Azərbaycan MDB-nin bir çox ölkələri üçün mühüm tranzit-nəqliyyat tərəfdaşıdır
İqtisadiyyat

Azərbaycan MDB-nin bir çox ölkələri üçün mühüm tranzit-nəqliyyat tərəfdaşıdır

Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Müasir çağırışlar və yeni reallıqlar fonunda Prezident İlham Əliyevin Bişkekə səfəri Azərbaycanla tərəfdaşlıq əlaqələrinin genişlənməsinə marağın təsdiqi olaraq mühüm əhəmiyyət daşıyır. Bu səfər, eyni zamanda qarşılıqlı etimada əsaslanan ikitərəfli əlaqələr ölkəmizə, Prezident İlham Əliyevə xüsusi ehtiram və hörməti ifadə edir. Bunlar bir daha belə deməyə əsas verir ki, Azərbaycanın yeri, mövqeyi yüksək səviyyədə təqdir olunur.

Qeyd edək ki, siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr ölkəmizin iştirakı, milli maraqların nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdən biri də məhz dövlətlərarası münasibətləri daha da inkişaf etdirməkdir.

MDB-nin bir çox üzv ölkələrinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından istifadə etdiyini bildirən dövlət başçımız demişdir: "Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək".

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. MDB 8 dekabr 1991-ci il tarixində Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş" əsasında təsis edilmişdir. Azərbaycanın MDB-yə daxil olması parlamentin prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi barədə qərarından sonra baş vermişdir. Azərbaycanın 21 dekabr 1991-ci il tarixli MDB-yə qoşulmaq haqqında qərarı 1993-cü ilin sentyabrında ratifikasiya edilmiş və ölkəmiz MDB-nin tamhüquqlu üzvü olmuşdur. Heydər Əliyev 10 oktyabr 1993-cü il tarixdə andiçmə mərasimində çıxış edərkən MDB-nin əhəmiyyətindən bəhs etmişdir: "Biz əminik ki, Azərbaycanın MDB-yə daxil olması respublikanın iqtisadiyyatının inkişaf etməsi üçün yaxşı şərait yaradacaq və biz bu imkanlardan səmərəli istifadə etməliyik".

 Bu gün Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Bu əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur.

"Ölkələrimizin yerləşdiyi regionlarda, əlbəttə, xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışların öhdəsindən uğurla gəlir". Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən bildirib.

Azərbaycan MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır. MDB ilə bağlı gözləntilərin tam reallaşmamasına baxmayaraq, yenə də Azərbaycan MDB çərçivəsində fəallığını davam etdirməyi məqsədəuyğun hesab edir. Azərbaycanın bu quruma daxil olması Ermənistanın müəyyən planlarının qarşısını almaq baxımından əhəmiyyətli olmuşdur. Çünki Azərbaycanın razılığı olmadan MDB heç bir ciddi sənəd qəbul edə bilməmişdir. Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistanla mövcud münaqişəyə görə veto qoya bilmişdir. Xüsusilə, təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan vermişdir. Aktual olan məsələlərdən biri kimi nəqliyyat-tranzit imkanlarının genişləndirilməsini vurğulamaq lazımdır. O cümlədən "Bir kəmər, bir yol" beynəlxalq layihəsi coğrafi olaraq MDB ölkələri ilə sıx əlaqəlidir. Çindən başlayıb Avropaya gedən yol üzərində bir neçə MDB ölkəsi var. Çinin irəli sürdüyü layihədə MDB-yə üzv dövlətlərin müstəqil iştirak etdiyi məlumdur. Lakin onlar həm də MDB-nin üzvləri olduqlarından, təşkilat üzvü kimi də müəyyən fəaliyyətləri koordinasiya etməli və hüquqi aspektdə tənzimləməlidirlər.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya və Azərbaycan prezidentləri Ermənistanın baş naziri tərəfindən üçtərəfli Bəyanatı imzalandı. Bu Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu. Hərbi əməliyyatların dayandırılmasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xüsusi rolunu bir daha qeyd etmək lazımdır. Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşündə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olundu. Regionlararası məsələlərinə toxunularaq, Azərbaycanın Rusiyanın 70 regionu ilə uğurlu əməkdaşlığı qeyd edildi, bu xüsusda mütəmadi əsasda keçirilən regionlararası forumun vacib platforma olduğu bildirildi. Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafından, onun potensialının genişləndirilməsindən və bütövlükdə həm dəmir yolu, həm də avtomobil yolları vasitəsilə yükdaşımaların həcminin bu marşrut boyunca artmasından razılıq bildirildi.

Mustafa KAMAL,

"Respublika".