İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Taekvondoçularımız 2 rekorda imza atıblar

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya birinciliyi başa çatıb. Azərbaycan millisi 77 ölkədən 670-dən çox idmançının qatıldığı və 4 gün davam edən mundialı 1 qızıl və 3 bürünc medalla başa vurub.

49 kiloqram çəki dərəcəsində mübarizə aparan Bahadur Dostuyev bürünc medala layiq görülüb. Digər idmançımız Yunis Hüseynov (61 kq) da 3-cü yerdə qərarlaşıb.

Daha əvvəl keçirilən görüşlərdə isə Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna sahib olub, Fuad Məhərləmli (45 kq) 3-cü yeri tutub.

Bu nəticə Azərbaycan taekvondosu tarixində 2 rekordla əlamətdar olub. Mehdi Budaqlı yeniyetmələrin mübarizəsində ölkəmizə ilk qızıl mükafat qazandırıb.

 

Sərbəst güləş üzrə dünya çempionatı başa çatıb

Sərbəst güləş üzrə millimiz İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında tarixi uğura imza atıb.

Mundialda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 122 xalla komanda hesabında dünya üçüncüsü olub. Bu, U-17 dünya çempionatları tarixində sərbəst güləş üzrə yığmamız üçün yeni rekorddur. Millimizin üzvlərindən Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) qızıl, Bəşir Verdiyev (45 kq) gümüş, Elman Ağayevlə (51 kq) Ağanəzər Novruzov (71 kq) isə bürünc medal qazanıblar.

Millimiz bu yaş qrupunda medalların əyarına görə son 8 ilin, medalların sayına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıblar.

 

Basketbol üzrə yığma komandamız bürünc medal qazanıb

San-Marinoda gənc basketbolçular arasında təşkil olunan Avropa çempionatının C divizionunda mübarizə aparan Azərbaycanın U-18 komandası üçüncü olub.

Bürünc medal uğrunda görüşdə Lüksemburq seçməsi ilə qarşılaşan yığmamız 78:73 hesabı ilə qalib gəlib.

 

Cüdo komandamız Yay Olimpiya Festivalında uğurla çıxış edib

Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında qarışıq komanda yarışında Azərbaycan komandası uğurla çıxış edib.

Yığma komandamız yarımfinalda Fransa millisini 4:3 hesabı ilə məğlub edərək finala yüksəlib. Millimiz həlledici mərhələdə Ukrayna millisinə 4:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Komandamız fərdi yarışlarda 1 qızıl, 4 gümüş və 2 bürünc medal əldə edib. İdmançılarımız EYOF 2022-də ümumilikdə cüdo üzrə 2 qızıl, 4 gümüş və 2 bürünc medala sahib olublar.

Nərgiz İSMAYILOVA,

"Respublika".