İxrac Neft və Qaz Boru kəmərlərinin təhlükəsizliyi günün tələbidir
İqtisadiyyat

İxrac Neft və Qaz Boru kəmərlərinin təhlükəsizliyi günün tələbidir

Ölkənin iqtisadiyyatında mühüm rol oynayan İxrac Neft və Qaz Boru kəmərlərinin müəyyən hissəsi Hacıqabul rayonu ərazisindən keçir. Kəmərin təhlükəsizliyi təkcə bu sahəyə məsul olan qurumlar tərəfindən deyil, həm də əhali tərəfindən diqqətdə saxlanılır.

Bu günlərdə Hacıqabul Rayon İcra Hakimiyyətində yaradılmış "İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə" Komissiyasının 2023-cü il ərzində fəaliyyəti, gördüyü işlər, qarşıda duran məsələlər barədə hesabat yığıncağı keçirildi.

Tədbiri giriş sözü ilə açan Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov bildirdi ki, ötən il ərzində ixrac neft və qaz boru kəmərlərinin rayon ərazisindən keçən hissəsinin etibarlı mühafizəsi ilə əlaqədar hər hansı bir xoşagəlməz hadisə baş verməmişdir. Bunu ixrac neft və qaz boru kəmərlərinin marşrutu boyunca yerləşən yaşayış məntəqələrində əhali ilə müvafiq Komissiya üzvlərinin mütəmadi maarifləndirici görüşlərinin müsbət nəticəsi kimi qiymətləndirmək olar.

Daha sonra "İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi"nin Hacıqabul regional şöbəsinin qrup komandiri mayor Anar Dəmirov çıxış edərək Komissiyanın gördüyü işlər barədə məlumat verdi. Hər hansı fövqəladə hallarda bütün təhlükəsizlik məsələlərinin məhz Komissiya tərəfindən koordinasiya olunduğu qeyd edildi.

Çıxış edənlər Komissiyanın 2023-cü il ərzində gördüyü işlərin qənaətbəxş hesab olunmasını təklif edib, işə fayda verə biləcək bir sıra təşəbbüsləri nəzərə çatdırdılar.

Tofiq HÜSEYN,

"Respublika".