən bu həlledici hadisənin nəticələri milyonlarla insanın və dövlətlərin gələcəyinə təsir edərək bəşəriyyətin təkamülündə böyük rol oynamış, dünyanın düzənini dəyişdirmişdir.

1840-cı ildə Tiryək müharibələrinin başlanması Çin tarixində böyük dəyişikliyə yol açdı. XIX əsrin əvvəllərindən etibarən İngiltərə kontrabanda yolu ilə Çinə böyük miqdarda tiryək ixrac etmiş və eləcə də Çin gümüşünü ölkədən çıxarmışdır. Bu, Çinin iqtisadi cəhətdən zəifləməsinə gətirib çıxardı. 1839-cu ildə Çinq (Qing) hökuməti Tiryək kontrabandasının yox edilməsi üçün Lin Ceşunu Quanqdonqa məmur təyin etdi. İngiltərəyə mənfəət gətirən bu kontrabandanı qorumaq üçün 1840-cı ildə Çinə müharibə elan etdi. Çin xalqı Lin Ceşu ilə birlikdə silaha sarılsa da, Çinq hökuməti İngiltərəyə boyun əydi və alçaldıcı Nankin müqaviləsini imzaladı. Müqavilə Çini yarı feodal, yarı müstəmləkə bir dövlətə çevirdi.

XX əsrin əvvəllərində Çin yarımfeodal ölkə olaraq qalırdı. Əhalinin çoxu mülkədarlardan asılı olan torpaqsız və aztorpaqlı kəndlilər idi. Kəndlilər, sənətkarlar, fəhlələr və milli burjuaziyanın ən cəsarətli hissəsi olan qabaqcıl ziyalılar Çindəki mütləqiyyət quruluşu əleyhinə çıxış edirdilər. 1905-ci ildə "Birləşmiş ittifaq" adlı gizli təşkilat yarandı.

Bu təşkilata rəhbərlik edən Sun Yatsen 1906-cı ildə "Üç xalq prinsipi" adlanan müddəalarını irəli sürdü: millətçilik, demokratizm, xalq rifahı. Millətçilik prinsipi tezisində Mancur sülaləsinin təzyiqinə qarşı mübarizədə Çin xalqının birliyi ideyası öz əksini tapmışdı. Demokratizm prinsipinin məzmununu Çin demokratik respublikasının yaradılması təşkil edirdi. Sun Yatsen kəndlilərin istifadəsinə verilmək üçün torpaqların milliləşdirilməsinə çalışırdı. "Xalq rifahı" prinsipi də bunu ifadə edirdi. Sun Yatsenin prinsipləri xırda milli burjuaziya tərəfindən tamamilə qəbul edilirdi. Nəticədə 1906-cı ildən etibarən Çində kəndlilərin, qabaqcıl ziyalıların və milli burjuaziyanın çıxışlarının yeni dalğası başlandı. 1911-ci ilin oktyabrında Uçan şəhərindəki üsyan inqilabın başlanğıcı oldu. Üsyançılar şəhəri tutdular. Bütün Xubey əyaləti respublika elan edildi. 1911-ci ilin sonlarına yaxın isə  Çinin bütün cənubi və mərkəzi əyalətləri artıq mancur əsarətindən azad edilmiş və üsyançıların hakimiyyəti altına keçmişdi. Antimonarxiya ruhlu bütün əyalətlərin nümayəndələrinin Nankində toplanmış konfransında Sun Yatsen respublikanın müvəqqəti prezidenti seçildi və 1912-ci il 1 yanvarda öz vəzifəsinin icrasına başladı. Liberal-mülkədarlar irticaçı general Yuan Şikayla sövdələşirdilər. 1912-ci ilin fevralında xüsusi fərmanla Tsin monarxiyası ləğv edildi. 1912-ci il 1 apreldə isə liberalların təzyiqi ilə üzləşən Sun Yatsen istefa verdi və irticaçı burjuaziyanın köməyi ilə Yuan Şikay respublikanın prezidenti seçildi. 1912-ci ilin avqustunda "Birləşmiş ittifaq" təşkilatı ilə bir sıra liberal təşkilatlar Homindan partiyasında (Milli partiyada) birləşdilər. Partiyanın sədrliyinə Sun Yatsen seçildi. 1913-cü ilin yayında ölkənin cənubunda mürtəce hökumətin siyasətinə qarşı "ikinci inqilab" adlandırılan üsyanlar baş verdi. Lakin xarici qoşunlar inqilabçıları darmadağın etməkdə Yuan Şikaya kömək etdilər. "İkinci inqilab" da məğlub oldu. 1911-1913-cü illərin Çin inqilabı qarşısında duran vəzifələrdən yalnız birini - monarxiyanı devirmək vəzifəsini yerinə yetirdi.

