Köklü sosial islahatlar vətəndaş məmnunluğuna yönəlib
Siyasət

Köklü sosial islahatlar vətəndaş məmnunluğuna yönəlib

"Ancaq biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirmişdir.

İstər İkinci Qarabağ müharibəsi zamanı, istərsə də postmüharibə dövründə heç bir ölkədən maddi yardım istəməyən dövlətimiz öz gücü, potensialı hesabına ölkəmizin inkişafına, tərəqqisinə hədəflənmiş məqsədyönlü siyasət yürüdür. Prezident İlham Əliyevin bütün sahələrdə uğurla həyata keçirdiyi daxili siyasət kursunda ölkə vətəndaşlarının sosial müdafiəsi, onların rifah halının yüksəldilməsi xüsusi yer tutur. Belə ki, Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində böyük maliyyə vəsaiti tələb edən irihəcmli layihələrin reallaşdırılması ilə yanaşı, ölkə başçısının sosialyönümlü siyasəti uğurla icra olunur. Dinamik surətdə inkişaf edən, iqtisadiyyatı gündən-günə güclənən ölkəmizdə aparılan genişmiqyaslı islahatlar, köklü dəyişikliklər sosial müdafiə, sosial təminat, məşğulluq, əmək münasibətləri, tibbi-sosial reabilitasiya, bir sözlə, bütün sosial sferanı əhatə edərək ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət edir. Postmüharibə dövründə beynəlxalq müstəvidə əldə olunan uğurlar ölkəmizin tərəqqisinə, inkişafına, xalqımızın yüksək səviyyəli həyat şəraitinin təmin olunmasına geniş imkanlar yaradır.

Bu gün qloballaşan dünyada böhranlı vəziyyətin hökm sürməsi insanların sosial qayğılarının artmasına səbəb olmuşdur. COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına vurduğu ziyanın aradan qaldırılması, kəskin qiymət artımının sosial layihələr, sosial proqramlar hesabına yüngülləşdirilməsi üçün dövlətimiz tərəfindən düşünülmüş tədbirlər həyata keçirilir. İqtisadi sahə ilə sosial sahənin də paralel olaraq inkişaf etdirilməsi ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına hədəflənmişdir.

2022-ci ildə ölkəmizdə əhalinin maddi rifah halının gücləndirilməsi üçün irihəcmli sosial paketlərin tətbiq olunması dünyada ciddi problemə çevrilən inflyasiyanın təsirinin azaldılması, aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində atılmış mühüm addımlardan oldu. Bu il də ölkə başçısının göstərişi ilə əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması, rifahının yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində islahatların həyata keçirilməsinə başlanılıb. Belə ki, respublika ərazisində minimum əməkhaqqının 15 faiz artırılaraq 345 manata, minimum pensiyaların isə 16,7 faiz artırılaraq 280 manata çatdırılması inflyasiyanın yumşaldılması məqsədilə həyata keçirilmiş vacib tədbirlərdəndir. Dövlət tərəfindən 60 minə yaxın ailəyə ünvanlı sosial yardımın verilməsi də sosial siyasətin uğurlu nümunəsidir. Bununla yanaşı, bu il müavinət və təqaüd artımı şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olanlar, Əfqanıstanda sovet qoşunları tərkibində beynəlmiləl borcu yerinə yetirərkən həlak olanların ailələri, yaşa görə, ailə başçısını itirməyə görə müavinət alanlar, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslər, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları, Prezidentin fərdi təqaüdünü alan şəxslər və s. olmaqla 660 min nəfəri əhatə edir.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezident təqaüdü 2,5-2,7 dəfə, şəhid ailələri üçün isə 2,5 dəfə artırılmışdır. 2023-cü ildə sosial islahatlar çərçivəsində birdəfəlik müavinətlərdə də artım müşahidə olunur. Belə ki, 2018-ci ildə uşağın anadan olması üçün verilən birdəfəlik müavinət 109 manat təşkil edirdisə, cari ildə bu rəqəm 500 manat olacaq ki, bu da 4,6 dəfə artım deməkdir. Dəfn üçün birdəfəlik müavinətlər isə 3,4 dəfə artaraq 500 manata çatdırılmışdır. Beşdən çox uşağı olan qadınlara verilən müavinətlər 3,2 dəfə, aztəminatlı ailələrdə bir yaşadək uşaqlar üçün nəzərdə tutulan müavinət 82 faiz artırılmışdır.

