Fransız təbliğat maşını:
Siyasət

Fransız təbliğat maşını: "Le Figaro"nun təhrif olunmuş məlumatları

Yelisey sarayı daim gündəmi məşğul etməyi, xaos yaratmağı bacarır. Dünyanın bir çox yerində gizli əli olan Paris demək olar ki, bu ərazilərin hamısında məkrli maraqlarını reallaşdırmaq üçün çalışır.

Fransa prezidenti Emmanuel Makron öz yalan təbliğatı üçün daim media dəstəyi də alır. Qərəzli yanaşmaları ilə məşhur olan fransız "Le Figaro" nəşri növbəti anti-Azərbaycan məqaləsi ilə gündəmə gəlib.

Belə ki, nəşrdə "Dağlıq Qarabağın yox olması, reallaşdırıla bilinməyən fransız vədinin xronikası" adlı məqalə dərc olunub. Məqalədə Makron hakimiyyətinin yürütdüyü siyasətin uğursuzluğu, fəsadları tənqid atəşinə tutulsa da, Fransa hökumətinin ölkəmizə qarşı siyasətinə təktərəfli baxılır.

"Le Figaro" qəzetinin şüarı "Sans la liberte de blamer, il n'est point d'eloge flatteur" ("tənqid etmək azadlığı olmadan heç bir tərif olmaz") cümləsi olsa da, yazılarda fərqli məzmun görürük.  Nəşr Fransanın özündə, həm də ölkə hüdudlarından kənarda Yelisey sarayının tezisləri ilə işləyən qəzet kimi tanınır. Burada ölkəmizlə bağlı növbəti qərəzli məqalənin işıq üzü görməsi də E.Makron hakimiyyətinin apardığı siyasətin nəticəsidir.

Məqalədə qeyd olunur ki, E.Makron ermənilərin taleyinə biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. Buna misal kimi isə ötən illərdə Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfransın ABŞ-ın etirazı səbəbindən baş tutmaması göstərilir. Bunları yazmaqla isə Parisin məğlubiyyətini kölgələməyə çalışırlar. Ölkəmizə qarşı qurulan məkrli planlarını reallaşdıra bilməyən Yelisey sarayı günahı başqa ölkələrin üzərinə atır. E.Makron bu gün Ukrayna ssenarisində də eyni taktikanı işlədir. O, Avropanın qorxaq olmadığını vurğulayır, ABŞ-ın etiraz edəcəyi formada çıxışlar edir. Bunun səbəbi isə özünü "ədalət savaşçı"sı kimi göstərmək istəməsidir. Potensial məğlubiyyət ehtimalında isə günahı "qorxaq" adlandırdığı ölkələrin üzərinə ataraq aradan çıxacaq. E.Makronun yazdığı nağılları təbliğatla reallaşdırmağa çalışan media ordusu da fəaliyyətdədir. Bunlardan biri də məhz "Le Figaro" nəşridir.

Məqalədə Azərbaycanın beynəlxalq qanunlarla təsbit edilmiş ərazilərində apardığı antiterror tədbirləri "ildırımsürətli istila" adlandırılıb. Əgər hansısa bir yerdə aparılan əməliyyat "istila" adlandırılacaqsa, o yer başqa bir ölkəyə məxsus olmalıdır. Ölkəmiz isə öz sərhədləri daxilində tədbirlər həyata keçirib. Daha sonra isə qeyd olunur ki: "120 000 mülki şəxs qədim dövrdən yaşadığı və 5-ci əsrdə xristianlaşdırılmış bu dağlıq ərazini, öz torpağını tərk edib". Birincisi, Azərbaycan burada yaşayan erməniəsilli şəxslərin reinteqrasiyası üçün uyğun şəraəti yaradıb. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsi (BMT BM) Ermənistanın müraciəti ilə bağlı keçirilən iclasında Azərbaycanın Qarabağın erməni əhalisinin hüquq və azadlıqlarını təmin etməli olması ilə bağlı qərar çıxarıb. Lakin Azərbaycan bütün bu öhdəlikləri və hətta daha çoxunu BMT BM-in qərarları olmadan da üzərinə götürüb. Onlar özləri də müsahibələrində xoşluqla getdiklərini bildiriblər. Lakin Fransa mediası hələ də bu şəxslərin dərdini çəkir. İkincisi, onların sayı 120000 deyil, dəfələrlə azdır. Üstəlik, bunların çoxunu hərbçilər təşkil edir. Rəqəmlər süni şəkildə şişirdilib. Digər bir məqam isə qədim dövr adlandırılaraq öz təbliğatlarını böyütməyə çalışmalarıdır. Qeyd edək ki, bütün dövrlərdə Qarabağın müsəlman əhalisi üstünlük təşkil edib.

Daha sonra məqalədə qeyd edilir ki, Qarabağın yaşayış məntəqələrinə qarşı Azərbaycan ordusu hücum həyata  keçirib. 24 saat ərzində 200-dən çox erməni öldürülüb və 400-ü yaralanıb. Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükədir. Tədbirlər çərçivəsində Ermənistan silahlı birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Yəni mülki əhali və infrastruktur obyektləri hədəfə alınmayıb, yalnız legitim hərbi hədəflər məhv edilib.

Yekun olaraq qeyd edək ki, "Le Figaro" kimi nəşrlər tərəfindən davam etdirilən qərəzli ritorika təkcə hadisələrin reallığını təhrif etmir, həm də Emmanuel Makron kimi siyasi fiqurların öz maraqlarına xidmət edən gündəmlərini inkişaf etdirmək üçün bir vasitə rolunu oynayır. Bu cür nəşrlər ardıcıl olaraq Yelisey sarayının maraqları ilə uzlaşır, təbliğat xarakterli hekayələrin xeyrinə obyektivliyi qurban verir. Son məqalədə Azərbaycanın Qarabağdakı fəaliyyətinə qeyri-obyektiv yanaşma nəinki ərazidəki vəziyyəti, həm də ölkəmizin  beynəlxalq qanunlarla tanınan öz sərhədləri daxilində bütün əhalinin hüquq və azadlıqlarını təmin etmək səylərini təhrif edir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".