Paşinyan iqtidarına təhdidlər artır
Siyasət

Paşinyan iqtidarına təhdidlər artır

Son günlər İrəvanın ən yüksək dairələrində anklav olmayan kəndlərin Azərbaycana qaytarılması mövzusu aktuallaşıb. Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan deputatlarla keçirdiyi qapalı görüşdə Qazax rayonunun 90-cı illərin əvvəllərində ermənilər tərəfindən işğal olunan 4 kəndinin əsl sahibinə geri verilməsi zərurətindən bəhs edib.

Martın 27-də isə Ermənistan Parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bu mövzuya toxunaraq bildirib ki, hazırda ölkə daxilindəki müxtəlif qütblər hökuməti rəsmi Bakıya torpaq verdiyi üçün qınayır. Amma bu, real deyil. Sərhəddə yaşayan sakinlər hər qarış torpağın kimə məxsus olduğunu çox gözəl bilirlər. O kəndlərə yaxın ərazidə yaşayanlara, eləcə də Robert Köçəryan və Serjik Sarkisyana da aydındır ki, sözügedən bölgə Azərbaycanın olub: "Bu yeni bir bilgi deyil. Biz o vaxt Gürcüstana gedəndə həmin əraziyə baxıb deyirdik ki, bura Azərbaycandır". Bu açıqlamadan sonra Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib ki, iki ölkənin müvafiq komissiyaları delimitasiya və demarkasiya prosesi üzərində işləyir. Onun sözlərinə görə, danışıqlarda dinamika var və görüşlər keçirilir. Hadisələrin gedişi göstərir ki, Ermənistan hakimiyyəti sözügedən 4 kəndin - Qazax rayonunun inzibati ərazisində yerləşən və anklav olmayan Bağanis-Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimlinin Azərbaycana təhvil verilməsində öz mövqeyini qətiləşdirib. Əlbəttə, bu, səbəbsiz deyil. İlk növbədə, Paşinyan Administrasiyası bilir ki, həmin ərazilərin onlara aid olduğunu iddia etmək asan olmayacaq. Nəzərə alsaq ki, Azərbaycanın işğalda qalan kəndləri boşdur, onda ordumuza qarşı "mülki əhali" manipulyasiyası da mümkün deyil. Üstəlik, bu addım rəsmi Bakını daha da qəzəbləndirə və legitim hüququndan istifadəyə məcbur edə bilər. Digər tərəfdən, Ermənistan dörd kəndin qaytarılmasından sonra Tovuz istiqamətində delimitasiya prosesini başlatmaq və qoşunların "güzgü prinsipi" əsasında geri çəkilməsi məsələsində praktiki irəliləyişə nail olmaq istəyir.

Amma hazırda Paşinyan hökumətinin maraqları ölkədəki digər siyasi qütblərin istəyinə uyğun deyil. Simonyan da açıqlamasında müxalifətin gərginlik yaratmağa çalışdığını vurğulayıb. Amma prosesə zidd bəyanatlarla çıxış edənlər təkcə müxalif şəxslər deyil. Artıq ölkənin hərbi rəhbərliyi də prosesə qoşulub. Ermənistan mətbuatında tirajlanan xəbərlərə görə, ölkənin Baş Qərargah rəisi Edvard Asryan 4 kəndlə bağlı tezislərə etiraz edib və Paşinyanın ordunu razı salmaq kimi bir problemi yaranıb. Ermənistan cəmiyyəti irqçi düşüncədən və şovinist əhvali-ruhiyyədən azad olmadığına görə məsələnin revanşist meydana daşınması da gözlənilən idi. Bunun nəticəsində son günlər Ermənistanda "VOMA", "Yerkrapa", "Sasna-Tser" və başqa hərbi-könüllü qruplaşmalar aktivləşiblər. Parlamentdəki müxalifətin də dəstəklədiyi bu dəstələr bölgəyə "döyüşçülərini" göndərməkdən və Azərbaycana qarşı hərbi əməliyyatlara hazırlıq prosesinə başladıqlarından danışırlar. "Döyüş qardaşlığı" adlı qruplaşma isə bu məsələdə xüsusilə fərqlənir. Onlar Ermənistanın nəzarətində olan Qazaxın Yuxarı Əskipara və digər kəndlərinə girəcəyini, ərazinin Azərbaycana geri qaytarılmasına imkan verməyəcəklərini bəyan ediblər. Hətta silahlı dəstənin qurucu üzvlərindən olan Qrant Ter-Abrahamyan son müsahibəsində deyib ki, onlar bir ildən artıqdır ki, Bağanis-Ayrım və Yuxarı Əskipara kəndlərində hazırlıq işlərinə başlayıblar.

Radikalların aktivləşməsi hökumət üçün ciddi risk təşkil etdiyindən erməni rəsmilər açıqlamalarında bildiriblər ki, ölkənin öz ərazisinin heç bir hissəsi müzakirə predmeti deyil. 4 kəndin qaytarılmasına zəmin yaratmaq üçün də Azərbaycanın hücuma keçəcəyi ssenarisini yenidən gündəmə gətiriblər. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Bakı ilə delimitasiya və demarkasiya məsələlərini müzakirəsindən imtina edəcəyi təqdirdə ötən həftənin sonunadək müharibənin başlaya biləcəyi anonsunu vermişdi. Bu müddətdə eskalyasiya qeydə alınmadı. Amma Simonyan da açıqlamasında eyni məqamı qabardıb. Ermənistan Parlamentinin spikeri deyib ki, Ermənistan bu kəndləri verməsə, Azərbaycan hücuma keçə bilər. Hətta o, ritorik sual da verib ki, qarşı tərəf "niyə də hücum etməsin?".

Azərbaycan müxtəlif səviyyəli rəsmiləri vasitəsilə dəfələrlə bəyan edib ki, hazırda müharibə və ya hər hansı hücum ehtimalı gündəmdə deyil. Rəsmi Bakı sülhün tərəfdarı kimi çıxış edir və hazırda yekun razılığın əldə olunması üçün münbit zəmin formalaşıb. Bunun fonunda Ermənistan rəhbərliyi də siyasi-ictimai manipulyasiyalardan əl çəkməli, işğalı dayandırmalı və Azərbaycan kəndlərini geri qaytarmalıdır. Hazırkı mənzərədən aydın olur ki, İrəvanda bəzi qüvvələr bu prosesə qarşıdır. Amma bu, Ermənistanın daxili məsələsidir. Ölkədə xaos, qiyam və qeyri-sabit günlərin başlaması istisna edilmir. Lakin bütün bunlar 4 Azərbaycan kəndinin geri qaytarılmasını təxirə sala bilməyəcək.

Jalə QASIMZADƏ,

"Respublika".