DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

COZEF BAYDEN:UKRAYNADAKI MÜNAQİŞƏ BİTMƏKDƏN COX UZAQDIR

“Ukraynada münaqişə uzun müddət davam edə bilər”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Cozef Baydenin Ağ Ev tərəfindən yayımlanan çıxışında qeyd olunur.

“Bu mübarizə bitməkdən çox uzaqdır. Nəticə odur ki, müharibə uzun müddət davam edə bilər, lakin ABŞ Ukrayna xalqını və onun azadlıq uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək”, - deyə Bayden vurğulayıb.

Dövlət başçısı onu da bildirib ki, ABŞ-ın bir illik sanksiyaları Rusiyanın son 15 ildə əldə etdiyi tərəqqinin nəticələrini itirməsinə gətirib çıxaracaq.

Bununla yanaşı, Cozef Bayden Rusiya iqtisadiyyatına yeni sərmayələrin qoyulmasını, habelə bu ölkədə bəzi şəxslərə bir sıra xidmətlərin göstərilməsini qadağan edən fərman imzalayıb. Sənəd harada olursa olsun, ABŞ-dan olan hər hansı şəxs tərəfindən Rusiya Federasiyasına yeni investisiyaların qadağasını rəsmiləşdirir.

 

NATO UKRAYNAYA YENİ SİLAHLAR GÖNDƏRƏCƏK

NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. “Teleqraf.com”un verdiyi xəbərə əsasən, görüşdən sonra açıqlama verən Stoltenberq Ukraynaya silah yardımının ediləcəyini açıqlayıb.

“Ukrayna xalqının cəsarətinə və müqavimətinə heyranıq və onu dəstəkləyirik”, - deyən NATO baş katibi Ukraynaya təcili dəstək verməyə çağırıb.

Eyni zamanda, Yens Stoltenberq NATO-nun Ukraynaya təyyarə və tank əleyhinə sistemlər tədarük edəcəyinə də diqqət çəkib.

Dmitri Kuleba öz növbəsində daha çox silaha ehtiyaclarının olduğunu vurğulayıb: “Bir daha Buça istəmirsinizsə, silah göndərin. Bu dəfə silah sülhə xidmət edəcək”.

Bununla yanaşı, XİN başçısı Rusiyaya qarşı daha çox sanksiyanın tətbiq edilməli olduğunu bildirib.

 

İRAN BLOKLANMIŞ BƏZİ AKTİVLƏRİNƏ ÇIXIŞI BƏRPA EDİR

İran ABŞ-ın sanksiyaları səbəbindən bloklanan xarici hesablardakı bəzi aktivlərinə çıxışı bərpa edib. “Report”un verdiyi xəbərə görə, bu barədə “IRNA” agentliyi  məlumat yayıb.

“Hökumətin fəal diplomatiyası nəticəsində İranın müxtəlif ölkələrdə olan valyuta ehtiyatlarının bir hissəsini azad etməyə nail olub. Bu səylər davam edir”, - deyə məlumatda vurğulanır.

Bildirilir ki, “donu açılmış” aktivlərin məbləği Londonun 1974-cü ildə Beynəlxalq Hərbi Xidmətlər şirkəti ilə İran arasında bağlanmış müqaviləyə görə bu yaxınlarda Tehrana ödədiyi 470 milyon avrodan bir neçə dəfə çoxdur.

Xatırladaq ki, sözügedən şirkət İrana 1000-dən çox tank çatdırmalı idi, lakin 1979-cu ildə İranda baş verən İslam inqilabından sonra Böyük Britaniya müqavilənin şərtlərini yerinə yetirməkdən imtina edib.

 

BRİTANİYA HÖKUMƏTİ ENERJİ TƏHLÜKƏSİZLİYİ STRATEGİYASINI HAZIRLAYIB

Böyük Britaniya hökuməti ölkənin yanacaq və enerji daşıyıcılarının tədarükündən asılılığını azaltmaq üçün enerji təhlükəsizliyi strategiyası hazırlayıb. Bu barədə “APA” Böyük Britaniyanın Biznes, Enerji və Sənaye Departamentinə istinadən xəbər verib.

“Dünyada enerji daşıyıcılarına olan qiymətin artımından və beynəlxalq bazarlarda yer alan volatillikdən sonra baş nazirin planı Böyük Britaniyanın enerji təhlükəsizliyini gücləndirir”, - deyə məlumatda qeyd olunur.

Strategiya Böyük Britaniyanın yaxın perspektivdə yerli neft və qaz hasilatını dəstəkləyərkən külək, yeni nüvə, günəş və hidrogen texnologiyalarının mənimsənilməsini necə sürətləndirəcəyini müəyyən edir ki, bu da 2030-cu il üçün elektrik enerjisinin 95 faizinin aşağı karbonlu istehsalına gətirib çıxara bilər.