Doktorant və tələbələrin təqaüdləri də artırılaraq elmlər doktoru hazırlığı üzrə doktorantlara 400 manat, fəlsəfə doktoru hazırlığı üzrə isə 240 manat təqaüd nəzərdə tutulmuşdur. Ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manat müəyyən edilmişdir. Cari ildə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları orta hesabla 15 faiz qaldırılmışdır. Bu il üçün nəzərdə tutulan yeni sosial islahahatlar paketi ilə 2018-ci ildən indiyədək  "Xalq" fəxri adına görə təqaüd artımı 33,3 faiz, "Əməkdar" fəxri adına görə isə 50 faiz təşkil edəcək. Eyni zamanda pensiyaçı elmlər doktoru və pensiyaçı fəlsəfə doktorlarına verilən təqaüdlər də 2,5 dəfə artırılmışdır.

İkinci Qarabağ müharibəsindən sonra müharibə əlillərinin, qazilərin sağlamlıq məsələləri, reabilitasiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq müəyyənləşdirilmişdir. Vətən müharibəsində əlil olmuş şəxslərin reabilitasiyası sahəsində sistemli və kompleks tədbirlər çərçivəsində 379 hərbçi ən müasir protezlərlə təmin edilmiş, şəhidlərin ailə üzvlərinə, sağlamlığını itirən müharibə əlillərinə, eyni zamanda müharibə iştirakçılarına dövlət dəstəyi günbəgün genişləndirilmişdir. Ötən il aprel ayının 12-də Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışı zamanı reabilitasiya məsələlərinə toxunaraq bildirmişdir ki, müharibədə yaralanmış 8 min əsgərimizə nazirlik tərəfindən 23 min reabilitasiya xidməti göstərilmiş, o cümlədən əzalarını itirən 190 qazimiz bu günədək dördüncü nəsil 200 elektron protezlə təchiz edilmişdir. Bununla yanaşı, müharibədə yaralanmış 3 minədək əsgərə 16 min reabilitasiya vasitəsi təqdim olunmuşdur.

Vətən müharibəsindən iki ildən artıq bir müddət keçməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək proqramları davamlı şəkildə icra olunur. Bu proqramlar çərçivəsində şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı xüsusi yer tutur. Belə ki, 2021-ci ildə isə şəhid ailələri və müharibə əlillərinə ümumilikdə üç minədək, 2022-ci ildə isə 1500 ailəyə mənzil verilmişdir ki, bu il də bu kateqoriyadan olan ən azı 1500 ailəyə mənzillərin verilməsi nəzərdə tutulmuşdur.

Əhalinin həssas qruplarının məşğulluq sahəsi də dövlətin daim diqqət mərkəzində saxlanılır. Ötən il 11 min şəhid ailəsi üzvü və müharibə əlilləri ilə bağlı məşğulluq tədbirləri görülmüş, bu kateqoriyadan olan insanların yarıdan çox hissəsi özünüməşğulluq proqramlarına cəlb edilmiş və kiçik ailə təsərrüfatları yaratmaları üçün onlara geniş imkanlar verilmişdir. Respublikamızda fəaliyyət göstərən özəl sektorların, sahibkarların münasib işlə təminetmə proqramına qoşulması nəticəsində isə iki mindən artıq şəhid ailəsi üzvü və müharibə əlili işlə təmin olunmuşdur.

Bu gün inkişaf tempinə görə dünyanın qabaqcıl ölkələri ilə bir sırada dayanan müstəqil dövlətimizdə mütərəqqi sosial siyasət yürüdülür. Ölkə başçısı İlham Əliyevin 2023-cü il üçün imzaladığı yeni sosial islahatlar paketi bunun bariz nümunəsidir. Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması istiqamətində görülən genişmiqyaslı işlər bir sıra kateqoriyaları, əsasən də əhalinin həssas qruplarını əhatə edir. Həyata keçirilən köklü sosial islahatlar vətəndaş rifahı və məmnunluğuna yönələn böyük uğurlara yol açır.

Mehparə ƏLİYEVA,

"Respublika".