Sosial-iqtisadi inkişaf dövlət siyasətinin əsas prioritetlərindəndir
İqtisadiyyat

Sosial-iqtisadi inkişaf dövlət siyasətinin əsas prioritetlərindəndir

Azərbaycanın qloballaşan dünyada tutduğu inkişaf və tərəqqi yolu onun beynəlxalq müstəvidəki mövqeyinə ciddi təsir göstərir.

Cənubi Qafqazda böyük nüfuz sahibinə çevrilən müstəqil dövlətimizin qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə, hər bir vətəndaşın mənafeyinə xidmət edən sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş islahatlar nəticəsində əldə olunmuş sosial-iqtisadi inkişaf cəmiyyətin bütün təbəqələrinə nüfuz etmişdir.

Bu yol xəritəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşdirilmiş, regionların sosial-iqtisadi inkişafı xüsusi diqqət mərkəzində saxlanmış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirilmişdir. "Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir", - deyən dövlət başçısının müəyyən etdiyi uğurlu strategiya nəticəsində ölkəmiz dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir.

XXI əsrdə ölkə iqtisadiyyatını gücləndirən mühüm amillərdən biri regionların dinamik inkişafıdır. Bu çərçivədə investisiyaların qeyri-neft sektoruna, xüsusən də bölgələrin inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdən hesab olunur. Bununla yanaşı, bölgələrdə sözügedən sahədəki fəaliyyətin bütün mərhələlərində soydaşlarımızın sosial təminatının gücləndirilməsinə, infrastruktur obyektlərin yaradılması ilə bağlı işlərin aparılmasına xüsusi diqqət ayrılır. Xüsusilə, biznes mühitinin formalaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişafı sahəsində görülən tədbirlər nəticəsində regionlarda iqtisadi fəallıq artmışdır. Belə şərait isə özəl sahədə yeni iş yerlərinin açılmasını şərtləndirir. Bu çərçivədə qəbul edilən Dövlət proqramları inkişafın ana xəttini formalaşdırır. Aparılan abadlıq-quruculuq işləri, infrastrukturların yenilənməsi, bölgələrdə əhəmiyyətli dəyişikliklərin reallaşdırılması bu qəbildəndir.

Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları 2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illəri əhatə etmişdir. Qeyd etmək lazımdır ki, bu proses ölkəmizin hərtərəfli tərəqqisini təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişməsində mühüm rol oynayır. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması kimi iqtisadi səmərəliliyin artırılması regionların inkişafı üçün olduqca zəruridir. Bütün bunlara paralel olaraq, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafı təmin edilib.

2003-cü ildə Prezident İlham Əliyev vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafı dövlətin əsas hədəflərindən biri kimi müəyyənləşdirilmiş və bu çərçivədə çoxşaxəli Dövlət Proqramı layihəsi işlənilib hazırlanmışdı. Bu tədbirlər zəncirinin ilki 2004-cü il fevralın 11-də təsdiqlənmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" bölgələri dirçəldən mühüm ilkin konsepsiya kimi əbədi tarixdə qalacaqdır. Qeyd etmək lazımdır ki, 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramında qarşıya qoyulan məsələlər tez bir zamanda öz həllini tapmışdır. Dövlət Proqramı "Azərbaycanın iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməsi və iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi" strategiyasının həyata keçirilməsində çox mühüm mərhələdir. Proqramın əsas məqsədi rayonlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, xüsusilə gənclərin faydalı əməklə məşğulluq səviyyəsinin, artırılması və ölkə iqtisadiyyatının dinamik inkişafı olmuşdur. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiqlənmiş, qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilmiş, istehsal və emal potensialı gücləndirilmişdi.

2019-2023-cü illəri əhatə edən Dövlət Proqramının icrası da uğurla başa çatmışdır. Xüsusilə, işğaldan azad edilən ərazilərimizdə yeni infrastrukturun yaradılması, bərpa və quruculuq işlərinin görülməsi bu Dövlət Proqramını da yaddaqalan etmişdir. Sözsüz ki, Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, yeni infrastrukturun qurulmasına, eləcə də regionlarda abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə əsaslı dayaq olmuşdur. "Ağıllı" kənd və şəhərlərin tikilməsinə, əzəli torpaqlarımızda keçmiş məcburi köçkünlər üçün bütün lazımi şəraitin yaradılmasına nail olunmuşdur.

Nəzrin ELDARQIZI,

"Respublika".