 

ƏRDOĞAN: TÜRKİYƏ HELİKOPTER İXRAC EDƏN ÖLKƏYƏ ÇEVRİLİB

Türkiyə hakimiyyəti ölkənin dünyanın ən böyük on iqtisadiyyatı sırasına daxil olmasına nail olmaq niyyətindədir. “Trend” agentliyinin məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının üzvləri ilə görüşü zamanı bəyan edib.

Dövlət başçısı Türkiyənin müdafiə sənayesindəki müvəffəqiyyətindən də danışıb. Ərdoğan qeyd edib ki, Türkiyənin müdafiə sənayesi məhsullarına beynəlxalq bazarlarda da tələbat var.

Ərdoğan xüsusilə Filippinə Türkiyə istehsalı olan “Atak” hücum helikopterlərinin ixrac ediləcəyini bildirib. Onun sözlərinə görə, artıq Türkiyənin nümayəndə heyəti hərbi helikopterləri təhvil vermək üçün Filippinə gedib.

“Təsəvvür edin, indi biz helikopter ixrac edən ölkəyə çevrilmişik”, - deyə Ərdoğan əlavə edib.

 

SERGEY NARIŞKİN: RUSİYA ÇOXQÜTBLÜ DÜNYA YARADIR

Bu gün Rusiya çoxqütblü dünya yaradır və bundan hamı, hətta indiki rəqiblərimiz də faydalanacaqlar. “APA”nın xəbərinə görə, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin “Nasionalnaya Oborona” jurnalında dərc olunan məqaləsində bildirib.

“Hazırda gözlərimiz önündə Avropa və dünya tarixində prinsipcə yeni mərhələ açılır. Onun mahiyyəti təkqütblü dünyanın və ən güclünün, yəni ki, ABŞ-ın hüququna əsaslanan beynəlxalq münasibətlər sisteminin dağılmasından ibarətdir”, - deyə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib.

Sergey Narışkinin sözlərinə görə, Vaşinqton Yuqoslaviya, Əfqanıstan, İraq, Liviya, Suriyada hegemonluğunu nümayiş etdirməyə çalışıb və Qərbin Ukraynanı öz təsir orbitinə çəkmək cəhdləri də buna hesablanıb. “Bu gün Rusiya bu sistemə açıq çağırış göndərir, o, heç vaxt mövcud olmayan və gələcəkdə hamının, hətta indiki rəqiblərimizin də faydalanacağı həqiqətən çoxqütblü dünya yaradır”, - deyə o vurğulayıb.

 

DÜNYA ÖLKƏLƏRİNİN DÖVLƏT BORCLARINDA TARİXİ REKORD OLA BİLƏR

2022-ci ildə dünyanın məcmu dövlət borclarının məbləği tarixin ən yüksək həddinə çata bilər. “Report” agentliyinin “CNBC” telekanalına istinadən verdiyi xəbər əsasən, bu barədə Böyük Britaniyanın “Janus Henderson” idarəçilik şirkətindən bildirilib.

Məlumata görə, həmin göstəricinin il ərzində 9,5 faiz artaraq 71,6 trilyon dollara çata biləcəyi güman edilir.

Bununla yanaşı, ölkələrin dövlət borclarına çəkdiyi məsrəflərin də il ərzində 14,5 faiz, yəni 1,16 trilyon dollar arta biləcəyi qeyd olunur.

Ötən il dünyanın məcmu dövlət borcu 7,8 faiz artaraq 65,4 trilyon dollara çatmaqla yanaşı, həmin borclarla bağlı məsrəflərin həcmi 1 trilyon dollar kimi tarixin ən aşağı həddinə enib.

 

YAPONİYA STRATEJİ NEFT EHTİYATLARININ BİR HİSSƏSİNİ SATIŞA ÇIXARACAQ

Yaponiya dünya neft bazarında qiymətlərin sabitləşdirilməsi məqsədilə öz strateji ehtiyatlarından 15 milyon barrel nefti satışa çıxaracaq. “Trend”in məlumatına görə, bunu ölkənin baş naziri Fumio Kisida bildirib.

Baş nazir qeyd edib ki, bu rəqəm, Yaponiyanın Beynəlxalq Enerji Agentliyilə əməkdaşlıq çərçivəsində strateji ehtiyatlardan buraxacağı ən böyük həcm olacaq.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi üzv ölkələri öz strateji ehtiyatlarından ümumilikdə 120 milyon barrel nefti satışa çıxarmaq barədə razılıq əldə edib. Bu həcmin yarısını, təxminən 60 milyon barreli ABŞ bazara çıxaracaq.

Agentliyin fəaliyyəti müddətində bu cür qərar dörd dəfə - 1991, 2005, 2011 və 2022-ci il martın 1-də qəbul edilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.