Rusiyadakı Oktyabr inqilabından sonra marksizm ideologiyası Çinə də yayıldı. Oktyabr inqilabının təsiri altında 1921-ci ildə Çin Kommunist Partiyası yaradıldı. 1935-ci ildə isə Çində  Mao Tszedunu Mərkəzi Hərbi Şuranın başçısı təyin etdilər. Bu dövrdən etibarən o, Partiyanın VII Qurultayında Baş katib olmasına baxmayaraq, partiyanın bütün işlərini faktiki olaraq idarə etməyə başladı.

1937-ci ilin 7 iyulunda Uluntsyao körpüsü yaxınlığında Yaponiya Çinə qarşı irimiqyaslı hərbi əməliyyatlara başladı. Hansı ki, bu, Yaponiyanın Çinə qarşı olan təcavüzünün başlanğıc mərhələsi idi. Bu mərhələdə Sovet İttifaqı birinci növbədə, Çin inqilabının qələbəsi naminə, ikincisi isə öz təhlükəsizliyi üçün Mao Tszedun və Çan Kayşinin birləşib yapon təcavüzünü dəf etməsində maraqlı idi. Atasına təzyiq göstərmək məqsədilə Sovet İttifaqı Çan Kayşinin bu dövrdə Uralmaş zavodunda işləyən oğlundan istifadə edirdi. Lakin bütün bunlar nəzərəçarpacaq nəticələr vermirdi. Bu zaman Çan Kayşi Sianda general Çtan Syuelyanın başçılığı ilə şimal hərbçiləri tərəfindən ələ keçirilmişdi və şimal hərbçiləri ilə danışıqlara gələn Çjou Enlay faktiki olaraq onun həyatını xilas edir. Bir kommunist tərəfindən xilas edilməsi Çan Kayşidə böyük təəssürat doğurur və bu hadisə sonrakı proseslərə təsir göstərir. Beləliklə, 1937-ci ilin sentyabrında Çan Kayşi və Mao Tszedun birgə cəbhə haqqında, Qomindan və Kommunist Partiyası arasında hər hansı silahlı mübarizənin dayandırılması barədə razılığa gəldilər. Çin Qırmızı Ordusunun adı səkkizinci inqilab ordusu ilə əvəz olundu və o, Qomindan xalq-inqilabi ordusunun hissəsi oldu. Çan Kayşi Ali baş komandan təyin edildi, sonralar isə partizan dəstələrində yeni dördüncü ordu yaradıldı ki, bu da Çan Kayşinin komandanlığında idi. 9 may 1945-ci ildə Almaniya məğlub edilsə də, Çin cəbhəsində dönüş nöqtəsi yalnız 8 avqust 1945-ci ildə Sovet Ordusunun Mancuriyada Kvantun ordusunu darmadağın etməsindən sonra başlanmışdır. Təslim edilmiş yaponların bütün silahları Çin Kommunist Partiyasına verildiyindən o, öz qoşunlarını yenidən silahlandıra bildi. Artıq Amerika linkornu Missuridə Yaponiyanın kapitulyasiya aktı imzalananda kommunistlərin milyonluq yaxşı silahlanmış ordusu var idi. Tezliklə Kommunist Partiyası ilə Çan Kayşi arasında münaqişə yarandı və o, özünün təqribən iki milyonluq tərəfdarı ilə Tayvana qaçmalı oldu. Bu zaman özü ilə ölkənin bütün qızıl ehtiyatını və böyük miqdarda daş-qaş götürdü.  Beləliklə, Çində vətəndaş müharibəsi başa çatdı, 7-ci Amerika donanmasının ucbatından Çin Tayvan boğazını keçə bilmədi. Öz növbəsində Çan Kayşi qısa müddət ərzində yerli hakimiyyətin müqavimətini qırıb Tayvanda möhkəm Qomindan hakimiyyəti yaratdı. Yapon kapitulyasiyasının şərtlərinə əsasən Çinə yenicə qaytarılmış Tayvan təzədən itirildi.

1949-cu il sentyabrın 21-dən 30-dək Pekində Çin Xalq Siyasi Məşvərət Şurasının (CXSMS) sessiyası keçirildi. Sessiya müvəqqəti Konstitusiya rolunu oynayan "Ümumi proqram" qəbul etdi, Mərkəzi xalq hökuməti şurasına seçkilər keçirdi, bunun da sədri Mao Tszedun seçildi. Çjou Enlay ÇXR İnzibati Şurasının sədri və xarici işlər naziri təyin olundu. Oktyabrın 1-i Pekində Tyananmen meydanına təntənəli mitinqə yığışan 300 min insanın iştirakı ilə Sədr Mao Tszedun Çin Xalq Respublikasının yarandığını rəsmi olaraq elan etdi.

