12 Avqust Beynəlxalq Gənclər Günüdür
Siyasət

12 Avqust Beynəlxalq Gənclər Günüdür

Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi daşıyır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Belə ki, 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı.1995-ci ildə ümummilli liderimizin Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1997-ci ildə fevralın 2-nin  Azərbaycan Gəncləri Günü elan edilməsi, eləcə də bu sahədə Dövlət Proqramının qəbulu, 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi. Bütün bunlar gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratmaqla yanaşı, dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldilməsi baxımından da olduqca əhəmiyyətli idi.

Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramını təsdiq etmişdir. 2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditlərinin verilməsi barədə Prezidentin imzaladığı Fərman Azərbaycan dövlətinin gənclərə qayğısının daha bir bariz nümunəsi idi. Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkə həyatındakı fəallığını xeyli artırmışdır.

Hazırda sıralarında 200 minədək gənci birləşdirən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi bu gün ABŞ, Kanada, Rusiya, Ukrayna, Türkiyə, Moldova, Almaniya, Bolqarıstan və İtaliyanın hakim partiyalarının gənclər qurumları ilə sıx əməkdaşlıq edir. Ölkəmizdə gənclər təşkilatların formalaşması və inkişafı üçün yüksək şərait və imkan yaradılmışdır.Azərbaycanda dövlət qeydiyyatından keçmiş 170-dən çox gənclər təşkilatı vardır, minlərlə gənc lider yetişmişdir.

Azərbaycan gəncləri həm də beynəlxalq gənclər hərəkatının tərkib hissəsidir. Onların xarici ölkələrdə təşkilatlanması uğurla gedir. Azərbaycan gəncliyi bu gün həm də Avropa Gənclər Forumu, Dünya Türk Gənclər Birliyi, GUAM ölkələri Gənclər Forumu, İslam Konfransı Gənclər Forumu, Avropa Tələbələr Forumu, Tələbələrin İqtisadiyyat və Menecment üzrə Beynəlxalq Assosiasiyası, ümumilikdə Avropanın və dünyanın 30-dan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur. Bu, böyük nailiyyətdir. Bütün bunlar Azərbaycan gənclərinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir.Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.

Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.

Təsadüfi deyil ki, beynəlxalq yarışlarda qazanılan idman nailiyyətlərimizin sayı ildən-ilə artır. Azərbaycanın “Rio-2016” XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq bu göstəriciyə görə, 14-cü yerdə qərarlaşması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bundan başqa, milli komandamızın ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı-2015” Birinci Avropa Oyunlarında ikinci, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutması, iki il əvvəl şahmatçılarımızın üçüncü dəfə Avropa çempionu olmaları, Teymur Rəcəbovun ötən il Dünya Kubokunun qalibi olması, yeniyetmə şahmatçımız Aydın Süleymanlının 14 yaşlılar arasında dünya çempionu adını qazanması və digər nailiyyətlər Azərbaycan gənclərinin son illərdə idman sahəsində qazandıqları uğurlardandır.

Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Prezidentin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası ulu öndər tərəfindən qoyulmuş gənclər siyasətinin davamlılığının daha bir əyani sübutudur.

Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı, post neft dövrünün başlanması Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ötən il təşkil olunan respublika toplantısında iştirakı, dövlətimizin başçısının gənclərin fəaliyyətinə yüksək diqqət verməsi, eləcə də Azərbaycan gəncliyinin qarşısında duran əsas hədəf və vəzifələri dəqiq müəyyənləşdirməsi, müxtəlif sahələrdə böyük uğurlar qazanan, fədakarlıq göstərən gəncləri təltif etməsi gənc nəslin bütün nümayəndələrini daha böyük nailiyyətlər əldə etməyə həvəsləndirməklə yanaşı, onlara əsl bayram sevinci yaşatdı.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Dövlətimizin başçısının “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması işi uğurla davam etdirilir.

Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

Bu yüksək diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə gücləri səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparır. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

Kamil İSMAYILOV,

“Respublika”.