Bölgə xəbərləri
Region

Bölgə xəbərləri

NAFTALAN   

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, turizmin inkişafı, rəqabətqabiliyyətliliyin artırılması və həmin sahəyə investisiya qoyuluşunun sürətləndirilməsidir. Yer üzünün sehrli və ecazkar məkanlarından olan Naftalana dövlət başçısının sonsuz diqqət və qayğısı nəticəsində öz keçmiş şöhrətinə gayıtmış, sözün əsl mənasında dünya səviyyəsində  təbabəti, təbiəti və qonaqpərvərliyi ilə xalqımızın imicini zənginləşdirmişdir.

Naftalanda turizm xidməti keyfiyyətinin yüksəldilməsi, turist məmnunluğunun təmin edilməsi məqsədilə Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hotel və müalicə mərkəzlərində turistlər arasında Azərbaycan, rus və ingilis dillərində hazırlanmış rəy sorğusu keçirilib. Sorğu Beynəlxalq turizm mərkəzi olan Naftalanın turizm potensialının güclü və zəif tərəflərini təhlil etməyə imkan verir.

Ümumilikdə, sorğunun nəticəsindən aydın olmuşdur ki, bu gün Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaratmış, şəhərin infrastrukturundan, abad, təmiz və səliqəli saxlanılması fikrinə çox yaxşı və yaxşı cavabı 94% olmuşdur. Bununla yanaşı “Bugünkü, Naftalanı əvvəlki səfərlərlə müqayisədə necə görürsünüz” fikrinə də 94 % şəxs cavab olaraq çox yaxşı və yaxşı bəndlərini təsdiqləyib.

Zabit XƏLİLOV,

“Respublika”.

 

XAÇMAZ

Xalqımızın tarixində misilsiz xidmətləri olmuş dünya şöhrətli şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyini ədliyyə işçiləri də bir sıra kütləvi tədbirlərlə qeyd edirlər.

Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ədliyyə Nazirliyi Kollegiyası da müəyyən tədbirlər nəzərdə tutmuşdur. 01.03.2023-cü il tarixdə Xaçmaz regional ədliyyə idarəsi tərəfindən yerli ədliyyə qurumlarının, Xaçmaz rayon məhkəməsinin, həmçinin rayon icra hakimiyyətinin rəhbərliyinin və əməkdaşlarının birgə iştirakı ilə  Xaçmaz şəhərində ağacəkmə aksiyası keçirilmişdir.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

Qeyd edək ki, dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Aksiya zamanı təxminən 0.03 hektar ərazidə 100-dən çox müxtəlif növ dekorativ ağac əkilərək ərazidə olan bitkilərə qulluq göstərilmiş, yaşıllıq zonasında təmizlik işləri aparılmışdır.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.