İranda nə baş verir?
Siyasət

İranda nə baş verir?

III məqalə

I və II məqalə qəzetin 9 və 10 dekabr tarixli saylarında dərc olunub

Güney Azərbaycan dediyimiz ərazilərin bir çoxu digər etnik azlıqların yaşadığı yer adlarının tərkibinə daxil edilərək ümumiyyətlə soydaşlarımızın əlindən alınmağa hesablanıb. Təkcə Tehran və Əlborz (Elbrus) əyalətləri və ətraf şəhərlərdə 12 milyon azərbaycanlı yaşayır. Eyni zamanda, Xorasan, İsfahan, Şiraz, Ərak, Bəndəri-Abbas, Kürdistan və s. ərazilərdə də 10 milyondan artıq azərbaycanlı yaşamaqdadır. Gələcəkdə quracağımız Güney Azərbaycan dediyimiz dövlət Tehran və ətrafını, eyni zamanda qeyd etdiyim ərazi və əhalini özündə ehtiva etməsə, güneylilərin qura biləcəyi müstəqil dövlətin əhalisinin sayı və ərazilərinin həcmi xeyli miqdarda azalmış olar.

Güney Azərbaycan ərazisinin hüdudları və rəsmi şəkildə hər kəs tərəfindən tanınan siyasi sərhədləri təyin edilməlidir. Həm də elə təyin edilməlidir ki, bütün ərazi və əhalini öz əhatəsinə almış olsun. Pişəvərinin qurduğu Milli Hökumətin ərazisinə Qəzvin, Həmədan, Rəşt, Xorasan, Tehran, Kərəc, Ərak və Kürdistan daxil deyildi. Bu isə bugünkü reallıqları nəzərə aldıqda qəbuledilməzdir. Güneyli soydaşlarımızın istəyi odur ki, faktiki yaşadıqları bütün ərazilərdə öz müstəqil və milli dövlətlərini qura bilsinlər. Ona görə də, hər şeydən öncə, siyasi sərhədlərin düzgün təyin edilməsi və cəmiyyətə təqdim edilməsi vacibdir. Elə etməliyik ki, Güney Azərbaycan dedikdə hər kəsin təsəvvürü və gözü qarşısına tam aydın olan vahid bir xəritə gəlsin.

İraqın keçmiş lideri Səddam Hüseynin ölkədən qovduğu kürdlərin planlı şəkildə Qərbi Azərbaycan ərazilərində yerləşdirilməsi və Güney Azərbaycanla Türkiyə arasında kürd terror təşkilatlarının yaradılması güneyli milli-mədəni fəallarını narahat edən vacib məsələlərdəndir. Tarix göstərmişdir ki, xüsusilə də son yüz ildə xarici qüvvələrin dəstəyi və fars şovinizminin hərtərəfli yardımı ilə Kürd-Assuri və erməni birləşmələri dəfələrlə Azərbaycan ərazilərinə hücum etmiş, çoxsaylı soyqırımlar həyata keçirmişlər. Bu gün də eyni oyunlar davam etməkdədir. Fars-molla rejimi çalışır ki, Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini müxtəlif terror təşkilatları vasitəsilə korlasın. Həmin terror təşkilatlarına edilən maddi, siyasi, hərbi və informasiya dəstəkləri hər kəsə məlumdur. Bunun müqabilində isə bu günə qədər güneylilərə ciddi şəkildə dəstək verən hər hansı dövlət və ya qüvvə yox idi. O səbəbdən də qeyd etdiyim terror təşkilatları Güney Azərbaycanın qərb sərhədlərində kifayət qədər özlərinə yer edə bilmişlər. Urmu gölünün planlı şəkildə qurudulması, kürd və erməni terrorçuların Zəngəzur dəhlizi və Naxçıvanla sərhəd olan bölgələrə, o cümlədən Culfa, Salmas, Maku, Bazərgan, Ərdəbil, Biləsuvar və Qaradağa köçürülməsi həmin xain planın tərkib hissəsidir ki, bu gün də ciddi şəkildə həyata keçirilir. Bu isə Güneyin müstəqilliyi yolunda həlli vacib olan ən əhəmiyyətli problemlərdəndir.

