Qəhrəmanlar unudulmur
Region

Qəhrəmanlar unudulmur

Elnur Gəgiş oğlu Talıbov  Vətən, torpaq uğrunda haqq savaşımızda qəhrəmanlıq göstərərək  şəhidlik  zirvəsinə ucaldı. Bu gənc İkinci Qarabağ müharibəsinə könüllü yollananda ömrünün 24-cü ilini yaşayırdı. 

Elnur  Talıbov qartallı qayaların qoynuna sığınan Lerik şəhərində dünyaya göz açmışdı. Sonradan valideynləri ilə  birgə  Lənkəran şəhərinə  köçürlər.  Vətən, torpaq sevgisi,  insana məhəbbət, böyüyə hörmət, onun həmdəmi olur.  Orta təhsilini başa vurub 2015-ci ildə ordu sıralarına gedir.  Nümunəvi  xidməti ilə fərqlənir, düşmənin başını əzməkdən  ötrü  hərbi bilik və bacarığını artırır. Aprel döyüşlərində böyük rəşadət göstərir, ən əsası strateji  mövqelərin  azad etməsində  sübut edir ki, Vətən sevgisini  zərurət anında xalq, dövlət yolunda  təmənnasız xidmətə çevirməyi bacaran igiddir. Həmin ilin iyul ayında Vətən qarşısında  borcunu ləyaqətlə, başa vurub, evinə qayıdır. Ailəsinə kömək etmək məqsədilə bir çox işlər görür.  Həm də çoxlarına  yaxşı günün sirdaşı,  dar günün qardaşı olur.   

 2020-ci il sentyabr ayının 27-də Vətən müharibəsi başlanan zaman Elnur  silaha sarılıb işğal edilən torpaqların  hər qarışının qisasını dığalardan  almaq üçün qartal kimi onların üstünə şığıyır. Azərbaycanın üçrəngli bayrağı 30 il əsarətdə olan Qarabağ torpaqları üzərində dalğalananda  düşməndən intiqam almaq alovu  get-gedə güclənir.   İgid əsgər oktyabr ayının 5-də Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə  təki “ Vətən yaşasın” - deyə  canını ona qurban verir. 

Şəhidin qardaşı onun haqqında deyir: "Qardaşım sonuncu dəfə sentyabrın 29-da danışdı.  Mənə "Qardaşım, evimizdən bayraq asın, atam-anam sənə əmanət. İnşallah oğlun olsa, ona mənim adımı qoyarsan" -vəsiyyətini etdi. Onunla müharibədə çiyin-çiyinə vuruşan  yoldaşlarının dediyinə görə, Elnur ağır  döyüşlərdə belə mərdliklə, igidliklə iştirak edib. Qarşısıalınmaz bir qəhrəman olub, düşmənə çoxlu sayda sarsıdıcı zərbələr endirib. Şəxsi igidliyi  əsgərləri də yalnız qələbəyə  aparıb. İndi  fəxr edirəm  belə bir qardaşım olub. Bütün el qardaşımla qurur duyur. Dövlətimiz də  Elnurun  döyüş meydanında  göstərdiyi  qəhrəmanlığına yüksək qiymət veribdir. Ölümündən sonra  “Vətən uğrunda”, Xocavəndin, Füzulinin azad olmasına görə  medallarına layiq görülüb.

Zəfər ORUCOĞLU.