Qərbin erməni təəssübkeşliyi
Siyasət

Qərbin erməni təəssübkeşliyi

Erməni diasporu Azərbaycana qarşı təzyiqləri artırmaq üçün Qərb platformalarından geniş istifadə edir. Siyasətçiləri, beynəlxalq təşkilat və blokların rəhbərlərini pulla ələ alır, ölkəmizə qarşı qərəzli fikirlər söyləməyə şirnikləndirirlər. Belə ki, erməni diasporu  Azərbaycanda keçirilən hər hansı bir beynəlxalq tədbir, ya da Ermənistanın baş nazirinin Qərblə görüşü ərəfəsində daha da aktivləşir.

AŞPA və Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi lazımsız kağız parçalarına bənzəyən qətnamələri ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi ərəfədə Fransa və erməni diasporunun "əməyinin" məhsuludur. İndi isə erməni diasporu aprelin 5-də keçiriləcək ABŞ, Aİ və Ermənistan arasındakı üçtərəfli məntiqsiz bir görüş ərəfəsində NATO-nun keçmiş Baş katibi Andres Foq Rasmussendən istifadə etməyə başlayıb. Belə ki, erməni lobbisinin yaratdığı və Andres Foq Rasmussenin rəhbərlik etdiyi "Ermənistanın Dostları Şəbəkəsi" adlı qrup tərəfindən hazırlanmış 2024-cü il 21 mart tarixli "Avropa İttifaqı-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan" adlı hesabatda Azərbaycana qarşı məntiqsiz və qərəzli açıqlamalar verir. Hesabatda Ermənistanın Avropa ilə münasibətlərinin dərinləşdirilməsi görüntüsü yaratmaqla Azərbaycana qarşı təbliğat aparılır. Təbii ki, bu da 5 apreldə Brüsseldə keçiriləcək görüşdə Ermənistanın məzlum kimi göstərilməsi, Azərbaycana qarşı çirkin niyyətlərin həyata keçirilməsinə hesablanmışdır.  Bəzi məlumatlara görə, Ermənistan hökuməti və diasporu bu hesabatın hazırlanmasına yüz minlərlə ABŞ dollarından keçmişdir. Andres Foq Rasmussen pul qazanmaqla yanaşı, həm də özünün lobbi şirkəti olan "Rasmussen Qlobal"ı tanıtmağa çalışır. Rasmussenin özünün şəxsi məqsədləri üçün NATO-nun adından istifadə etməsi isə yolverilməzdir. Bu baxımdan, bu gün fəaliyyətdə olan NATO-nun Baş katibi Rasmussendən özfəaliyyətini dayandırmasını tələb etməlidir.

Onu da qeyd etmək istəyirəm ki, Qərbdə bir erməni, xristian təəssübkeşliyi var və onlar xristianla müsəlman arasında bir seçim etməli olduqda beynəlxalq hüquq normaları və ədalət heçə enir. Ona görə də ərazilərimizdə suverenliyimiz təmin ediləndən sonra Qərb Ermənistana açıq şəkildə dəstək verməyə başlamışdır. ABŞ və Avropa İttifaqı sözdə sülh və əməkdaşlıqdan danışsa da, hərəkətləri Ermənistanla danışıqlarda əldə olunmuş nəticələrə zərbə vurur. Ermənistanın təhlükəsizliyinə zəmanət, Avropa İttifaqına üzvlüyünə namizəd statusunun verilməsi, düşmən ölkənin silahlandırılması, onun ərazisində hərbi bazanın yaradılması və s. məsələləri müzakirə edirlər. ABŞ və Aİ-nin bu hərəkətləri Ermənistanı sülhə yox, yenidən müharibəyə hazırlamaq və Cənubi Qafqazı yeni gərginlik məkanına çevirmək məqsədi daşıyır. Bu yolda erməni diasporunun maliyyəsi ilə  Rasmussenlər daha çox fəallıq göstərirlər.                   

Azər BADAMOV,

millət vəkili.