Kommunistlər hakimiyyətə gəldikdən sonra, ilk növbədə, kandlarda kollektivləşmə prosesinə başladılar. Çində kollektivləşmə qolçomaqlığın bir sinif kimi ləğv edilməsi əsasında aparılmadı, əksinə, onlar nümunəvi sahibkarlar kimi qəbul edildi və digərləri onlarla bəhsə başladı. Əvvəlcə onlar qolçomaqların ətrafında muzdlu işçi adlandırılan qarşılıqlı kömək üçün əmək briqadaları yaratdılar. İstehsalın artım həddi ilə onlar yüksək tipli kooperativlərə çevrildi. Bu yolla onlar kənd təsərrüfatının kollektivləşməsinə tədricən nail oldular. Çində kollektivləşmə ona görə lazım idi ki, torpaqdan rasional istifadə edilsin və bu da öz müsbət izini buraxdı. Çində kollektivləşmənin inkişafı Rusiyada olduğu kimi, istehsalın azalmasına gətirib çıxarmadı, əksinə, artım baş verdi. Şəxsi istehsalat və ticarətdə islahatlarla əlaqədar Mao Tszedun deyirdi: "Bizə təkcə kapitalistlərin cibində deyil, həm də onların başındakı kapital lazımdır". Hər şeydən öncə çinlilər Cənub-Şərqi Asiyada yaşayan diaspora göz gəzdirdilər və onların hər zaman Çinə kömək edən Hong Konqu var idi. Xüsusilə Şanxayda çox olan şəxsi müəssisələr dövlət müəssisələrinə çevrilirdilər.

1953-1956-cı illərdə irimiqyaslı sosial dəyişikliklər həyata keçirilmiş, beşillik plan (1953-1957) vaxtından əvvəl yerinə yetirilmişdi. İstehsalatın baza sahələrinin bütöv sırası yaradılmışdı. Çində ilk dəfə olaraq sənaye ölkəsi üçün zəruri olan təyyarəqayırma, avtomobil sanayesi, ağır va dəqiq maşınqayırma, energetika, metallurgiya və mədən avadanlıqları istehsalı, çoxaşqarlı polad və əlvan metal əridilməsi meydana gəlmişdi. "Elm və texnikanın inkişafının 12 illik proqramı (1956-1967)" vaxtından bir il əvvəl yerinə yetirildi, elm və texnikanın bir çox yeni sahələrinin inkişafı daha sürətli templərlə gedirdi. Bu onilliyin gedişində ÇKP və Çin hökuməti tərəfindən işlənmiş idarəedici kursda bir sıra ciddi səhvlər də üzə çıxmışdı ki, bu da xalq təsərrüfatında çətinliklər törədirdi. 1966-cı ilin mayından 1976-cı ilin oktyabrınadək davam edən "Böyük mədəni inqilab" ÇKP MK Sədri Mao Tszedun tərəfindən başlanılmışdı və onun rəhbərliyi altında həyata keçirilirdi. Lin Byao va Tszyan Tsinin başçılıq etdiyi əks-inqilabi qruplaşmalar Mao Tszedunun ömrünün son illərində buraxdığı səhvlərdən istifadə etdilər və onun arxasınca ölkəyə və xalqa fəlakət gətirən geniş fəaliyyətə başladılar. Dövlətə və onun vətəndaşlarına ÇXR qurulduqdan sonrakı bütün müddət ərzində ən ağır və ən ciddi ziyan vuruldu. "Mədəni inqilab" zamanı Mao Tszedun ciddi səhvlər buraxmışdısa da, onun bütün həyat va fəaliyyəti təsdiq edir ki, Çin inqilabı qarşısında onun xidmətləri buraxılan xətalardan qat-qat üstündür. 1976-cı ilin oktyabrında Çin Kommunist Partiyası geniş xalq kütlələrinin dəstəyi ilə Lin Byao və Tsyan Tsinin əks-inqilabi qruplaşmasını darmadağın etdi. Çin yeni inkişaf dövrünə qədəm qoydu. 1977-ci ilin iyulunda bütün ölkənin təkidli tələbi ilə Den Syaopin "mədəni inqilab" zamanı kənarlaşdırıldığı bütün partiya və dövlət postlarına bərpa olundu. 1978-ci ilin dekabrında keçirilən 11-ci çağırış ÇXR MK-nın 3-cü plenumu Yeni Çinin yarandığı dövrdən ölkənin həyatında böyük dönüş yaratdı. 1978-ci ildən Çin islahatlar və xarici əlaqələrin genişləndirilməsi siyasətini tətbiq etməyə başladı.

Beləliklə, 30 ildən artıq aparılan  islahatlar və siyasət sayəsində Çində  mühüm dəyişikliklər baş verdi. Bu gün ölkədəki şərait ÇXR-in əvvəlki dövründən daha yaxşıdır. Bu da xalqa daha çox səmərə və fayda gətirir...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".