Yardımlının dağ kəndində təzə məktəb
Elm və təhsil

Yardımlının dağ kəndində təzə məktəb

Yardımlı rayonunda məktəb tikintisinə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Təkcə son illər Şəfəqli ərazisində yerləşən 3 məktəbdən ikisi yenidən tikilib, biri isə əsaslı təmir olunub.

Bu günlərdə Şəfəqli inzibati ərazi dairəsinə daxil olan Cerinbel kəndində 80 şagird yerlik məktəb binası inşa edilib. Tədris ocağının açılışı münasibətilə keçirilən mərasimdə Yardımlı Rayon İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəsmiləri, təhsil işçiləri, şəhid ailələrinin üzvləri, qazilər, kənd sakinləri iştirak edir.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov mərasimdə çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, təhsil sahəsində qazanılan uğurlardan danışıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Rəhim Rəhimov regionda təhsilin inkişafı sahəsində görülən işlərdən, ucqar dağ rayonu Yardımlıda çalışan təhsil işçilərinin fədakar əməyindən, əldə olunmuş nailiyyətlərdən söhbət açıb.

Şəhid Sarvan Məmmədovun qardaşı Fikrət Məmmədov, kənd sakinlərindən Aqil Qurbanov, Qeysxan Babayev, müəllimlərdən Camal Məmmədov öz çıxışlarında göstərilən yüksək qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Əlisəfa Həsənov,

“Respublika”.