Həqiqət budur ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etmədən öncə də, yəni sovetlər dönəmində də müəyyən qədər milli-mədəni haqlara sahib bir respublika idi. Dövlət bayrağına, dövlət idarəetmə orqanlarına, Ali Məclisə, anadilli təhsilə və kütləvi informasiya vasitələrinə sahib idi. Ən baxımlı filmlər məhz o dönəmdə çəkilmiş, ən gözəl əsərlər də o dönəmdə yazılmışdır. Belə olan təqdirdə də respublikanı müstəqil respublikaya çevirmək o qədər də müşkül görünmürdü. Neft yataqlarının da məhz Bakıda olması, müstəqilliyimizin inkişafı və möhkəmlənməsi üçün kifayət qədər yardımçı ola bildi. Eyni zamanda, siyasi sərhədlər də bəlli idi. Məlumdur ki, Şimalda əldə etdiyimiz müstəqilliyimizin yolunda xeyli şəhidlər və itkilər vermişik. Ancaq məsələ burasındadır ki, siyasi idarəetmənin qurulması o qədər də çətin olmadı. Güney Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Nə məktəblərdə ana dili tədris edilir, nə də hansısa milli-mədəni haqlarımız tanınır. Siyasi sərhədlərimiz məlum deyil və əldə edəcəyimiz müstəqilliyin qorunması üçün heç bir dövlət idarəetmə sistemi yoxdur. Eyni zamanda, İran ərazisində etnik azlıqlar arasında süni qarşıdurma yaratmaq cəhdləri də müşahidə edilir. Ola bilər ki, Tehran rejimi və məlum xarici dövlətlərin dəstəyi ilə Güney Azərbaycanın qərb ərazilərinə silahlı hücumlar həyata keçirilsin. Bu baş verərsə, vətəndaş müharibəsi qaçılmaz olacaqdır. Vətəndaş müharibəsi də baş verərsə, Güney Azərbaycan ərazisində soydaşlarımıza problem yaşada bilərlər. Görünən odur ki, bu plan var və hər gün bir az da çox o ağrılı günlərə yaxınlaşırıq. Belə olan təqdirdə, bütün bu etirazların və başladılan milli inqilabın sonu heç də ürəkaçan olmaya bilər. Sual oluna bilər ki, bəs çıxış yolu nədir?

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasını dünyada yaşayan hər bir azərbaycanlının vətəni olduğunu təkidlə qeyd edirdi. Ali Baş Komandan isə, xüsusilə də, ADA Universitetində İranda yaşayan soydaşlarımız haqqında dediyi sözlərlə bir daha sübut etdi ki, qurduğumuz müstəqil və müzəffər dövlət dünyada yaşayan hər bir azərbaycanlının, o cümlədən Güneydə yaşayan soydaşlarımızın dövlətidir. Hər beş ildən bir keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Qurultayı və qurultayda səslənən fikirlər də bu məsələnin təsdiqidir. Üstəlik güneyli soydaşlarımızın təbiri ilə desək, bir millətin vahid keçmişi vardırsa, vahid gələcəyi də olmalıdır. Dünya azərbaycanlıları artıq öz milli və müzəffər dövlətini qurmuşdur. Azərbaycan bayrağı güneyli-quzeyli hamının bayrağıdır. Mənə elə gəlir ki, Dəmirqapı Dərbənddən Kəngər körfəzinə qədər olan torpaqlarımızın taleyini məhz Azərbaycan dövləti müsbət bir şəkildə həll edə bilər. Müstəqil Azərbaycan dövləti min illər boyu qurduğumuz imperiyaların, dövlətlərin həqiqi varisidir. Güney Azərbaycan və güneyli soydaşlarımızla sıx əlaqədə olan və onları dərindən tanıyan bir ziyalı kimi deyə bilərəm ki, hər bir güneyli qeyd etdiyim kimi düşünür, onu arzu edir.

Bu gün Müzəffər Ali Baş Komandanımız dünya azərbaycanlılarının haqlarını müdafiə etməsi ilə bağlı yüksək tribunalarda uca səs və iradə ilə çıxış edir. Əminəm ki, gələcəkdə də nə və necə baş verməsindən asılı olmayaraq, güneyli soydaşlarımızın faktiki yaşadıqları tarixi torpaqlarımızda da təhlükəsizliyinin qorunması məsələsi də ciddi, sistemli və operativ şəkildə həyata keçiriləcək.

Sayman ARUZ,

Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri,

Güney Azərbaycan Komissiyasının sədri.